1991-ci ilin payızında Naxçıvan Muxtar Respublikasında kolxoz və sovxozun əmlakının, torpaqların özəlləşməsi proqramları tərtib edildi.
Heydər Əliyev müstəqilliyin iqtisadi əsaslarını yaratmağın prioritet istiqamət olduğunu bilərək blokada şəraitində Naxçıvanda iqtisadi və sosial müdafiənin əsas istiqamətlərini reallığa çevirdi. İlk növbədə planlı təsərrüfat aspektlərindən toplanmış məqsədli proqram və resurs yanaşma təcrübəsini bilən Ali Məclis sədri bazar tipli inkişaf modelinin regional konturlarını və seqmentlərini hazırlamaqla məşğul oldu.
Naxçıvan MR-in resurs potensialı təbii, coğrafi və əmək resursları üzərində inkişaf edən bir sistem olması ilə bağlı idi. Digər tərəfdən də blokada şəraitində yaşayan insanların təşəbbüskarlığına münasibətdə sosial müdafiəsi üçün ədalət prinsipləri mövcud olmalı idi. Məhz bu konseptual yanaşma müddəalarına və potensial inkişafa, geosiyasi və xarici amillərə söykənən iqtisadi inkişaf modeli qurulmalı idi. Bu prinsiplərin hazırlanması üçün Naxçıvanda Heydər Əliyev parlament qərarı ilə komissiya yaratdı.
Bu komissiyanın üzvlərindən alim kimi mən - Əli Əlirzayev də var idim.
Ulu öndərimiz Heydər Əliyev həmin vaxt Naxçıvanın qapalı bir region kimi potensialından istifadə edilməsinin fəallaşdırılması, təşəbbüskarlığın və daxili istehsalın artırılması, azad iqtisadiyyatın bərqərar olması və xarici kapitalın axınına nail olunması üçün şəxsi nüfuzundan istifadə etməklə kapital axınının birbaşa və dolayı dəstək mexanizmlərini canlandırdı.
Daxili potensialda hər bir regionun və kəndin, əmlakın özəlləşdirilməsi, hər bir fəaliyyət və məhsul istehsalı üzrə proqram xarakterli tədbirlərin reallaşdırılması məsələləri həll olundu.
Naxçıvan MR-in iqtisadi potensialı, onun resurslarının perspektiv dövr üçün istifadəsi Heydər Əliyevin bazar iqtisadiyyatı şəraitində transformasiya modelinin əsasını təşkil etdi. Bu baxımdan mühafizəkar tipli strategiya hazırlandı (hansı ki, indi də öz aktuallığını saxlamaqdadır).
Region marağı üstün tutulmaqla blokada şəraitində yaşayan əhalinin kiçik sahibkarlıq əsaslı məşğulluğuna önəm verildi. Təbii ki, kiçik sahibkarlığın inkişafında ilkin iqtisadi əsas - torpaq və əmlakın özəlləşdirilməsi idi.
Torpaq islahatları 1992-ci ildə ictimai rəy və sosial ədalət mexanizmlərini özündə əks etdirirdi. Belə ki, bütün məskunlaşmış əhaliyə pay torpaqlarının verilməsi əsas götürüldü.
Naxçıvanda Heydər Əliyevin regional inkişaf siyasəti bazar tipli inkişaf modelinin sonrakı dərinləşməsi və respublika səviyyəsində keçid dövrünün əsas istiqamətləri üzrə tətbiq edildi. 1984-cü ildə özəlləşmə proqramının tərtibində və onun respublika üzrə metodiki cəhətlərinin geniş miqyasda hazırlanmasında Naxçıvan təcrübəsi istifadə edildi.
Heydər Əliyevin idarəetmə prinsipləri real vəziyyətə qiymət vermək və proqmatik hədəflərə çatmaq üçün “nə etmək” suallarına cavab üzərində qurulmuşdu. Məhz bu yanaşma əsasında özəlləşmənin respublika üzrə aparılmasında başlanğıc məqamlar, ardıcıllıqlar və tətbiqi mexanizmlər 1994-cü ildə prezident aparatında, nazirlər və alimlərin iştirakı ilə müzakirə olundu. Mənim iştirakım və təkliflərim, Naxçıvan təcrübəsində topladığım təcrübə dinlənildi. Heydər Əliyev özəlləşmədə sosial ədalət və inkişaf tezislərinin tətbiqi barədə göstəriş verdi.
Özəlləşmə və bazar tipli modelin Azərbaycan iqtisadiyyatında reallaşması uzun illərdə müxtəlif təsərrüfat fəaliyyətlərinin inkişaf təcrübəsinə və yeni tələblərə uyğun modifikasiyasına əsaslanırdı.
Naxçıvan MR iqtisadi və sosial inkişaf baxımından xüsusi göstəricilər və mexanizmlər kəsb etməklə özünəməxsus idarəetmə sistemi tələb edir. Blokada şəraiti isə bu xüsusiyyətləri dərinləşdirib yeni istiqamətlər və müdaxilə mexanizmlərinin tətbiq edilməsini əsaslandırdı.
Belə ki, özəlləşmədə məmnunluq, sosial ədalət və təşəbbüskarlığa təkan verən tədbirlər və mexanizmlər tətbiq edilməli idi. Bu aspektdə Heydər Əliyevin təşəbbüsü ilə əmlak və müəssisələrin özəlləşməsində perspektiv inkişafa yönəldilən prinsiplər tətbiq edildi:
- -təkrar istehsal;
- -sosial ədalət;
- -təşəbbüskarlığa dəstək;
- -peşəkarlıq və bacarıqların fəaliyyət üçün yetərliyi;
- -kadr potensialının və onların məşğulluğuna təsir edən plan və proqramların nəzərə alınması;
- -hər bir regionun işçi və əhalinin varislik ənənələrinin saxlanılması və yaxud ailə, icma məşğulluğunun xarakteri və məzmununun əhatə edilməsi.
Bu prinsiplər əsasında Naxçıvanda torpaq üzərində pay bölgüsü və sahibkarlıq fəaliyyəti reallaşdı.
Naxçıvanın iqtisadi inkişaf sahələri ərazi və regionlar, ailə və fərdi təsərrüfatlar üzrə təşkil olunur. Blokada şəraitində daha çox daxili bazara və Türkiyə Respublikasına idxalı təşkil etmək yolları və şəraiti inkişaf etdirildi.
Naxçıvan MR-in blokada şəraitində belə inkişafının saxlanılması onun iqtisadi əlaqələrinin gücləndirilməsi, xarici investisiyaların axınının artması və yerli resurslardan istifadənin səmərəli təşkili metodları ilə mümkün olmuşdur. Belə ki, Heydər Əliyevin şəxsi nüfuzu hesabına Türkiyə, İran və digər ölkələrdən güzəştli yardımlar və resurslar cəlb olunmasını təmin etmişdir.
Naxçıvanın perspektiv inkişafı onu sənaye və kənd təsərrüfatı potensialının, yeni təsərrüfat formalarının və ərazi üstünlüklərinin səmərəli istifadəsi ilə aparılan islahatlarla mümkün ola bilər.
Bu məqsədlə regionda regional komplekslərin sənaye və kənd təsərrüfatı klasterləri formasında təşəkkülü geniş yayılmalıdır.
Sənaye potensialının əsas istiqamətlənməsi əmək ehtiyatlarının istifadəsi üçün əmtəətutumlu sahələrə yönəlməlidir.
Naxçıvanda əhalinin təbii artım səviyyəsinin saxlanılması baxımından məişət və kənd təsərrüfatı texnologiyalarının istehsalı və emalı sahələrinin yaradılması səmərəli istiqamətlərdən hesab edilməlidir.
Naxçıvanın kənd təsərrüfatı istehsalını artırmaq üçün onun infrastruktur sahələri olan - emal sənayesi, meyvə-tərəvəz və həmçinin heyvandarlıq məhsullarının emalı üçün ət və süd məhsulları istehsalı artımla inkişaf etməlidir.
