Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş Ruben Vardanyan bu gün Xankəndidə qondarma “operativ qərargah”ın iclasını keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, R.Vardanyan separatçıların çətin duruma düşdüyünü etiraf edib.
Onun sözlərinə görə, Laçın yolunun bağlı qalması separatçıların iqtisadi vəziyyətini pisləşdirib, əlavə problemlər yaranmağa başlayıb. Vardanyan qeyd edib ki, bir sıra müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb ki, bu da həm maliyyə, həm də sosial-iqtisadi baxımdan əlavə gərginliyə səbəb olur.
Vardanyan separatçıların nümayəndələrinə vəziyyəti təhlil etmək və onun nəticələrinin mümkün yumşaldılması üçün təkliflər təqdim etməyi tapşırıb. O, qənaət rejimini davam etdirməyin vacibliyini vurğulayıb.
Separatçılar bu gün və sabah Rusiyada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən sonra Laçın yolunun açılacağına ümid edirlər.