Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror

A- A A+

Ekoloji terror ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirmək, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Bu səbəbdən dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmədi, əksinə onları kobud surətdə pozaraq işğal etdikləri ərazilərimizin təbiətini viran qoydular.

1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması, şəhər və kəndlərin dağıdılması, dinc əhalinin genosidi və eyni zamanda bitki və heyvanlar aləminin məhv edilməsi ilə nəticələndi.  

Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirmək, maddi-mədəniyyət abidələrini yer üzündən silmək, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi – mineral su mənbələrini, meşə fondunu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talayıb. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edərək yarımfabrikat kimi xarici ölkələrə satıb. Bir fakta diqqət yetirmək lazımdır ki, işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalını 10 dəfə artırması Azərbaycan meşələrinin qırılması hesabına reallaşıb.

Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. Belə ki, flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən didərgin düşüb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın erroziyası başlanıb.

Erməni faşistlərinin işğal etdikləri ərazilərdə törətdikləri bu vəhşilik, bu ekoloji terror barədə dəfələrlə həyəcan təbili çalınıb, beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılıb, lakin bütün bunlar heç bir nəticə verməyib. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib. Həmçinin ölkəmizə qarşı ekoloji terror bununla bitməyib, ermənilər 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin sahələrə yaxın torpaqlarda yanğınlar törədib. Nəticədə geniş miqyasda torpaq qatı, fauna və flora növləri məhv olub. Belə ki, 2006-cı ildə 63414 hektar, 2007-ci ildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi qəsbkar düşmən  tərəfindən yandırılıb. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Torpaqlarımız tam şəkildə azad olduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kəskin surətdə azalmış olduğunun şahidi oluruq.

Su qıtlığı günümüzdə bütün dünyada və yerüstü su ehtiyatlarının 72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanda da “qaynar” mövzudur. Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Daha dəqiq desək, ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Ermənistanın birbaşa işğalı altında olan zaman bunları həmişə Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə ediblər. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir. Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 kilometr hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalıb. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması gölün suyunun tükənməsinə və çirklənməsinə səbəb olurdu. Su ehtiyatlarının çirkləndirilməsi Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazisindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsi idi. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, ərazidə olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər.

Bütün məsələlərə ümumi perspektivdən baxdıqda, Azərbaycanın 1992-ci ilin martında BMT-nin “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nı imzalaması, Ermənistanın isə bunu hələ də imzalamaması təəccüblü deyil. Ermənistanın ekoloji terror aktları bir neçə dəfə beynəlxalq təşkilatlarla müzakirə edilib, bununla bağlı çoxsaylı məqalələr yazılıb və araşdırmalar aparılıb. Nəticədə, Avropa Şurası Parlament Assambleyası tərəfindən "Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında 2016-cı il 26 yanvar tarixli Qətnamə qəbul edilib.

Qətnamənin təsdiq edilməsinə baxmayaraq, Ermənistan məkrli və qeyri-adekvat hərəkətlərindən geri çəkilməyib və beynəlxalq hüququn prinsiplərinə qarşı ardıcıl qeyri-konstruktiv davranış nümayiş etdirməyə davam edib.

2020-ci ilin sentyabrında başlayan 44 günlük  Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə son qoydu. Xüsusən Suqovuşanın 2020-ci il oktyabrın 3-də erməni işğalından azad edilməsi regional eko-balansın bərpasına imkan yaradıb.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin ekoloq mütəxəssisləri döyüşlər zamanı azad edilən ərazilərə, eləcə də raket zərbələrinə məruz qalan Gəncə, Mingəçevir və Bərdə şəhərlərinə ezam olunaraq ekoloji monitorinqlər həyata keçirib, torpaq və su mənbələrindən götürülən nümunələrin ekoloji laboratoriyada fiziki, kimyəvi və bioloji analizləri aparılıb. Monitorinq zamanı işğaldan azad edilən rayon mərkəzlərinin, şəhər, qəsəbə və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılması, yol kənarlarındakı ağac və kol bitkilərinin isə kəsilərək məhv edilməsi müəyyənləşdirilib. Qəsdən törədilən yanğınlar nəticəsində isə meşə və yaşıllıq massivləri yox edilib. İşğal olunan ərazilərin azad edilməsi zamanı Şuşa istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən istifadəsi qadağan edilən müxtəlif növ döyüş sursatlarının tətbiqi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalıb. Qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə anti-humanist üsullarla - digər zəhərli partlayıcı maddələrdən ərazilərimizi işğaldan azad edən ordumuza, həm də flora və faunaya külli miqdarda ziyan vurulub.

Xüsusi mühafizə olunan təbiət ərazilərimizdən Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, həmçinin Laçın, Daşaltı və Arazboyu yasaqlıqlarda biomüxtəlifliyin mühafizəsi nəzarətsiz qaldığından 30 il ərzində mənfur düşmənin hərbi-siyasi rejiminin iqtisadi fəaliyyəti nəticəsində flora və fauna vandalcasına istismar olunub. Erməni faşizmi tərəfindən Zəngilan rayonunun ərazisində adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılmış nadir təbiət incilərini-Şərq çinarlarını qorumaq məqsədilə 107 hektarlıq sahədə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu da məhv edilib. Laçın rayonu ərazisində dəniz səviyyəsindən 2650-2700 metr hündürlükdə yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunun bitki örtüyü sistemsiz şəkildə daim otarılmaqla korlanıb. Laçın Dövlət Təbiət Yasaqlığındakı məməlilər (cüyür, qayakeçisi, çöl donuzu) və quşlar (turac, kəklik) da işğal dövründə sıradan çıxarılıb. Şuşa şəhərinin ətrafında yaradılan Daşaltı Dövlət Təbiət Yasaqlığı isə bir vaxtlar Azərbaycanın ən səfalı və füsunkar təbiəti, tarixi abidələri ilə tanınıb. Burada zəngin meşə, kol və ot bitkilərini qorumaq, etalon ərazi kimi saxlamaq əvəzinə, təbii sərvətlərə dərin yaralar vurulub. Tuqay meşələrinin qorunması və bərpası məqsədi daşıyan Arazboyu Dövlət Təbiət Yasaqlığı da, təəssüf ki, erməni faşizminin qurbanı olub.

İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkın (və ya parkların) yaradılması gündəmdə olan məsələdir.

Topxana meşəsinin qadağan olunmuş ağ fosforla məhv edilməsi, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətlərdir. Bu barbarlıq, vəhşilik yayılan foto və videolarda daha aydın nəzərə çarpır. Həmin ekoloji cinayətləri illərlə “Azərkosmos”dan alınan fotofaktlar da təsdiqləyir. Eyni zamanda yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımı yaradılmış əməliyyat qrupunda təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrindən də aydın görünür.

Təbiətin məhv edilməsinə, azərbaycanlılara nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qruplarının Azərbaycana dəvət olunması qərara alınıb. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səyləri davam etdirməklə yanaşı, düşməndən təmizlənən ərazilərdə hazırda ekoloji tarazlığın bərpası istiqamətində müxtəlif növ tinglərin əkilməsinə başlanılıb.

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir təbiət incisidir. Ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Ermənilər işğal dövründə buranı da talayaraq məhv ediblər. Bu gün qədim Şuşa, Topxana meşəsində ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyruş, saqqız ağacı, qarağac əkilib və əraziyə 100 kiloqram palıd toxumu səpilib.

Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir. Baş verən hadisələr məğlubiyyətlə üz-üzə qalmış düşmənin son cəhdləri olsa da, təbiətə dəyən ziyanın əks-sədası isə dərin və uzunmüddətli ola bilər. Qeyd edilənlər hamını, xüsusən beynəlxalq ictimaiyyəti düşündürməli və ekoloji müharibəyə son qoyulmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq, Regionun bərpası ilə bağlı bizi böyük işlər gözləyir.

Hüseyn İmanov

 Naxçıvan Dövlət Universiteti Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının müəllimi

Abdulla Kərimli

 Naxçıvan Dövlət Universiteti “Ekologiya mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: