Şəhid anası aylıq təqaüdünü zəlzələdən zərərçəkənlərə bağışladı - VİDEO

Şəhid ailələrindən türkiyəli qardaşlarımıza dəstək

A- A A+

Naxçıvandan Türkiyəyə qardaş dəstəyi günlərdir davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki bu təşəbbüsə muxtar respublikadakı şəhid ailələri üzvləri də qoşulub. Şəhid ailələri bu gün Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, baş konsul Asip Kaya ilə görüşüblər.

Görüşdə əvvəlcə şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya bildirib ki, qardaş Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Zəlzələdən sonra dağıntılar altında qalan vətəndaşların xilas edilməsi üçün prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə xeyli sayda xilasedicilər və humanitar yardım göndərilib.

Baş konsul qeyd edib ki, Türkiyədə baş verən zəlzələdən sonra yardım məqsədilə baş konsulluğa xeyli sayda sakin üz tutub. Naxçıvan sakinlərinin, iş adamlarının, müxtəlif qurumların təşəbbüsü ilə bu müddətdə 14 milyon manatdan artıq dəyərdə ən zəruri ehtiyaclardan ibarət humanitar yardım yığılaraq Türkiyəyə göndərilib.

Asip Kaya böyük dəstəyə görə qardaş Azərbaycan xalqına, o cümlədən kədərlərini bölüşməyə gələn bütün şəhid ailələrinə təşəkkürünü bildirib.

Şəhid ailələri üzvləri bildiriblər ki, 44 günlük Vətən müharibəsində Türkiyə dövləti və xalqı daim yanımızda olduğu kimi, bu gün də bütün Azərbaycan xalqı qardaş xalqının yanındadır. Zəlzələ baş verdiyi gündən bəri Naxçıvan ictimaiyyəti səfərbər olaraq maddi və mənəvi dəstəyini əsirgəməyib. Şəhid ailələri də bu yardıma qoşularaq 10 ton “Badamlı” süfrə suyunu qardaş ölkəyə göndərib.

Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova isə şəhid ailəsi üçün ayrılan bir aylıq təqaüdünü – 600 manatı Türkiyədə zərərçəkənlərə bağışlayıb.

Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov şəhidlərin xatirəsinə həsr edilmiş kitabları Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayaya təqdim edib.

Çıxış edənlər zəlzələ nəticəsində on minlərlə insan tələfatına görə başsağlığı verib, yaralılara şəfa diləyiblər.

Sonda Türkiyədə həyatını itirənlərin ruhuna dualar oxunub, baş konsulluqda zəlzələ qurbanlarının xatirəsinə yaradılmış guşəyə gül dəstələri qoyulub. Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova matəm kitabına ürək sözlərini yazıb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: