Gələcəyə istiqamət verən LİDER: Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi

A- A A+

Gənclik gələcəyimizdir, gələcəyimizin təminatıdır. Gəncliyə etinasız yanaşmaq gələcəyi təhlükəyə atmaq deməkdir. Gənclərinə dəyər verməyən, onlara qayğı göstərməyən bir dövlətin yaşaması mümkün deyildir. 

Tarixə nəzər saldıqda görürük ki, gəncliyə dəyər verən, onun inkişafına sərmayə qoyan dövlətlər məhv olmaq təhlükəsindən nəinki xilas olub, zaman keçdikcə daha da güclənib, inkişaf edib. Təbii ki, o ölkələr xoşbəxtliyə çatıb ki, çətin dövrlərdə onların güclü və uzaqgörən liderləri olub. O liderlər ki xalq onları sevib, inanıb, güvənib və ən çətin vəziyyətlərdə taleyini onlara etibar edib. Necə ki ölkəmizin yaxın tarixinin ən çətin dövrü kimi yaddaşlarda qalan 1990-1993-cü illərdə xalqımızın Ümummilli Lider Heydər Əliyevə etibar etdiyi kimi.

Azərbaycandan ayrı düşmüş, ağır blokada şəraitində olan Naxçıvanda xalqın istəyi ilə qurtuluş mübarizəsinə başlayan Ulu Öndər qəbul etdiyi qərarlarla milli kimliyimizi özümüzə qaytarmış, Naxçıvanı yox olmaq təhlükəsindən xilas etmişdir. İnsanların gündəlik ərzağa olan tələbatının ödənilməsində çətinliklərin, sərhəddə hərbi toqquşmaların olduğu bir vaxtda gənclərin təhsilini, gəncliyin gələcəyini düşünərək zamanı qabaqlayan addımlar atmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Türkiyə Respublikasının Prezidenti və Baş nazirinin dəvəti ilə qardaş ölkəyə rəsmi səfər edən Ulu Öndər Heydər Əliyev 1992-ci il mart ayının 24-də səfərin yekunları ilə bağlı imzaladığı əməkdaşlıq protokolunda muxtar respublika ilə Türkiyə Respublikası arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafına dair məsələlərlə yanaşı, hər il 100 naxçıvanlı gəncin Türkiyədə təhsil almasına nail olmuşdu. Həmin dövrün reallığı nəzərə alındıqda bu, çox böyük nailiyyət və uzaqgörən addım idi. Həmin ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisində Türkiyədə təhsil almağa gedən gənclərlə keçirilən görüşdə Ümummilli Liderin “Bəli, biz indi çox böyük böhran içərisindəyik. Ümumiyyətlə, Azərbaycan və xüsusən Naxçıvan blokada şəraitində, müharibə şəraitində, sosial-iqtisadi böhran içərisindədir. Bu gün adamlara adicə yaşayış şəraiti yaratmaq üçün un, ət, yağ, yanacaq və başqa zəruri mallar lazımdır. Bunlar bu gün üçün, sabah üçün, bir sözlə, yaşamaq üçün lazımdır. Lakin biz yalnız bu günün tələbləri ilə yaşaya bilmərik. Biz bu gün sabahı, gələcəyi düşünməliyik” kimi müdrik fikri dahi rəhbərin o dövrün bədbin mənzərəsi içərisində gənclərin gələcəyinə necə böyük ümid bəslədiyini görməyə imkan verirdi. Ümummilli Liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 3 ilə yaxın müddətdə tətbiq etdiyi siyasi xətt burada yaşayışı və inkişafı təmin etmişdir.

Ulu Öndər 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə gəncliyin inkişafını diqqətdə saxlamış, gənclərlə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Ümummilli Lider cəmi 3 ay sonra ilk görüşlərindən birini məhz gənclərlə keçirmişdir. Çünki həmin dövrdə ölkədə yaranmış xaos gənclərin həyatına da ağır zərbə vurmuş, gəncliyin gələcəyi sual altında qalmışdı. 1993-cü ilin sentyabrında gənclərin nümayəndələri ilə görüşdə onlara dərin inam bəslədiyini ifadə edən Ulu Öndərin genişməzmunlu nitqi gənclərin gələcək inkişafı üçün fəaliyyət proqramı olmuşdur. Gənclərə istiqamət verən dahi öndər bildirmişdir: “Əsrlərboyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində qurulmuşdur, yüksək tərbiyə üzərində qurulmuşdur. Mən bizim gənclərimizi də bu yola dəvət edirəm. Güman edirəm ki, müstəqil Azərbaycan Respublikası gənclərinin yolu da bu yoldur, onlar bu yolla getməlidirlər. Biz də bu yolla getməkdə sizə kömək edəcək, şərait yaradacağıq”. Şübhəsiz ki, Ulu Öndərin tövsiyələri və gənclərə verdiyi dəstək həmin illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslər nəticəsində gənclərin bir qismində yaranmış bədbin əhvali-ruhiyyənin tədricən aradan qalxmasında, yolayrıcında çaşbaş qalan gəncliyin düzgün istiqamətlənməsində, onların təhsil və tərbiyəsi işlərində, mənəviyyatca formalaşmasında və gələcək həyat fəaliyyəti üçün hazırlanmasında faydalı olmuşdur. 

Həmin dövrdə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər davamlı xarakter almış, yaradıcılıq baxımından xüsusi istedadı və idman sahəsində yüksək nailiyyətləri olan gənclərə göstərilən diqqət gücləndirilmişdir. Ümummilli Liderin 1993-cü ildə imzaladığı “Xüsusi istedadı və idman sahəsində yüksək nailiyyətləri olan gənclərin ali və orta ixtisas məktəblərinə güzəştli qəbulu haqqında” Sərəncamı gənclər arasında yaradıcılığın və intellektual inkişafın stimullaşdırılması istiqamətində atılmış addımlardan biri idi. Bu istiqamətdə görülmüş işlər ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin də diqqətdə olduğunu bir daha göstərirdi. Ulu Öndərin 1994-cü ildə imzaladığı “Gürcüstan Respublikasında və Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Azərbaycanlı gənclərin respublikanın ali məktəblərində yerləşdirilməsi haqqında” Sərəncamı həmin gənclər sırasından yüksəkixtisaslı kadrların hazırlanması baxımından müstəsna əhəmiyyət daşıyırdı.

Ümummilli Liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması isə müasir gənclər və idman siyasətinin əsasını qoymuşdur. Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk mərkəzi icra hakimiyyəti orqanlarından biri kimi məhz həmin dövlət orqanının yaradılması dövlətin və cəmiyyətin müxtəlif sahələrində gənclərin iştirakının təmin edilməsində, onların təşkilatlanmasında mühüm rol oynamış, gənclərlə iş sahəsində milli siyasət konsepsiyası vahid mərkəzdən həyata keçirilməyə başlanılmışdı. 

Ölkəmiz üçün ən böyük nailiyyətlərdən biri də Ümummilli Liderin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması olmuşdur. Konstitusiyanın maddələrinin üçdəbir hissəsinin respublika vətəndaşlarının, o cümlədən gənclərin hüquq və azadlıqlarına həsr olunması dövlətimizin insan və şəxsiyyət amilinə həssas münasibətinin ən yüksək səviyyədə ifadəsi olmuşdur. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. 

Dahi şəxsiyyətin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, nəhəng iqtisadi layihələrin həyata keçirilməsi ölkəmizin inkişafı üçün yeni imkanlar yaratmışdı. Sözsüz ki, bu inkişafın sağlam təməllər üzərində inşa edilməsi üçün zamanın keşməkeşli və çətin yollarından keçmiş gənclərin imkanlarından səmərəli istifadə olunmalı idi. Çünki gənclik olmadan gələcəyin inşası mümkün deyildi. Bütün bunları həmişə olduğu kimi uzaqgörənliklə düşünən Ümummilli Lider Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmiş, 1996-cı il fevralın 2-də özünün iştirakı ilə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu keçirilmişdir. Forumda Ulu Öndərin proqram xarakterli çıxışlarında gənclərin qarşısında duran tarixi vəzifələr sadalanmış, gənclər siyasətinin əsas istiqamətləri müəyyən olunmuşdur. Bildirilmişdir ki, gənclərin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına, yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır. Gənclər tariximizi, keçmişimizi, dilimizi, milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməli, vətənimizi, ölkəmizi, torpağımızı, xalqımızı, millətimizi, dilimizi, dinimizi, milli ənənələrimizi sevməli, vətənpərvər olmalıdırlar.

1997-ci il fevralın 1-də gənclərin birinci forumunun ildönümü münasibətilə gənclərlə görüşən Ulu Öndər ötən bir il ərzində görülmüş işləri təhlil etmiş, gəncliklə bağlı əsas problemlərin həlli yollarını müəyyən etmişdir. Respublika Prezidentinin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edilmişdir. Həmin vaxtdan etibarən Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq ölkəmizdə təntənəli şəkildə qeyd olunması dahi öndərin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. 

“Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir”, – deyən Ulu Öndərin gənclərlə görüşləri sonrakı illərdə də davamlı xarakter almışdır. Gənclərin 1999-cu və 2003-cü illərdə keçirilən növbəti forumlarında Ulu Öndər çıxışı və müraciəti zamanı, dövlət orqanlarının diqqətinin gənclərin problemlərinin həllinə yönəldilməsinin, ölkənin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradılmasının önəmini bir daha vurğulamışdır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlərin çox olduğunu bildirən dahi öndər XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığının və məsuliyyətinin gənclərin üzərinə düşdüyünü qeyd etmişdir. 

Gənclərlə iş dövlət siyasətinin mərkəzində dayandığından bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə sənədlər, o cümlədən 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalanmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bundan əlavə, 1996-2002-ci illərdə qəbul olunmuş daha bir neçə hüquqi-normativ akt gəncliyin daha sürətli və hərtərəfli inkişafına şərait yaratmışdır. 

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə ölkəmizin gələcəyi adlandıran Ümummilli Liderin dövlət gənclər siyasətinin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin tövsiyələri ilə istiqamətlənən gənclik müstəqilliyimizi, milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi keçmişdən gələcəyə daşıyır. Bu gün Azərbaycan gəncliyi üçün müasir təhsil mühiti, yeni iqtisadi imkanlar yaradılıb, gənclərin hüquqları genişləndirilib, maddi təminatları möhkəmləndirilib, mənəvi inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər gəncliyi inkişafın yeni mərhələsinə çıxarıb. Gənc nəslin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Yaradılan şəraitin nəticəsidir ki, bu gün minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, gənclərimizin qələbələri sayəsində Azərbaycan Bayrağı xarici ölkələrdə Dövlət Himnimizin sədaları altında yüksəklərə ucaldılır. Gənclərin mədəniyyətlərarası dialoqun aparılmasında fəal iştirakı ölkəmizi beynəlxalq müstəvidə daha yaxından tanıdır. Bir sözlə, gənc nəsil onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməklə ölkəmizin ümumi inkişafına öz töhfəsini verir.

Gənclər bu gün milli dəyərlər üzərində qurulmuş müstəqil Azərbaycanın dövlət quruculuğunda, ərazi bütövlüyünün təmin olunmasında da aparıcı rola sahib olub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə doğulan, böyüyən və istiqamətlənən, cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yetişən, formalaşan gənclər 2016-cı ildə Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatında, 2020-ci ildə Tovuz döyüşlərində Ermənistan ordusu barədə yayılan mifi darmadağın edib. 2020-ci il 27 sentyabrda başlayan, Azərbaycanın böyük Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində işğalçı dövlətin ordusunu fiziki və mənəvi cəhətdən məğlubiyyətə uğradıb, torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Dillərdə dastan olan, qəhrəmanlığın zirvəsi Şuşa əməliyyatı ordumuzun gücünü və yenilməzliyini bütün dünyaya bir daha nümayiş etdirib. Ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə Şuşada Cıdır düzündə müraciəti zamanı söylədiyi “...Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı” müdrik fikirləri Ümummilli Liderin 1994-cü ildə çıxışı zamanı uzaqgörənliklə ifadə etdiyi: “Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar” məramının təsdiqi idi. 

Liderin böyüklüyünü başa düşmək üçün zamanın ucalığında dayanmaq lazımdır. Aradan keçən zaman kəsimi ötən dövrlərdə qəbul olunan qərarların əsl mahiyyətini bu gün daha yaxşı başa düşməyə imkan vermişdir. Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ildə 100 illiyini qeyd edəcəyimiz Ümummilli Liderin müstəqilliyimizin ilk illərində atdığı addımlar dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, intellektual, vətənpərvər və sağlamdüşüncəli gənc nəslin yetişməsində mühüm rol oynamışdır. Gələcəyə istiqamət verən LİDER “İnanıram ki, gənc Azərbaycan dövləti məhz bu saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, mətin və dönməz gənclərimizin fəaliyyəti sayəsində öz müstəqilliyini əzmlə qoruyacaq, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir” ifadəsi ilə, əslində, dövlətlər arasında söz sahibi olan, beynəlxalq müstəvidə onunla hesablaşılan bugünkü müstəqil Azərbaycanın təməlinin necə qoyulduğunun qısa izahını vermişdir.

Əliheydər QURBANLI
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: