Azərbaycan diasporundan Qarabağdakı etiraz aksiyasına dəstək

A- A A+

Xaricdə yaşayan soydaşlarımız bəyanat yayaraq, Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media mənsublarının Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyasını dəstəklədiklərini bəyan ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda deyilir: “Biz, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə keçirilən aksiyaya öz dəstəyimizi ifadə edirik.

Ətraf mühitin qorunması milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz – xaricdə yaşayan azərbaycanlılar, ana vətənimiz Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatıq.

Beynəlxalq səviyyədə ciddi narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən – Azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik. Qeyd edilən ərazilərdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən qanunsuz fəaliyyətə şəraitin yaradılmasını və sistemli ekoloji terrorun qarşısının alına bilməməsini sülhməramlıların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisi hesab edirik.

Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq tələb edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji fəalların təhlükəsizliyi təmin olunmaqla “Qızılbulaq” qızıl yatağına, “Dəmirli” mis-molibden yatağına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılsın.

Tələblərimiz yerinə yetirilənə qədər xaricdə yaşayan azərbaycanlılar da soydaşlarımızla həmrəylik nümayiş etdirərək mütəmadi dəstək aksiyaları keçirəcəklər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: