Qisas qiyamətə qalmadı

A- A A+

Yazını ölkə başçısı, Prezident İlham Əliyevin bu fikirləri ilə başlamaq istərdim: “Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”.                                                 

Bəli, iki əsrdən artıqdır ki, Rus imperiyasının ağuşuna atılan erməni daşnak faşistləri varlığımıza qənim kəsildilər. Yaşamaq haqqımızı belə əlimizdən alıb, bizi-Azərbaycan türklərini erməni barbarlığının, erməni vandalizminin, erməni vəhşətinin günahsız qurbanlarına çevirdilər. Rus imperiyasının himayəsi və havadarlığı altında misli görülməmiş qəddarlıqla etnik təmizləmə siyasəti aparıb, qətllər törədib, ulu əcdadlarımızın min illər boyu yaşadıqları tarixi torpaqlarımızı işğal etdilər. Bədnam qonşularımız dənizdən-dənizə erməni dövləti qurmaq arzularını, utopik, uydurma “Böyük Ermənistan” xülyasını mərhələ-mərhələ gerçəkləşdirdilər. Bunun bir hissəsi də Xocalı oldu. XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb.

Görülməmiş amansızlıq, qəddarlıq və qətl faktları, miqyası və üsulları ilə  1992-ci ilin fevralında Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini ortaya qoydu. Dünyanın qətl və qəddarlıq simvolu olan o dəhşətli gecənin növbəti ildönümüdür. Bütün Azərbaycan xalqı bu faciənin qurbanlarını böyük ürək ağrısıyla yad edir.

Üç körpəcə balam vardı

Tikə -tikə doğradılar,

İndi artıq balasızam.

Qocalanda söykənməyə

Üç möhtəşəm qalam vardı,

Dağıtdılar…qalasızam.

 

Xocalıda gözlərimi

Çıxardılar…gözümsüzəm.

Dilçəyimi boğazımdan

Qopardılar…sözümsüzəm.

Vətən adlı ocağımı

Söndürdülər…közümsüzəm…

1992-ci ilin fevralına kimi Xocalı 7 min əhalinin yaşadığı, aylarla ermənilərin həmlələrinə, hücumlarına mərdliklə dözən bir yurd yeri idi.  Lakin bir gecənin içində yaşananlar Xocalı adının soyqırımla qoşa çəkilməsinə səbəb oldu. O gecə Xocalıda baş verənlər xalqımızın qan yaddaşına əbədi həkk olundu.

Əlbəttə, sabiq SSRİ Silahlı Qüvvələrinin 366-cı alayının müdaxiləsi olmasaydı, ermənilər bu miqyasda hücuma cəsarətlənməz, belə bir faciə törədə bilməzdi. Erməni yaraqlıları xocalılılara Xankəndi şəhərində yerləşdirilmiş sovet silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə divan tutdular. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi amansızlığı və qəddarlığına görə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.

Tanrıya min şükür ki, biz 44 günlük şanlı və haqlı Vətən müharibəsi ilə düşməndən Xocalının da qisasını aldıq. Ulu Öndər yolunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, mübariz, döyüşkən ordunun, əzmli və mətin Azərbaycan xalqının sayəsində biz əzəli torpaqlarımıza qovuşduq.

Qələbəmizdən sonra tarix kitabları yenidən yazılır, zəfərdən bəhs edən gözəl şeirlər qələmə alınır, zəfər nəğmələri bəstələnir, şanlı zəfər yolumuzdan bəhs edən əsərlər yazılır.

Mənfur düşmənin xarabalığa çevirdiyi hər yeri biz cənnətə çevirir, Qarabağa yeni nəfəs veririk.

Hər qarışına, hər daşına şəhidlərin qanı, nəfəsi hopan o Vətən torpaqlarını qorumaq bu günümüz və gələcəyimiz üçün ən böyük şərəfdir, vəzifədir, borcdur. 

 

Abdulla Əsgərov

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyi Aparatının Ümumtəhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: