“İlham Əliyev qardaşlığını növbəti dəfə sübut etdi”

Türkiyə KİV "Star” neft emalı zavodunun açılışını əsas gündəm mövzusu kimi manşetdən verərək bunu Azərbaycanın böyük nailiyyəti kimi dəyərləndirdi

A- A A+
Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə daha bir möhtəşəm layihəni istifadəyə verdi. Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilən "Star” neft emalı zavodunun işə düşməsi ilə ölkələrimiz arasında iqtisadi, buna paralel olaraq siyasi və digər sahələrdə bağlar daha da möhkəmləndi.
Bununla da Azərbaycan və Türkiyə dünyaya bir daha ayrılmaz birlik olduqlarını nümayiş etdirdilər. Qarşıdakı dövr ərzində bu qəbildən olan digər layihələr ölkələrimizin dünya miqyasında mövqelərini daha da gücləndirəcək.
Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Açılış mərasimi qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Baxış sayı milyona çatan internet portalları, sosial şəbəkədəki səhifələr Prezident İlham Əliyevin və R.Ərdoğanın açılış mərasimindəki çıxışlarını anbaan yeniləyərək oxuculara çatdırıblar. "İlham Əliyev qardaşlığını növbəti dəfə sübut etdi” başlığı demək olar ki, əksər KİV-nin manşet xəbəri olub. Teleşirkətlər isə həmin hadisəni canlı yayım vasitəsilə izləyicilərə göstəriblər. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:
"Sabah”:
"Türkiyənin ən böyük infrastruktur layihəsi”
"Sabah” qəzetinin "Türkiyənin ən böyük infrastruktur layihəsi” başlıqlı xəbərində bildirilib ki, "Star” neft emalı zavodunun açılış mərasimində İlham Əliyev və R.Ərdoğan bir sıra maraqlı məqamları diqqətə çatdırıblar. Qeyd olunub ki, "Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir.
Layihə barədə geniş məlumat verən nəşr bildirib ki, neft emalı zavodu Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə, strateji məhsulların istehsalında əhəmiyyətli rola malik olacaq.
"Milliyet”:
"Cavab meydanda veriləcək”
"Milliyet” qəzeti "Cavab meydanda veriləcək” başlıqlı xəbərində İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın fikirlərinə geniş yer verərək vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Bildirilib ki, "Star” neft emalı zavodu ilə Türkiyə və Azərbaycan qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirdi.
R.Ərdoğanın "Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!” deməsini gözləyirik” fikirlərinin yer aldığı məqalədə vurğulanıb ki, Türkiyə və Azərbaycanın bölgədə təhlükəsizliyin və sabitliyin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilib.
"Türkiye”:
"Star”ımız parlayır”
"Türkiye” qəzeti "Star”ımız parıldayır” başlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunun, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduğunun şahidi olmuşuq.
Hər iki prezidentin layihə ilə bağlı çıxışlarının yer aldığı məqalədə İlham Əliyevin "Bu gün "Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək” fikrini xüsusi olaraq diqqətə çatdırıblar.
"Akşam”:
"İzmirdə dünya "Star”ı”
"Akşam” qəzeti isə "İzmirdə dünya "Star”ı” başlıqlı xəbərində iki liderin fikirləri əsasında neft emalı zavoduna geniş yer ayırıb. Bildirilib ki, zavod Azərbaycanın Türkiyədə, ümumiyyətlə, xaricdə ən böyük investisiya layihəsidir. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.
Nəşr Prezident İlham Əliyevin Türkiyə və Azərbaycanın bölgədə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirdiyi fikrini diqqətə çatdırıb: "7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.”
"Vatan”:
"İnvestisiyanın "Star”ı”
"Vatan” qəzeti " Yatırımın "Star”ı” başlıqlı xəbərində hər iki ölkənin dövlət başçılarının neft emalı zavodu barədə çıxışlarını ön plana çıxarıb. Qeyd olunub ki, Azərbaycanın və Türkiyənin, hər iki ölkənin liderlərinin birgə səyi nəticəsində gerçəkliyə çevrilən zavod istifadəyə verilib.
SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.
"Yeni Şafak”:
"30 ilin "Star”ı”
"Yeni Şafak” qəzeti "30 ilin "Star”ı” adlı xəbəri manşetdən verib. Qeyd edilib ki, "Star” neft emalı zavodu bölgə, eləcə də dünya üçün mühüm əhəmiyyət kəsb edir.
