Bəşəriyyətin dəhşəti, qan yaddaşı - Xocalı soyqırımı

A- A A+

Dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi idi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri havadarları və bir qrup muzdlu dəstələri ilə birlikdə Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalini qəddarlıqla qətlə yetiriblər. Hücum zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi, hələ də, məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı bəşər tarixində XX əsrin ən dəhşətli faciələrindən biridir. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Xocalı hadisələri azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi

Azərbaycan xalqının tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarixi kökü etibarilə bir zamanlar Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi - Şərq məsələsinin həyata keçirilməsi üçün uydurulan, əslində mövcud olmayan “erməni məsələsi” ilə bağlıdır. Şərq məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycanın torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşərək məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törədiblər. Hələ ötən əsrin əvvəllərində Mart soyqırımları, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. XX əsrin əvvəli Azərbaycan xalqı üçün qanlı olduğu qədər sonu da eyni ssenari üzrə qurulmuş hadisələrin təkrarı ilə yaddaşlarda qaldı. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıbdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib, kəndlər, şəhərlər dağılıb, on minlərə günahsız insan öldürülüb, yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından didərgin düşüb.

Xocalı həm də Azərbaycanın tarix-mədəniyyət nümunələrinə qarşı terrorun və torpaq iddiasının daha bir qurbanıdır

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olmaqla, Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi məhz Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşübdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Ermənistanın müharibə cinayətlərindən əziyyət çəkən Xocalı...

Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq gördülər. Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Xocalı qətliamı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşıladılar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid oldular. Vəhşi ermənilər tərəfindən şəhər qana bələndi, viran edildi. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər odlu silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər. Bu vandalizm aktı zamanı ermənilər törətdikləri çoxsaylı qətllərlə kifayətlənməyərək sağ qalmış insanlar üzərində də tamamilə təhqiredici hərəkətlər həyata keçirdilər. Bununla yanaşı, hücum zamanı Xocalıda istifadəsi qadağan olunan kimyəvi silahlardan istifadə edilməsi Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini bir daha təsdiqləyir.

Xocalıya ədalət!

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edərək BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak edərək Xocalı soyqırımını kədər hissi ilə xatırladı. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandıran Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirərək deyib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb.

Xocalı ilə dərinləşən Vətən sevdası nəsildən nəsilə ötürülür

Xocalı faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Xalqımızın mübarizə əzmini möhkəmləndirdi, gənc nəslin vətənpərvərlik tərbiyəsini formalaşdırdı. Həmin dövrdə qaçqın düşən uşaqlar, yaxınları faciə qurbanı olan gənclər sonralar həmin ərazilərin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq göstərdilər. Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən də bu məqsədlə ölkə tarixində xüsusi əhəmiyyətə malik hadisələr müxtəlif tədbirlər çərçivəsində yeniyetmə və gənclərə çatdırılır, onlarla bu barədə maarifləndirici söhbətlər aparılır. Ötən ildə də qurum tərəfindən Xocalı soyqırımının ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilib, filmlər nümayiş etdirilib. Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunmuş tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Ermənilərin dədə-baba torpağımız olan Qarabağa hücumu zamanı, o cümlədən muxtar respublikamızda Sədərək döyüşlərində yüzlərlə vətən övladı vətənin müdafiəsinə qalxıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Bu gün artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Məhz 44 günlük Vətən müharibəsindən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən-axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. Bu qələbə respublikamızın nəinki regionda, həmçinin bütün dünyada mövqeyini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi. Vətən müharibəsində də öz canları, qanları bahasına döyüşən hərbçilərimiz məhz 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Vətən qarşısında onların xidməti danılmazdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, canları bahasına bizə qələbəni bəxş edən bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki bütün Qarabağın üzərində günəş şəfəqlərini saçır, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və həmin torpaqlarda artıq üçrəngli bayrağımız dalğalanır. Bu gün hər bir Azərbaycan gənci də bu müstəqilliyi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə deyə bilərik ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlı olan gənclik yetişib.

Mirməcid Seyidov

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: