Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası artıq 21 gündür davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə edilir. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan milləti, qoruyacaq sərvəti!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.