Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Mərasimdə çıxış edənlər gənc əsgərləri ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bundan sonrakı xidmətlərində uğurlar arzulayıblar.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov rəşadətli ordumuzun bütün bölmələrində döyüş hazırlığının artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, bölmələrdə plana uyğun olaraq təşkil olunan bütün təlim, məşğələ və dərslər yüksək səviyyədə keçirilir, şəxsi heyətin döyüş qabiliyyəti və bacarığı daim artırılır. Hərbi xidmətə çağırılan gənclər də ixtisaslarına uyğun nəzəri dərslərdə və praktiki atış çalışmalarında iştirak edərək bacarıqlı, yüksək döyüş qabiliyyətli əsgərlər kimi formalaşırlar.
Qeyd olunub ki, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə sədaqət, dövlətinə, millətinə bağlılıq ruhunda tərbiyə olunan gənclərimiz də hərbi xidmət keçməyin vacibliyini dərk edir, hərbi hissəyə gəldikləri ilk gündən nizam-intizamlı olmağa, tədris olunan hərbi biliklərə dərindən yiyələnməyə səy göstərirlər.
Çıxışların ardından oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan əsgərlərimiz tərəfindən müxtəlif hərbi ixtisaslar üzrə qazanılan bilik və bacarıqlar nümayiş etdirilib.
Tribuna önündən təntənəli keçidlə mərasim başa çatıb.
Kənan Cəlilov