Heydər Əliyev Moskvanın riyakar addımlarına Naxçıvandan hansı kəskin cavabı verib? - VİDEO
Naxçıvan televiziyası “Heydər Əliyev - 100: Naxçıvan 90-dan 93-ə” silsiləsini davam etdirir
Naxçıvan televiziyası ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı növbəti videoçarxı təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Heydər Əliyev - 100: Naxçıvan 90-dan 93-ə” silsiləsində böyük şəxsiyyətin televiziyanın arxivində qorunub saxlanılan unikal kadrları yer alır.
Hazırlanan növbəti videoçarxda ümummilli lider Heydər Əliyevin ermənilərin Sədərəyə hücumu ilə əlaqədar Naxçıvan televiziyasının efirindən xalqa canlı yayımla müraciətinin bir sıra məqamları, Türkiyənin Naxçıvana dəstəyi və qardaş köməyi, Naxçıvan əhalisinin öz torpaqlarını qorumaq uğrunda mübarizəsi, Rusiya siyasi dairələrinin və ordu birliklərinin bu mübarizəyə qarşı atdıqları riyakar addımlara və Ermənistana açıq dəstəklərinə kəskin etiraz yer alır.
Ümummilli lider Ermənistanın guya təcavüzə məruz qalmasını iddia edən Rusiya hakim dairələrinə sərt cavabında deyir: “Kollektiv Müdafiə Haqqında Bəyanata görə, guya Rusiya Ermənistanı müdafiə etməlidir. Bu gülünc bir haldır. Çünki biz Ermənistana təcavüz etmirik ki, Rusiya Ermənistanı müdafiə etsin. Biz öz torpaqlarımızı müdafiə edirik. Və öz torpaqlarımızı müdafiə etmək üçün Türkiyə Cümhuriyyəti Qars müqaviləsini sadəcə olaraq dünya ictimaiyyətinin, o cümlədən Ermənistan Cümhuriyyətinin yadına salır. Ancaq görün bu, nə qədər qorxu meydana çıxarıb, nə qədər böyük həyəcan meydana çıxarıbdır ki, Moskvada SNQ qoşunlarının baş komandanı Şapoşnikov ağılsız bir bəyanat verib ki, guya bu yeni bir cahan müharibəsinin başlanmasına səbəb olacaqdır... Biz müdafiə olunur, torpaqlarımızı müdafiə edirik. Təəssüf ki, bəzi dairələr güclərini nümayiş etdirmək istəyirlər, hədə-qorxu gəlirlər. Bunlar, təəssüf ki, o qədər də ağıllı siyasətin nəticəsi deyil”.