Ermənistanın guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyini səsləndirməsi əsassızdır

A- A A+

Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. Bir daha xatırladırıq ki, üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə Azərbaycanın 8 kəndini və onlarla kvadratkilometr ərazisini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində yer alıb.

Bildirilib ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: