Bolqarıstanın “Yantra DNES” xəbər portalında Şuşa və Veliko-Tırnovo tarixi şəhərləri arasında əlaqələrin genişləndirilməsi barədə məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Veliko-Tırnovo şəhərinin meri Daniel Panovun Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşündən söhbət açılır.
Məqalədə bildirilir ki, Aydın Kərimov və Daniel Panov Şuşa şəhərində birgə bərpa işlərinin aparılması imkanlarını müzakirə ediblər.
Oxucuların diqqətinə çatdırılır ki, əməkdaşlıq çərçivəsində mədəni mübadilə və folklor ansambllarının qastrolları nəzərdə tutulur. Materialda Azərbaycan tərəfinin Veliko-Tırnovodakı ictimai obyektlərə sərmayə qoyulmasına böyük maraq göstərməsi vurğulanır.
Məqalənin sonunda qeyd olunur ki, qonaqlar Tsarevqrad-Tırnovski multimedia mərkəzində, Arbanasidə İsa Məsih kilsəsində, yenidənqurma və konservasiya işlərinə Heydər Əliyev Fondu tərəfindən 2,5 milyon bolqar levi (1,4 milyon ABŞ dolları) məbləğində vəsait ayrılmış Trapezitsa qalasında olublar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada Azərbaycanın Şuşa şəhəri ilə Veliko-Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.