Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin mayı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

***

2 may. Azərbaycan Prezidenti Heydər Əliyev Nazirlər Kabinetinin geniş iclasını keçirdi.

5 may. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 50 illiyinə həsr olunmuş tədbirdə çıxış etdi.

6-9 may. Faşizm üzərində Qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Londonda, Parisdə və Moskvada səfərdə oldu.

10 may. Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

12 may. Qarabağ münaqişəsində əsir və girov götürülənlərin dəyişdirilməsi ilə əlaqədar müşavirə keçirdi.

14 may. “Gülüstan” sarayında görkəmli yazıçısı Maqsud İbrahimbəyovun 60 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söylədi.

16 may. Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş müşavirədə çıxış etdi.

19 may. Respublikada iqtisadi problemlərin həlli ilə bağlı müşavirə keçirdi.

20 may. Zəvvarların Həcc ziyarətindən qayıtması münasibətilə keçirilən mərasimdə çıxış etdi.

21 may. Dərbənddə yaşayan azərbaycanlıların bir qrupunu qəbul etdi.

Görkəmli rəssam Tahir Salahovla görüşdü.

23 may. 2-ci Beynəlxalq “Xəzərneftqaz-95” sərgi konfransının açılışında nitq söylədi.

24 may. Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə özəlləşdirmə proqramının layihəsi müzakirə edilərək Milli Məslisə təqdim olundu.

26 may. MDB Ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minsk şəhərində səfərdə oldu.

27 may. Binə hava limanında beynəlxalq səviyyəli ilk uçuş-enmə zolağının açılışında iştirak etdi.

28 may. Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda nitq söylədi.

***

Heydər Əliyev dövlət müstəqilliyini xalqımızın milli sərvəti, ən böyük tarixi nailiyyətimiz adlandırırdı. Ulu Öndərin prezident kimi fəaliyyətinin ana xəttini müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun bu mövzudakı bütün çıxışlarında belə bir inam ifadə olunurdu ki, xalqımız müstəqil Azərbaycanı yaşadacaq və daim irəli aparacaq. Mayın 14-də görkəmli Azərbaycan yazıçısı və kinodramaturqu Maqsud İbrahimbəyovun 60 illik yubiley tədbirindəki çıxışı da bu baxımdan səciyyəvidir.

Sitat: “İndi biz müstəqil bir dövlətik. Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir. Əminəm ki, biz müstəqil Azərbaycan dövlətini yaşadacağıq, irəliyə aparacağıq. Bizim indiyə qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda indiyə qədər yaranmış olan qüdrət, cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən-nəsillərə verəcəkdir. Ona görə də biz Azərbaycan dilinin inkişafına xüsusi fikir veririk. O vaxtlar da xüsusi fikir verilirdi. Əgər elə olmasaydı, Azərbaycan dilində belə zəngin ədəbiyyatımız yaranmazdı”.

Ulu Öndər Heydər Əliyev 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqində müstəqillik yolunun çətinliklərindən danışdı, tariximizə hörmət və ehtiramla yanaşmağın vacibliyini vurğuladı. Eyni zamanda, qarşıda dövlətçiliyi möhkəmləndirmək, demokratik dövlət qurmaq, insan hüquqlarını qorumaq, asudə yaşayışı təmin etmək kimi təxirəsalınmaz vəzifələr durduğunu diqqətə çatdırdı. Ümummilli Lider hesab edirdi ki, bu yol islahatlardan keçir və 1995-ci il bu baxımdan həlledici il olacaq.

Sovet dövründəki dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi din sahəsindəki pərakəndəlik bu sahədə həssas və məqsədyönlü siyasət həyata keçirilməsi zərurəti yaradırdı. Ulu Öndərin müəyyənləşdirdiyi siyasət nəticəsində ölkədə etiqad azadlığı üçün şərait yaradılır, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilirdi. Eyni zamanda, dövlət-din münasibətlərinin nizamlanması istiqamətində real addımlar atılırdı.

