1992-ci ildə Naxçıvanda dövlət çevrilişinə uğursuz cəhd! - Naxçıvan televiziyası necə dağıdıldı?! - VİDEO
Naxçıvan televiziyası (NTV) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı növbəti videoçarxı təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Heydər Əliyev 100: Naxçıvan 90-dan 93-ə” silsiləsində böyük şəxsiyyətin televiziyanın arxivində qorunub saxlanılan unikal kadrları yer alır.
Hazırlanan növbəti videoçarxda AXC-Müsavat cütlüyünün Naxçıvanda ümummilli liderə qarşı apardığı çirkin təxribatçı mübarizə kampaniyası, 1992-ci ilin oktyabr ayında dövlət çevrilişinə uğursuz cəhd, ulu öndərin əsas söz tribunası olan Naxçıvan teleradiosuna hücum, blokada vəziyyətində yaşayan Naxçıvanın əsas informasiya mənbəyi olan Naxçıvan televiziyası və radiosunun, Daxili İşlər Nazirliyinin dağıdılması, maddi texniki bazasının talan edilməsi yer alır.
Videoçarxda ümummilli lider Heydər Əliyev uğursuz dövlət çevrilişi cəhdindən sonra Naxçıvan radiosu (televiziya tam sıradan çıxarıldığına görə xalqa müraciət radio ilə olmuşdu) ilə müraciətində Naxçıvanda Xalq Cəbhəsinin silahlı dəstələrinin dövlət çevrilişi cəhdi barədə məlumat verir, Naxçıvan əhalisini birliyə, mübarizəyə çağırır: “...Bəzi təzyiqlər var bizə. Bakıdan da təzyiqlər var. Ancaq bu təzyiqlərin heç birisi nəticə verməyəcək. Naxçıvan əhalisi qəhrəman əhalidir, cəsarətli əhalidir. İndi biz sərhədlərimizi qorumalıyıq. Bu işlərlə də biz ciddi məşğul oluruq. Allaha şükür ki, sərhədlərimizdə indi sakinlik yaradılıbdır. İndi biz camaatı dolandırmalıyıq. Qışa hazırlaşmalıyıq. Əgər Xalq Cəbhəsi, doğrudan da, Xalq Cəbhəsidirsə, doğrudan da, xalqın iradəsini ifadə etmək istəyirsə, bu işlərlə məşğul olmalıdır, xalqa bu barədə köməklik etməlidir. Ancaq qeyri-qanuni silahlı dəstələri burada saxlayıb-onlara mən terrorist dəstələr adı verirəm-terrorist dəstələri saxlayıb camaatı burada qorxutmaq, silah işlətməklə məşğul olmamalıdırlar... Mən Naxçıvan əhalisinə, hər kənddə, hər qəsəbədə, hər şəhərdə yaşayan naxçıvanlılara müraciət edirəm və deyirəm ki, bütün bu qeyri-qanuni dəstələrə qarşı Naxçıvan əhalisinin iradəsini müdafiə edirəm. Ümid edirəm ki, Naxçıvan əhalisi bizim bu mövqeyimizi müdafiə edəcək, Naxçıvan əhalisi bir olacaq, öz torpaqlarının bütövlüyünü qoruyacaq, öz torpaqlarının toxunulmazlığını qoruyacaq və öz konstitusiya hüquqlarını qoruyacaqdır.”