Xankəndinə aparan həmrəylik yolu Laçından keçir

A- A A+

İkinci Qarabağ müharibəsindən qalib çıxan xalqımız həmrəyliyimizin ən bariz nümunəsini məhz 44 gün ərəfəsində və sonrakı proseslərdə əyani şəkildə göstərdi. Xalq-iqtidar birliyi, öz liderinə və ordusuna güvənən, Dəmir Yumruq ətrafında sıx birləşən Azərbaycan xalqı birliyini, Vətənə sevgisini və sədaqətini bir daha sübut etdi. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə, ölkə daxilində və xaricində Azərbaycan üçün haqlı mücadiləmiz üçün mübarizə aparırdılar. Qarabağı tarix kitablarından, kədərli qaçqınlıq xatirələrindən, yaşlı nəsildən eşidərək tanıyan gənc nəsil bir yumruq kimi vahid amal ətrafında sıx birləşərək ölkə prezidentinin çağırışına, onun xalqa ilhamverici müraciətlərinə səs verərək daha da inamla irəliləyir və öhdələrinə düşən vəzifələri layiqincə icra edirdilər.

Bu proses bu gün də davam edir. Döyüş meydanında qalib olan xalqımızın mübarizəsi hələ bitməyib. Ali Baş Komandanımızın düzgün, düşünülmüş, uzaqgörən siyasəti, rəşadətli mübarizəsi bu gün bizi daha da ruhlandırır və birliyə, həmrəyliyə, Azərbaycanın daha parlaq gələcəyinə inamla baxmağa səsləyir. 30 ilə yaxın torpaqları işğal altında saxlanılan, repressiyalara, soyqırımlara, faciələrə məruz qalmış xalq olaraq öz gücümüzlə, siyasi və hərbi iradəmizlə qazandığımız qələbəmizə hələ də kölgə salmağa çalışan maraqlı qüvvələr var. Xüsusilə də beynəlxalq təşkilatların kürsülərindən səsləndirilən reallığı əks etdirməyən, təhrif olunmuş, düşmənlərimizin dəyirmanına su tökmək məqsədi daşıyan, qərəzli anti-Azərbaycan şüarları təbii ki, Azərbaycanı qorxutmur. Əksinə, bizim mübarizə əzmimizi daha da coşdurur.

Artıq 15 gündən çoxdur ki, hər sahədə həmrəyliyini ifadə edən azərbaycanlı QHT nümayəndələri, ictimai fəallar və könüllülərdən ibarət vətəndaş qruplarımız siyasi sahədə olduğu kimi ictimai, ekoloji sahələrdə də milli sərvətimizə və təbiətimizə sahib çıxaraq Şuşa ərazisindən keçən Laçın yolunda etiraz aksiyası keçirirlər. Tamamilə dinc xarakter daşıyan aksiyada Azərbaycanın Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı çıxan etirazçılar “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji terrora son!”, “Ekoloji terrora yox!” kimi vətənpərvərlik ruhunda şüarlar səsləndirir və sivil şəkildə müraciətlər ünvanlayırlar. Müraciətlərin ünvanı isə məramlarının “sülh” olduğunu iddia edən Rusiya sülhməramlı kontingentinin komandanlığıdır. Çünki məhz onlar Azərbaycan tərəfinin öz ərazisində yerləşən-Qarabağdakı faydalı qazıntı yataqlarında monitorinq aparmalarına müxtəlif süni maneələr yaradırlar.

Günbəgün sayları artmaqda olan ekofəallar, tələbələr, vətəndaş cəmiyyəti və QHT nümayəndələri havanın temperaturuna, beynəlxalq siyasi ab-havaya və təzyiqlərə məhəl qoymadan Şuşa ərazisindəki yolun bir hissəsində məqsədlərinə çatanadək aksiyaya davam etməkdə qərarlıdırlar. Qadın və ya kişi demədən əzmini, vətənpərvərliyini, iradəsini göstərən, silahlı “sülhməramlılar”la burun-buruna dayanan əliyalın cəsurlarımız bir daha sübut edir ki, “Aslanın erkəyi, dişisi olmur!”