Naxçıvan MR-in inkişafı üçün onun geoiqtisadi mövqeyinin və dünya iqtisadiyyatına inteqrasiyasının təmin olunması strateji islahatların əsas istiqaməti olaraq nəzərə alınmalıdır.
Ölkəmiz üzrə nəqliyyat dəhlizləri üzrə orta dəhliz funksiyasını, şərq-qərb, cənub-şimal nəqliyyat və kommunikasiya əlaqələrinin ən səmərəli variantını - Naxçıvan ərazisi və onun potensialından istifadə olunması təşkil edir.
Naxçıvanın Azərbaycan regionları ilə əlaqəsi və dünya bazarına çıxışda transformasiyası onun perspektivini müəyyənləşdirir. Türkiyə ilə əlaqə, Rusiya-Türkiyə və Şərqlə Qərb arasında yükdaşımaların həyata keçirilməsi Zəngəzur dəhlizinin istifadəsilə iqtisadi və sosial məna baxımından ən əlverişlidir. Zəngəzur dəhlizinin istifadəsi Rusiya, İran və Türkiyənin arasında nəqliyyat əlaqələri vasitəsilə yükdaşıma və əhali daşımasını təşkil edəcəkdir ki, bu da Naxçıvan MR-in və Azərbaycanın Arazboyu regionlarda xidmət sferasının iş qüvvəsi ilə təmin olunmasına şərait yaradacaqdır.
Dəmir yolu infrastrukturunda avtomobil nəqliyyatı ilə bağlı istifadə olunacaq xidmətlər, ictimai iaşə və turizm kompleksləri Naxçıvan və Zəngəzur əhalisinin rifahını yüksəldəcəkdir.
Naxçıvanın iqtisadi və sosial inkişafında Zəngəzur dəhlizinin açılması və istifadəsi və xidmət sferasında əhali məskunlaşmasında struktur dəyişmələrə səbəb olacaqdır.
İlkin növbədə turizmin inkişafında Naxçıvanın beynəlxalq hava limanından istifadə olunması dəmiryolu və avtomobil nəqliyyatının, yerli turizmin və xarici turizmin artımını 5 dəfəyədək artıra bilər.
Naxçıvanda daha çox sağlamlıq və aqrar turizm üstün potensiala malikdir.
Mineral suların səmərəli istifadəsi, onun istehsalı və xarici bazarlara çıxarılması xarici investorların marağını artırır. Digər tərəfdən duz, mineral sular, ekoturizm yolu ilə sağlamlıq müəssisələri artırılacaqdır.
Ən mühüm təsərrüfat fəaliyyəti - kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması və emalı ilə ərzaq sənayesinin inkişafının təmin olunmasıdır ki, bu istiqamətdə komplekslər, ixtisaslaşmış parklar, klasterlər və azad iqtisadi zonalar yaradıla bilər. Ən çox isə meyvə-tərəvəz və heyvandarlıq məhsullarının emalı, tədarükü və satışı üzrə xüsusi təsərrüfatlar yaranır.
Müasir şəraitdə Naxçıvana dəstək proqramları yolu ilə inkişaf strategiyasının tətbiqi əsas rol oynayır.
Naxçıvan iqtisadiyyatı təbii sərvətlərin istifadəsi və əmək ehtiyatlarının səmərəli istifadəsi üçün münbit ərazidir. Onun iqtisadiyyatında münbit dağ-torpaq resursları mövcuddur. Bu baxımdan həmin resurslar kiçik sahibkarlıq üçün səmərəlidir. Yeraltı süxurlar, duz, gümüş yataqları və yerüstü sərvətlərin cari və perspektiv dövriyyəyə cəlb edilməsi yolu ilə islahatların keçirilə bilməsi həmişə aktual olmaqla, təbii sərvətlərin müasir iqtisadi və sosial dövriyyəyə cəlb edilməsini əsaslandırır.
Təbii sərvətlərin alternativ istifadəsi Naxçıvanın ixrac potensialını artırır və dünyaya inteqrasiya sistemini genişləndirir. Naxçıvanda ixrac potensialını artırmaq və təkrar istehsalı təmin etmək hədəfi özlüyündə dövlət siyasəti olmaqla, ölkə iqtisadiyyatı maliyyə və resurs potensialı ilə əlaqələrin, bölgü və himayəçilik, subsidiya və müdaxilə siyasətini formalaşdırıb.
Naxçıvanın iqtisadi və sosial potensialından istifadə üçün mərkəzləşdirilmiş resurslardan istifadə istiqamətləri və mexanizmləri aktual olmuşdur.
Perspektiv istiqamətlərdə təkrar resurslar, alternativ enerji mənbələri, sənaye və ərzaq məhsulları komplekslərinin inkişaf etdirilməsi layihələrinin institutsional ierarxiyası proqnozlaşdırılmalıdır.
Alternativ enerji mənbəyi Naxçıvanda ixracat potensialını artırmaq üçün səmərəli fəaliyyətdir. Bu da öz növbəsində investisiya layihələrinin və xarici investorların cəlb olunmasına səbəb olacaq (Naxçıvanda məhdud olmaqla təkrar istehsal üçün əlavə kapital qoyuluşu tələb edir). Bu, daha çox suvarma və içməli su ehtiyatlarının yeni texnologiyalarla bərpası və istifadəsi istiqamətlərini sürətləndirir.
Naxçıvanın əhalisinin məskunlaşmasında və rifahının yüksəldilməsində ev təsərrüfatı və özünüməşğulluq fəaliyyəti ənənəvi və resurs tələbi ilə formalaşan və ixtisaslaşan sahələrdir. Bu istiqamətdə ev təsərrüfatı daxili bazar, natural istehlak və bazara çıxış üçün məhsul və xidmət istehsalının artmasına, əhalinin məskunlaşması və miqrasiyanın azalmasına şərait yaradılır.
Ev təsərrüfatı əhali gəlirlərinin və bazar üçün məhsul xidmət sferasında reallaşan məhsulların 80 faizə qədərini təşkil edir.
İnkişaf baxımından ev təsərrüfatını stimullaşdırmaq üçün subsidiya, güzəşt və həmçinin dövlət himayəsi siyasəti Naxçıvanda daha vacibdir. Bu baxımdan institutsional idarəetmə və hüquqi bazanın təkmilləşməsi, yerli istehsala şərait yaradılması metodiki təminat tələb edir.
Ev təsərrüfatının stimullaşmasının ilkin bazası - özəlləşmə və dövlət dəstəyi vasitəsilə kreditlərin verilməsidir. Sahibkarlığa dəstək proqramları üzrə torpaqların pay torpağı kimi istifadəyə verilməsi, ünvanlı dövlət sosial yardım proqramı ilə özünüməşğulluq və bazar tipli inkişafa dəstək və stimul mexanizmləri perspektiv inkişafın əsas istiqamətləridir.
Naxçıvanın inkişafının proqnozu iki əsas istiqamətlərdə aparıla bilər:
- -birincisi - onun resurslarını səmərəli iqtisadi və sosial dövriyyəyə cəlb etməkdə yeni tələbat sistemini, onun respublika və xarici əlaqələr sistemində rolunun nəzərə alınması;
- -ikincisi - Naxçıvan MR-in yeni ərazi konsepsiyası baxımından beynəlxalq əlaqələr və Zəngəzur dəhlizindən nəqliyyat və dünya iqtisadiyyatı ilə inteqrasiya amillərini nəzərə almaqla geniş mənada transformasiya modeli əsasında inkişafı.
Sosialyönmümlü regional siyasət Azərbaycan Respublikasının konseptual inkişaf strategiyası olduğu üçün onun regional aspektləri xüsusi hədəf olaraq perspektivdə yeni aspektlər və həlli olan problemləri özündə birləşdirir.
Regional inkişaf tendensiyasının hədəfləri, məskunlaşma, rifah hər bir regionun iqtisadi-sosial potensialını artırmaqdır.
Ev təsərrüfatları Naxçıvanda yerli tələbatı ödəmək, özünüməşğulluq və bazara çıxış üçün öz əhəmiyyətini bu gün və perspektivdə saxlayacaqdır. Təbii ki, ev təsərrüfatının dünya və respublika bazarına çıxışını sürətləndirən əsas amillər - infrastruktur layihələrinin təşkili və dünya bazarı ilə inteqrasiyanın əsaslarıdır. Bu məqsədlə hava yolları, dəmiryolu və avtomobil nəqliyyatı, tranzit ərazi və sərhədyanı sosial iqtisadi potensialın genişlənməsi, yeni innovasiyalı istehsal, ticarət və kommunikasiya əlaqələrinin müasir tələblər əsasında modernləşdirilməsi mühüm rol oynayır.
Bakı-Mincivan-Naxçıvan dəmir yolunun və avtomobil yolunun açılması və uyğun infrastrukturun təşkili və müasir səviyyədə innovativ təşkili turizm, ictimai iaişə, yükdaşıma əhali məşğulluğunu təmin edəcəkdir. Bu da Naxçıvanda müxtəlif bacarıqlara malik olan kadrların və xidmət sferasında əmək ehtiyatlarının istifadəsini təmin edəcək, beynəlxalq səviyyəli təsərrüfatlar, parklar və yeni sahibkarlıq səviyyəsində müəssisələr artacaqdır.
Bu gün Azərbaycanda varislik prinsipinə uyğun olaraq sosialyönümlü siyasət Prezident İlham Əliyevin apardığı siyasətdə bütün idarəetmə ierarxiyasında əsas motiv və hədəf olaraq keyfiyyətcə yeni aspektlər kəsb edir. Müharibə, pandemiya və dünya böhranı şəraitində sosialyönümlü iqtisadi siyasətin müasir modeli və tətbiqi məsələləri özünün səmərəsini verir.
Azərbaycanda sosialyönümlü siyasət - motiv olaraq dayanıqlı inkişafın və müasir tələblərə uyğun islahatların əsas determinantıdır. İqtisadi və sosial inkişaf dayanıqlı və tarazlılıq meyllərinin, insan amili və onun çoxşaxəli aspektlərinin tənzimlənilməsi, bacarıqlar üzrə fəal təşəbbüs kimi aparılan siyasətlər müasir şəraitdə dünya inteqrasiya sisteminə çıxışı sürətləndirilir. Ona görə də 2026-cı ilədək sürətlənmə strategiyası prioritetlər üzərində qurulmaqla Heydər Əliyevin praqmatik və potensial yanaşma kimi nəzəri və praktiki töhfəsinin nəticəsidir. Onun planlı təsərrüfat və bazar tipli inkişaf modeli reallıqlar, nəzəri-metodoloji biliklər üzərində qurulmuşdur.
Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsi konsepsiyası iqtisadi inkişafla sosial müdafiənin strateji hədəflərinə nail olmaq tədbirləri və mexanizmlərini əhatə edir.
Təbii ki, sürətlənmə məqsədlər, hədəflər və onların reallaşması tədbirlərinin potensial imkanlarını, idarəetmə metodlarının və mexanizmlərinin sistem təsviridir. Müasir Azərbaycanda prioritetli yanaşma metodologiyası - Heydər Əliyevin inkişaf mexanizmi - müasir texnologiyalar, təcrübə və yeni prioritetlərə uyğun transformasiya modelidir.
Müasir Azərbaycanın islahatlar konsepsiyası onun sosial inkişaf prioritetləri və şəffaf iqtisadi imkanlar prizmasından həll olunur.
Ölkə prezidenti İlham Əliyev Ulu öndərin iqtisadi və sosial inkişaf modelinin yeni şərait və yeni məqsədlər, prioritetlər əsasında idarə edilməsi və təşkili üzrə konkret proqramlar və yanaşmalara dəstək olmaqla dünya iqtisadi sistemində respublikanın yerini daha da möhkəmləndirir.
Əli Əlirzayev
Əməkdar elm xadimi, i.e.d., professor
Natiq Qasımov
i.e.d., professor