Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “AlPress” xəbər portalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən bəhs edən yazı dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tanınmış jurnalist və adıçəkilən xəbər portalının baş direktoru Roberto Trobaxonun müəllifi olduğu məqalədə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, habelə 20 Yanvar faciəsindən bəhs edilir.
Yazıda ilk öncə alman yazarı Bertolt Brechtin dahilər haqqında dediyi sözlərdən sitat gətirilir və bütün ömrünü xalqa və dövlətinə xidmət göstərməyə həsr etmiş Ulu Öndərin həmin dahi və nəhəng şəxsiyyətlərdən olduğu qeyd olunur.
Daha sonra Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı ilin yanvarın 20-də paytaxt Bakı sakinlərinin üzərinə qoşun göndərilərək çoxlu sayda mülki azərbaycanlının qətlə yetirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğu vurğulanır.
Müəllif qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalmış və SSRİ-nin süqutu ilə müstəqillik əldə etmiş Azərbaycan Respublikası üçün ağır sınaq dövründə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı çağırışı ilə hakimiyyətə qayıtdığını və bu qayıdışla ölkədə sabitliyin təmin olunması, həmrəyliyin möhkəmləndirilməsi, inkişaf üçün ilkin şərtlərin təmin olunması istiqamətində çox təsirli addımların atıldığını, onun inqilabi ideyalarının hətta Avropada da öz təsirini göstərdiyini qeyd edir.
Yazıda həmçinin məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil, mədəniyyət, iqtisadiyyat sahələrinin inkişaf etməyə başladığı, Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev sayəsində bu gün Azərbaycanın zəfər yolunda irəlilədiyi, ölkəmizin 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına səmərəli sədrliyi dövründə dünyaya töhfə vermək üçün mühüm işlərin görüldüyü vurğulanır.
Sonda bu il anadan olmasının 100 illiyi qeyd olunan Heydər Əliyevin Ümummilli Lider kimi daima Azərbaycan xalqının qəlbində yaşayacağı qeyd olunur.