Atalardan belə misallar var; “Ev alma, qonşu al”, “Qonşun pisdir, köç qurtar”... Bu fikirlər həyatımızda, məişətimizdə xüsusi yer tutduğu kimi ölkələrin milli və xarici maraqlarında da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe strateji, təbii sərvətlərin zənginliyi baxımından nə qədər əlverişlidirsə, İran və Ermənistan kimi dövlətlərlə qonşuluq baxımından bir o qədər də əlverişsizdir. İndi nə ev ala bilirik, nə də ki köçə... Bizə qarşı Ermənistanın apardığı siyasət və “erməni xisləti” ideologiyası bəllidir. Bu da çoxdan formalaşıb. Amma di gəl ki, üzdə qardaş görünüb, arxada ermənidən çox ermənilik edən İran niyə Azərbaycana qarşı bu mövqedədir?
İran və Ermənistanı hazırkı dönəmdə sadəcə və sadəcə “Azərbaycan maraqları” birləşdirir. Ərazi bütövlüyünü bərpa etmiş və gələcək inkişaf konsepsiyasını daha aydın və qətiyyətli şəkildə ortaya qoyan, Avropanın bir çox vacib sahələr üzrə mühüm tərəfdaşı olan Azərbaycan regionda həm Ermənistan, həm də İran üçün ciddi narahatlıq doğurur.
Azərbaycan tarixi-mədəni irsə, ümumi mənafelərə söykənərək, İranla əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan siyasət həyata keçiribdir. İndi gələk İranın, çox yox, son iki ildə etdiklərinə və baş verən hadisələrə qısaca nəzər salaq: İran Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də “İslam ölkəsi” kimi Azərbaycana dəstək olmaq bir kənara, hətta yük maşınları ilə erməniyə silah göndərirdi. İşğal olunmuş ərazilərdə evlər sökülərək İrana daşındı.
2020-ci ildə tarixi qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdikdən sonra yenə də İranın yük maşınları Laçın dəhlizindən saxta erməni nömrələri ilə keçərək Xankəndiyə - oradakı qardaşlarına yük daşımağa başladılar.
Bunlar azmış kimi, bəlkə də, ötən son 30 il boyunca Qafana ayağı dəyməyən İran rəsmiləri Qafanda baş konsulluq açdı. Özü də tikintisi yarı-yarımçıq, tamamlanmamış bir binada. Necə deyərlər, “əlimyandıda”. Başqa bir məqam: Azərbaycan ərazi bötüvlüyünü təmin etdikdən sonra İran Arazboyu sərhəd xətti boyunca “genişmiqyaslı” hərbi təlimlərə başladı. Elə 2021-ci ilin yanvarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin erməni həmkarı ilə görüşündə “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” ifadəsi bir daha İranın Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoydu. Cənab Ərdoğanın Bakıdakı paradda səsləndirdiyi şeirdən lərzəyə gələn farslar ötən ilin sonlarına yaxın yenidən təlimlərə başladılar. Həm də yenə Araz çayı ətrafında. Araza panton körpülər atıb Azərbaycana “əzələ nümayiş etdirənlərə” qardaş Türkiyə ilə birgə yüksəksəviyyəli təlimlərlə cavab verdik. Özü də qulaqlarının dibində.
İran da Zəngəzur dəhlizinə sədd çəkmək istəyir
Gələk nəinki Azərbaycan, hətta iqtisadi baxımdan Çinin belə maraqlarına cavab verən və xüsusən region üçün vacib kommunikasiya əlaqəsi sayılan Zəngəzur dəhlizinin reallaşdırılmasına. Söz yox ki, bu prosesə ən az Ermənistan qədər maneçilik törədən İran da var. Yenə fakta müraciət edək: İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin Türkiyə Prezidenti cənab Ərdoğanla görüşündə səsləndirdiyi “Təbii ki, işin içində İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur” bəyanatı tarixi reallıqların “İran maraqlarında” nə qədər təkzib olunduğunu sübut edirdi.
Məsciddə donuz saxlayanları ali qonaq qismində məscidə aparan İran
Bu yaxında Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Akopyan İrana səfər etdi. Akopyan İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın şiələr üçün müqəddəs sayılan dini mərkəzi Qum şəhərinə gəlib buradakı məscidi və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarət edib. Yaxşı, sual olunur, bu qədər “dini dəyərləri qoruyub saxlayan”, dünyaya hər vəchlə özünəməxsus İslami dəyərləri əsas gətirərək mesajlar göndərən İran 30 illik işğal dövründə Ağdamda, Füzulidə məscidlərdə donuz saxlayanlara niyə məsciddə qucaq açır? Hələ başını akopdan qaldıra bilməyən Akopyanın soydaşları İslama, Azərbaycana qarşı bu cür çirkin əməllər törədəndə İranın buna biganə mövqeyi cəmiyyəti təəccübləndirmişdi, amma bu gün baş verənlər isə heç kəsi təəccübləndirmir.
“Kim”dir İranın fəxri vətəndaşı, yaxud İrandan “incilər”
KİV-də yayılan bir məlumat diqqətimi çəkdi: “Erməni əsilli amerikalı Kim Kardaşyan İran İslam Respublikasının fəxri vətəndaşı ola bilər”. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. İranda bir neçə aydır ki, etiraz aksiyaları səngimir. Aksiyaların da səbəbi və başlama “qığılcımı” bəllidir: qadın azadlığı, məcburi qapanmaların aradan qaldırılması və bu kimi məsələlər. Amma İran öz daxilində belə öz vətəndaşına, onun haqq səsinə qarşı da terror törədir. Mənbələrə əsasən indiyədək bu aksiyalarda 500-dən çox insan öldürülüb və ya edam edilib. “Məcburi baş örtüyü”nə etiraz etdiyi üçün öz vətəndaşına qənim kəsilən İran Kardaşyana niyə “qardaşyana” münasibət göstərir? Yəqin molla rejimi ona da “baş örtüyü” taxıb Akopyan kimi məscidə aparacaq? İran, bəlkə də, qardaşı Ermənistanla birgə dünyada bütün sferalarda əməli ilə yürütdüyü həm daxili, həm də xarici siyasəti üst-üstə düşməyən yeganə ölkədir...
İranın səfirliklərə hücum “vərdişi”
Yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində terror aktı törədildi. İçəri daxil olan terroristin atəş açması nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid oldu. Təhlükəsizlik kameralarından əldə edilən görüntülər onu deməyə əsas verir ki, İran polisi terroristə nəinki müdaxilə etmir, hətta ona tapşırılmış işi icra edirmiş kimi hadisə yerindən uzaqlaşır. Bu faktlar isə bu terrorun əvvəlcədən planlaşdırıldığına dair kifayət qədər sübut verir. Hadisə zamanı əsl qəhrəmanlıq nümayiş etdirən səfirliyin digər əməkdaşı Vasif Tağıyev oradakı hər kəsin həyatını xilas edir. Bu hadisədən sonra Tehrandakı diplomatik nümayəndəliyin bütün əməkdaşları və onların ailə üzvləri vətənə təxliyə olundu... Beləcə İranla diplomatik münasibətlərdə qeyri-müəyyən vaxtadək “fasilə” yarandı. İran Azərbaycanla onsuz da mürəkkəbləşən siyasi əlaqələrin daha da gərginləşməsinə və böhran həddinə çatmasına səbəb oldu. Bəlkə də, molla rejiminin planı bundan ibarət idi ki, Azərbaycanla diplomatik münasibətlərə xitam verilsin və bu addımla Azərbaycanın səbri sınansın. Amma ölkə başçısı İlham Əliyevin yaxşı bir fikri var: “Mən nəyi nə vaxt edəcəyimi yaxşı bilirəm”. İranın xaincəsinə həyata keçirdiyi bu terror aktının sonrakı zamanda nəticələrini elə zamanın özü göstərəcək. Əminəm ki, itirən biz olmayacağıq. Allah şəhidimizə rəhmət eləsin, yaralanan soydaşlarımız da tez bir zamanda sağlamlığına qovuşsun!
Tarixə nəzər saldıqda görürük ki, bu kimi xain hücumlar İranın xarakterik “vərdişidir”. Məsələn, 1829-cu ildə İrandakı Rusiya səfirliyinə hücum olub. Hadisə nəticəsində səfir Aleksandr Qriboyedov olmaqla səfirliyinin 37 əməkdaşı öldürülüb. Növbəti hücum qardaş Türkiyənin səfirliyinə olub. 1981-ci ildə bir qrup erməni terrorçu və İran vətəndaşı Tehrandakı Türkiyə səfirliyinə hücum edib. Hadisədə səfirliyin iki təhlükəsizlik xidməti əməkdaşı öldürülüb. 1984-cü ildə yenidən Türkiyə səfirliyinə xain hücum təşkil olunub. Bu zaman Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı, iş adamı İşık Yöndər qətlə yetirilib. 1979-cu ildə yüzlərlə radikal düşüncəli tələbə ABŞ-ın Tehrandakı səfirliyinə soxulub. Səfirliyin 52 əməkdaşı girov götürülüb. 2011-ci ildə Tehranda yerləşən Britaniya səfirliyi tələbələr tərəfindən hücuma məruz qalıb və səfirliyin 6 əməkdaşı girov götürülüb. Daha sonra 2015-ci ildə Misir səfirliyinə və 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum edilib.
Bir sözlə, Türkün qorxusu üzərində qurulan “qardaşlığınız” özünüz, üzünüz kimi ikiüzlü, saxtadır!
Gülməmməd Əliyev