Həcc ziyarətindən qayıdan zəvvarlarla mayın 20-də keçirilən görüşdə nitq söyləyən Heydər Əliyev Azərbaycandakı bütün müsəlmanlara müraciət edərək onları əxlaqi normalara, adət-ənənələrə riayət və hörmət etməyə çağıraraq dedi. “Güman edirəm ki, biz ilbəil öz mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qayıdaraq, hər yerdə milli, dini ənənələrimizi bərqərar edərək ölkəmizdə, cəmiyyətimizdə buna nail ola biləcəyik. Əminəm ki, din xadimləri də, möminlər də, o cümlədən Həcc ziyarəti edən şəxslər də bu məsələlərdə fəal iştirakçı olacaq, xalqımızın mənəvi cəhətdən saflaşmasına, yüksəlməsinə, mətinləşməsinə öz səylərini göstərəcəklər”.

Ulu Öndər əmin olduğunu bildirdi ki, din xadimlərimiz Azərbaycanın müstəqilliyinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına, hüquqi dövlət qurulmasına, ölkəmizdə vətəndaş həmrəyliyinin, milli həmrəyliyin və birliyin bərqərar olunmasına xidmət edəcəklər, din xadimlərimiz cəmiyyətimizi mənfi hallardan təmizləmək üçün bizim mübarizəmizin ön sıralarında gedəcək, bizimlə birlikdə olacaqlar.

Heydər Əliyevin dövlət-din münasibətləri ilə bağlı apardığı siyasətin nəticəsidir ki, Azərbaycan bu sahədə də bütün dünyada nümunə göstərilir. Ölkəmizdə tolerantlıq mühiti qorunub saxlanılır, bütün dinlərə mənsub insanlar bir ailənin üzvləri kimi yaşayırlar.

***

Heydər Əliyevin 1995-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqindən

• Azərbaycanın dövlət müstəqilliyi dövrü ağır, çətin bir dövrdür. Bunun səbəbləri məlumdur: bir tərəfdən Azərbaycana qarşı Ermənistanın yeddi il davam edən təcavüzü, ikinci tərəfdən ölkədə gedən ictimai-siyasi proseslər, iqtisadiyyatda, sosial həyatda, dövlət quruculuğunda zəruri olan dəyişikliklər. Bütün bunlar keçmiş Sovetlər İttifaqına daxil olmuş, indi müstəqil dövlət kimi yaşayan respublikaların hamısında çətin bir böhran dövrü yaratmışdır. Biz bu dövrü yaşayırıq, bu dövrü keçirik və keçməliyik. Əgər bu dövrü keçməsək, istədiyimizə nail ola, müstəqil dövlət kimi daim yaşaya bilməyəcəyik.

• Biz XX əsrin son illərini yaşayırıq. Əsrin əvvəlinə nəzər salsaq, o vaxtdan başlayan proseslər, milli azadlığa, müstəqilliyə yönəldilmiş proseslər ancaq və ancaq XX əsrin sonunda müəyyən qədər məqsədə yetmək səviyyəsinə gəlib çatmışdır. Görürsünüz, bunlar asan deyil, ağır, çətin proseslərdir. Ona görə də tariximizə hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycanda müstəqil dövlətçilik əldə olunana qədər keçilən tarixi yol şərəfli, böyük yoldur. Şübhəsiz, bu yolun qara səhifələri, repressiya dövrü, insan azadlıqlarının məhdudlaşdırılması, bu azadlıqların insanların əlindən alınması, adamların böyük əzab-əziyyətlərə salınması dövrü də var. Bunlar da unudula bilməz. Biz bunları da yadda saxlamalıyıq ki, həyatımızda bir də təkrar olunmasın.

• O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək.

• Dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirmək üçün qarşımızda bir çox başqa mühüm vəzifələr də durur. Bunlarla da məşğul oluruq. Ümumiyyətlə götürsək, bu vəzifələr dövlətçiliyi möhkəmləndirmək üçün islahatlar keçirməkdən, iqtisadi, siyasi-ictimai sahələrdə islahatlar aparmaqdan, respublikamızda həqiqi demokratik dövlət qurmaqdan, cəmiyyətimizi tam demokratik bir cəmiyyətə çevirməkdən, insan hüquqlarının qorunmasını, adamların azad-asudə yaşamasını təmin etməkdən ibarətdir. Bu sahədə böyük işlər görülür və belə hesab edirəm ki, 1995-ci il bu vəzifələrin həyata keçirilməsi sahəsində çox həlledici il olacaqdır. Bunların çoxu bu il həll ediləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: