Avropa İttifaqının nüfuzlu “EUtoday” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi barədə informasiya dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi bu haqda TASS agentliyinə istinadla xəbər verir. Materialda qeyd olunur ki, Bakı ABŞ-ı və Rusiyanı Ermənistanla danışıqlar üçün mümkün məkanlar hesab edir, lakin bu halda Fransa da istisna olunmur. Hərçənd, Fransa faktiki olaraq özünü danışıqların formatından təcrid etmişdir.
Nəşr Prezident İlham Əliyevin bu sözlərini sitat gətirir: “Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük”. Bununla bərabər, Prezident qeyd edib ki, Avropa da danışıqların aparılacağı məkanı ola bilər, “amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”.
Prezident İlham Əliyev Avropa İttifaqının Bakı ilə razılaşdırılmadan Ermənistanın Azərbaycan ilə sərhədinə növbəti mülki missiya göndərilməsini “çox xoşagəlməz bir hal” adlandırıb. O deyib: “Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək”.
Aİ nəşri Azərbaycan dövlətinin rəhbərinin bu sözlərini sitat gətirir: “İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksəkvəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan”.