Prezidentlər İlham Əliyev və R.Ərdoğanın zavodla bağlı fikirlərinin yer aldığı xəbərdə bildirilir ki, Azərbaycanın neft strategiyası bütün parametrlər üzrə Türkiyənin iqtisadi inkişafına, qüdrətlənməsinə böyük təsir göstərib. İlham Əliyevin "Dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk” fikrinin yer aldığı məqalədə "Star”ın Türkiyə ilə Azərbaycanın növbəti zəfəri olduğu diqqətə çatdırılıb.
"Star”:
"Enerjidə tarixi addım”
"Star” qəzetinin "Enerjidə tarixi addım” başlıqlı məqaləsində bildirilib ki, layihə Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının növbəti nümunəsidir və onun həyata keçirilməsi tarixi hadisədir. Çoxşaxəli Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında enerji layihələri xüsusi yer tutur. İki qardaş ölkənin birlikdə həyata keçirdiyi qlobal layihələr nəinki regionun, hətta dünyanın enerji xəritəsini yenidən tərtib etməyə imkan verib.
"Günəş”:
"Türkiyənin "Star”ına görkəmli açılış”
"Günəş” qəzetinin "Türkiyənin "Star”ına görkəmli açılış” başlıqlı xəbərində bildirilib ki, istifadəyə verilən neft emalı zavodu Türkiyə ilə Azərbaycan arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Vurğulanıb ki, belə nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. "Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə vurduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir.
"Hürriyet”:
"Super yatırıma böyük açılış”
"Hürriyet” qəzeti isə "Super yatırıma böyük açılış” başlıqlı xəbəri manşetə çıxarıb. Hər iki dövlət başçısının "Star” ilə bağlı fikirlərinə geniş yer ayıran məqalədə qeyd olunub ki, neft emalı zavodu mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Təməli 2011-ci il oktyabrın 25-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan zavod Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.
"Karar”:
"Ən böyük infrastruktur layihəsi”
"Karar” qəzeti "Ən böyük infrastrukturlar layihəsi” başlıqlı xəbərində layihə haqqında oxuculara ətraflı məlumat verib. "Star” zavodunun istifadəyə verilməsi mərasimində İlham Əliyevin və R.Ərdoğanın çıxışlarının yer aldığı məqalədə bildirilib ki, layihə qlobal əməkdaşlığın növbəti açarıdır. 6,3 milyard dollarlıq sərmayə ilə qurulan "Star” zavodu 5 milyon tona yaxın dizel yanacağı istehsal etmək imkanına malikdir və beləliklə, Türkiyə bu məhsulun idxalını 40 faizə qədər azaldacaq.
"Takvim”:
"Qiymət bazarı rahatlaşdı”
"Takvim” qəzetinin "Qiymət bazarı rahatlaşdı” başlıqlı xəbərində qeyd olunur ki, 7 ildən sonra "Star” zavodu istifadəyə verildi. Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. R.Ərdoğanın "Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan "Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, İnşaallah, uğurla fəaliyyət göstərəcək” fikirlərinə yer ayıran qəzet Azərbaycan-Türkiyə əməkdaşlığını və tərəfdaşlığını bir daha təsdiqləyən layihə iki qardaş ölkənin dostluğunun və işbirliyinin rəmzi kimi səslənir.
"TRTHaber”:
"Ən böyük yatırım "Star” neft emalı zavodu açıldı”
Qardaş ölkənin ən reytinqli xəbər kanallarından biri olan "TRTHaber” "Ən böyük yatırım "Star” neft emalı zavodu açıldı” başlıqlı xəbərində qeyd olunub ki, "Star” neft emalı zavodu Azərbaycanın xaricdə ən böyük investisiya, Türkiyənin isə ən böyük enerji layihəsidir. Neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir.
Bundan başqa, "Anadolu” Xəbər Agentliyi, "NTV”, "CNN Türk”, "Ahaber”, "Habertürk” kanalları, "Milat”, "Öncə Vatan”, "Yeni akit”, "Sözcü”, "Yeni söz”, "Daily Sabah” və "Daily News” qəzetləri "Ən "Star” açılış”, "Türkiyə dünya miqyasında gücə malikdir” və s. başlıqlı xəbərlərlə neft emalı zavodunun vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətləri zaman keçdikcə daha da möhkəmlənir, tarixin bütün sınaqlarından daha böyük uğurla çıxır.
Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: