Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq üç gündür ki, davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, dekabrın 12-si səhər saatlarından başlayan aksiya gecə boyu davam edib.
Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.
Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarları səsləndirir, Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.