NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etməsi barədə məlumat yayıb.
Yapon və ingilis dilində yayılan məlumatlarda bildirilir ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib.
Qeyd edilib ki, həmin ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq Ermənistan hökuməti bu genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb. Azərbaycan tərəfi, həmçinin Ermənistan rəsmilərinin “yandırılmış torpaq” siyasətində fəal iştirak etməsinin də şahidi olub.
Ermənistan hökuməti Laçın yolunda sistemli şəkildə insan hüquqları pozuntuları törədib. Yenicə aşkarlanmış dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməkdə davam edir. Buna Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir.
Vurğulanır ki, Ermənistan hökumətinin hərəkətləri azərbaycanlıların şəxsi və ailə həyatı, hərəkət azadlığı, mülk və əmlakdan dinc istifadə hüququnun pozulmasıdır.
Bildirilir ki, Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir.