Macar nəşri Buxarestdə yaşıl enerji tədarükü haqqında saziş imzalanmasını işıqlandırıb

A- A A+

Macarıstanın ən iri ingilisdilli portalı olan “Daily News Hungary” Buxarestdə dörd ölkənin dövlət və hökumət başçıları tərəfindən “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanması xəbərini öz saytında işıqlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda Macarıstanın Baş naziri Viktor Orbanın sözlərinə istinad edilir. Orban bildirib ki, onun ölkəsi və tərəfdaşları unikal bir layihə - Gürcüstan və Rumıniya ərazisindən keçməklə Azərbaycandan Macarıstana elektrik enerjisi ötürülməsi üçün dünyada ən uzun sualtı kabel çəkilişi ilə bağlı tikinti barədə öhdəliklər götürüb. Sazişin imzalanması mərasimində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iştirak edib.

Orban deyib ki, bu dörd dövlət yeni enerji mənbələrinin aşkar edilməsi və istifadə olunması yolu ilə öz ölkələrinin enerji və iqtisadi təhlükəsizliyini təmin edəcək. O daha sonra bildirib ki, Xəzər regionundakı enerji mənbələri ağlabatan məsafədə yerləşir, dekabrın 17-də elan edilmiş kabel layihəsi isə həmin mənbələrin istismarı üçün innovasiyalı həll olacaq.

Əsasən külək və günəş enerjisi hesabına yaranan elektrik enerjisinin Azərbaycandan tədarük ediləcəyi yeni kabelin uzunluğu 1195 kilometr olacaq. Bu kabel Rumıniya və Gürcüstanı birləşdirən optik internet kabellə müşayiət olunacaq.

Orban Avropa İttifaqının Azərbaycana diqqəti artırmasını qeyd edərək bildirib ki, Prezident İlham Əliyevlə əməkdaşlıq üçün ona həmişə bel bağlamaq olar. “Daily News Hungary” nəşri Macarıstanın Baş nazirinin bu sözlərini sitat gətirir: “Mən on illik təcrübəmə əsasən deyə bilərəm ki, Aİ həmişə Azərbaycana etibarlı tərəfdaş kimi güvənə bilər”.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, yeni kabelin ümumi gücü 3 giqavatta, uzunluğu isə dünya rekorduna bərabər olacaq. O qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırması 2,5 milyon avroya başa gələcək. Bir İtaliya şirkəti tərəfindən görülən bu işin dəyərini Dünya Bankı ödəyəcək. Gözlənildiyinə görə, müvafiq araşdırma gələn ilin sonuna qədər tamamlanacaq, tikinti işlərinə isə “nəzəri baxımdan” daha 3-4 il vaxt tələb ediləcək. P.Siyarto Avropa Komissiyasının bu layihəni ümumi maraq doğuran investisiya hesab etməsini və onun reallaşması üçün 2,3 milyard avro ayırmasını alqışlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: