Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı bəyanatı Azərbaycanın haqq-ədalət çağırışlarının başlıca nəticələrindəndir
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyi bir sıra beynəlxalq mərkəzlər, eləcə də ayrı-ayrılıqda nüfuzlu şəxslər – siyasətçilər, ictimaiyyət nümayəndələri tərəfindən dəstəklənir. Bu, belə nəticəyə gəlməyə əsas verir ki, həqiqət, haqq-ədalət bütün mənalarda öndədir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev Türkiyənin Kayseri şəhərində Xocalı parkının açılışında Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin erməni işğalını pisləyən bəyanatını şərh edərkən deyib.
B.Quliyev qərəzlilik tendensiyasının tədricən aradan qalxdığını qeyd edərək bildirib ki, Azərbaycan xalqı bəzən münaqişə ilə bağlı qeyri-obyektiv fikirlərin də şahidi olur, ayrı-ayrı siyasətçilər, xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlər edirlər. Lakin Azərbaycan hökuməti tərəfindən onlara kəskin etirazlar bildirilir, xəbərdarlıqlar edilir. Nəticədə adları qara siyahıya salınmış qurumlar və şəxslər daha öncə atdıqları addımlarının doğru olmadığını başa düşür, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərdiklərini bəyan edir, peşmançılıqlarını bildirirlər.
“Savelyevin Kayseridəki bəyanatı bir daha sübut edir ki, rəsmi Bakının ədalətli mövqeyi Rusiyanın hakim dairələri tərəfindən dəstəklənir. Rusiyanın siyasi müstəvisində Azərbaycanın mövqeyini haqlı sayan və müdafiə edən çox ciddi siyasətçilər, dövlət adamları var. Məsələn, biz Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, eyni zamanda, Rusiyanın İctimai Palatasının üzvü olmuş Maksim Şevçenkonun da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatını xatırlaya bilərik. Bu siyasi xadim də bildirib ki, ermənilər öz işğalçılıq siyasəti ilə regionun təhlükəsizliyinə zərbə vururlar. Rusiyanın ictimai-siyasi xadiminin Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması faktını birmənalı şəkildə ifadə etməsi və Ermənistanı düşmən dövlət kimi göstərməsi işğalçı ölkənin əsl mahiyyətini açıb ortaya qoymuş oldu. Prezident Vladimir Putinə yaxın sayılan və Rusiya ictimai rəyinə təsiri olan ekspert və politoloqların - Aleksandr Duqinin, Maksim Şevçenkonun, İqor Korotçenkonun, həmçinin Duma deputatlarının, Azərbaycana rəğbəti olan rusiyalı ictimai-siyasi xadimlərin Cəbrayılın erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinə səfərlərini və orada Dağlıq Qarabağ mövzusunda səsləndirdikləri fikirləri də xatırlaya bilərik. Bütün bunlar, eləcə də Savelyevin Xocalı soyqırımı, Dağlıq Qarabağın işğalı və s. bu kimi məsələlərlə bağlı önəmli bəyanatlar səsləndirməsi Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin tərkib hissəsidir. Bu məsələlərdə ölkəmizin regiondakı mövqeyinin güclənməsinin də təsirlərini qeyd etməliyik”, - deyə o bildirib.
Siyasi ekspert qeyd edib ki, Kayseridə açılışı olan Xocalı parkındakı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə çıxış edən Savelyevin Xocalı faciəsini vəhşilik adlandırması və bütün dünya tərəfindən tanınmalı olduğunu bəyan etməsi reallıqları bir daha önə çıxarmış oldu. Bu, Azərbaycanın haqq-ədalət çağırışlarının başlıca nəticələrindəndir”.