Dost və qardaş Azərbaycan xalqının böyük oğlu‚ Azərbaycan xalqının böyük öndəri Heydər Əliyev nəinki Qafqazda‚ bütün dünyada fenomen şəxsiyyət‚ dahi lider‚ şəxsiyyətinə yüksək hörmət bəslənilən rəhbər olub. O‚ hər zaman özünün yüksək dünya görüşü‚ parlaq siyasəti ilə dünya liderləri arasında seçilmiş və dünya siyasətində özünəməxsus yer tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycandakı nümayəndəliyinin Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı açıqlamasında yer alıb.
Bildirilib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan daxilində baş verən ağır siyasi böhranlar ölkəni sürətlə fəlakətə aparmaqda idi. Həmin vaxt Azərbaycan qardaş qırğınlarının astanasında‚ bölünüb parçalanmaq təhlükəsinin bir addımlığında qalmışdı. Ölkədə bir çox zəmində separatçılıq meyilləri baş qaldırmışdı‚ daxildə bir çox qüvvələr Azərbaycanı bölüb parçalamaq niyyətində idilər. Belə bir vaxtda Azərbaycan xalqının təkidləri ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev xalqının köməyinə yetişdi və düşmənlərlə siyasət meydanında mübarizə apararaq ölkəni parçalanmaqdan xilas etdi. Beləliklə, 1993-cü il iyunun 15-də parlamentə sədr‚ oktyabrın 3-də isə ölkəyə Prezident seçilən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dağılmaqdan və işğal altına düşməkdən qurtardı.
Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə respublikanın çiçəklənmə dövrü başladı. Onun rəhbərlik etdiyi dövr Azərbaycanın xilası və intibahı dövrüdür. Hakimiyyətə gəlişi ilə müasir‚ müstəqil‚ güclü Azərbaycan dövlətini quran Heydər Əliyev onu bütün dünyaya tanıtdırdı. Ulu Öndər Azərbaycana azadlıq və inkişaf gətirdi, dövlət demokratik və hüquqi dəyərlər üzərində quruldu. Beləliklə, Heydər Əliyevin ərsəyə gətirdiyi müasir və müstəqil Azərbaycan dövləti bu gün nəinki Qafqazda‚ hətta bütün dünyada nümunəvi ölkə kimi çıxış edir.
Qeyd edilib ki, Ümummilli Liderin uzaqgörən və parlaq siyasəti Azərbaycanın daxilində yaşayan bütün xalqları qardaşlaşdırdı. Onun dövründən başlayaraq Azərbaycandakı bütün xalqlar bir-birinə daha da doğmalaşdı və bu günümüzə qədər ölkədə bütün xalqlar və müxtəlif inanclı insanlar bir-birinə qardaş kimi yanaşırlar. Burada heç zaman ayrı-seçkilik olmayıb. Heydər Əliyev təkcə Azərbaycan xalqına yox‚ burada yaşayan digər millətlərə də əmin-amanlıq bəxş edib.
“Hakimiyyətə gəlişindən qısa müddət sonra - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"ni imzalayan Heydər Əliyev Azərbaycanın siyasi çəkisini bütün dünyaya qəbul etdirdi. Onun zəngin dühası və uzaqgörən siyasəti nəticəsində dünya dövlətləri Azərbaycanla hesablaşmağa başladılar. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan inkişaf və tərəqqiyə doğru addımladı. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, regionun ən güclü ölkəsi olması məhz dahi şəxsiyyət Heydər Əliyevin zəngin dühasının məhsulu, onun siyasi ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Bütün yəhudi xalqı hər zaman Heydər Əliyevi özünün ən yaxın dostu hesab edir. Azərbaycanda yaşayan, Azərbaycandan xaricə və İsrailə köçən bütün yəhudilər Heydər Əliyevi hər zaman sonsuz məhəbbətlə anırlar”, - deyə açıqlamada qeyd olunub.