Məsələni siyasiləşdirməyə çalışan Ermənistanın hay-küyü, BMT kimi beynəlxalq təşkilatların, bir sıra ermənipərəst ölkələrin Azərbaycana qarşı dəqiqləşdirmədən irəli sürdükləri ittihamları yersizdir. İddia edirlər ki, azərbaycanlı fəalların “guya Laçın dəhlizini bağlaması” Qarabağda məskunlaşan ermənilərin Ermənistanla əlaqəsini kəsir və bu da beynəlxalq aləmi narahat edir. Halbuki, aksiya iştirakçıları tərəfindən istər humanitar yardım daşıyan, istərsə də sülhməramlılara aid nəqliyyat vasitələrinin keçidinə heç bir çətinlik törədilmir. Əksinə, aksiya iştirakçıları Qarabağda yaşayan erməni əhaliyə lazımi humanitar köməklik göstərməyi belə təklif ediblər. Hətta, aksiyanın ilk günlərində erməni əhalini də bu ekoloji terrora yox demək üçün etirazlara qoşulmağa dəvət ediblər. Qarabağın “yurdları” olduğunu iddia edən ermənilər isə nəinki bu dinc və haqlı aksiyaya dəstək vermir, əksinə məsələni siyasiləşdirərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar irəli sürürlər.

Uzun illərdir Ermənistanın Azərbaycan torpaqlarını zorakı sahiblənməsi və işğalı nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında dünyaya göz açan bir azərbaycanlı kimi soruşmaq istəyirəm:

-Bütün “humanist” damarlarını qabardan beynəlxalq ictimaiyyət, azərbaycanlıların məruz qaldığı soyqırımları, xalqımızın başına gətirilən faciə və müsibətləri saya almadan ermənilər üçün “canfəşanlıq” edənlər niyə nə o zaman, nə də indi Naxçıvanın blokada şəraitində yaşamağında havadarı olduqları Ermənistanı günahlandırmır?  

Üçtərəfli bəyanatın Azərbaycan tərəfindən pozulduğunu iddia edənlər məhz o bəyanatda Naxçıvanla Azərbaycanın digər torpaqlarını birləşdirən Zəngəzur dəhlizinin də orada yer alan maddələrdən biri olduğunu ya bilmirlər, ya da görməzdən gəlirlər! Axı beynəlxalq ədalət prinsipi hamı üçün olmalıdır! Dəqiqləşdirilməmiş, müəyyən qüvvələrin maraqlarına xidmət edən bəyanat və çağırışlar, siyasi ayrıseçkilik beynəlxalq hüququn təməl prinsipləri olmamalıdır!

Lakin bizə təzyiq göstərməyə çalışan qüvvələr bilsinlər ki, nəinki Azərbaycan Respublikası sərhədləri daxilində yaşayan, həmçinin bütün dünya azərbaycanlıları hər zaman həmrəydir! Hər bir azərbaycanlı liderimiz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək daha güclü, bütöv və qüdrətli Azərbaycan naminə istənilən müstəvidə mübarizə aparmağa daim hazırdır!

Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik edir və vahid amal, bütöv, qüdrətli Azərbaycan uğrunda haqlı mübarizəmizdə əzm, möhkəm iradə və uğur arzu edirəm!

Allah şəhidlərimizə rəhmət eləsin!

Səngərdə və müxtəlif müstəvilərdə mübarizə aparan oğul və qızlarımıza eşq olsun!

Yaşasın Azərbaycan!

Aidə Cəlilzadə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

YAP Naxçıvan MR Təşkilatı Gənclər Birliyinin üzvü

Naxçıvan Dövlət Universitetinin baş müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: