“newtimes.az” portalında “Bolton teoremi”: İrəvan və Tbilisi üçün çətin məsələ” sərlövhəli məqalə dərc edilib. NUHÇIXAN məqaləni təqdim edir.
Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz turnesi başa çatıb. O, Ermənistandan sonra Gürcüstana gedib və orada iki gün ərzində baş nazir, xarici işlər və daxili işlər nazirləri ilə görüşlər keçirib. Bundan öncə isə C.Bolton İrəvanda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən və onunla şam yeməyindən imtina etmişdi. Gürcüstanda isə amerikalı qonaq özünü daha istiqanlı, açıq və ünsiyyətcil aparıb. Bunların fonunda onun Ermənistan və Gürcüstanda etdiyi təkliflərin geosiyasi əhəmiyyəti qətiyyən aşağı görünmür. Əksinə, C.Bolton İrəvan və Tbilisi qarşısında riyazi teorem kimi həlli çətin görünən tələblər qoyub. İndi hər iki ölkənin rəsmi dairələri “Bolton teoremi”ni həll etmək üzərində baş sındırırlar. Bu məqamın üzərində təhlili dayanmağa ehtiyac görürük.
Ermənistan və Gürcüstan: Vaşinqtonun tələbləri
Con Bolton Azərbaycandan sonra Ermənistan və Gürcüstana səfər etməklə Cənubi Qafqaz turnesini yekunlaşdırdı. İndi ekspertlər onun hər üç region dövlətində apardığı danışıqlarda hansı məsələləri önə çəkdiyinin geosiyasi təhlilinə çalışırlar. İlk öncə demək lazımdır ki, əksər ekspertlər bu səfərə ciddi əhəmiyyət verirdi. Başlıca səbəb kimi isə Cənubi Qafqaz dövlətlərinin Rusiya və İranla həmsərhəd olması göstərilirdi. Yəni, bu səfərin geosiyasi vacibliyi yerli ölkələrdən çox ABŞ-İran və ABŞ-Rusiya münasibətləri kontekstində qiymətləndirilir.
Ola bilsin ki, bu, doğru yanaşmadır. Çünki İran və Rusiya ilə Amerikanın hazırkı münasibətləri, yumşaq desək, ürəkaçan deyil. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, C.Bolton hər üç region dövlətində doğrudan da İran və Rusiya haqqında düşündürücü fikirlər söyləyib. Lakin onların konkret məzmunu fərqlidir.
Belə ki, ABŞ Prezidentinin müşaviri İrəvan və Tbilisidə İranla bütün sahələrdə əməkdaşlığı minimallaşdırmağı tələb edibsə, Ermənistandan Rusiyadan silah almamağı istəyib, Gürcüstanı isə Moskvanın təhdidlərindən qoruyacağını vəd edib. Biz C.Boltonun bu məsələlər haqqında Bakıda nə dediyinə toxunmuruq. Çünki onun nə istəməsindən asılı olmayaraq, rəsmi Bakı müstəqil milli siyasət aparır. İrəvan və Tbilisinin isə Vaşinqtondan asılılıqları çoxdur. Faktlara baxaq.
Ermənistan hər il ABŞ-dan külli miqdarda maliyyə yardımı alır. Hətta Dağlıq Qarabağdakı separatçılara da Vaşinqton yardım əlini uzadır. Amerikada erməni diasporu mövcuddur və onun hakim dairələrlə sıx əlaqələri vardır. Nəhayət, siyasi olaraq Nikol Paşinyanın Ermənistanın ABŞ-a daha yaxın olmasını arzuladığı açıq hiss edilir. Onun hakimiyyətə gəlişində Amerikanın ciddi dəstəyinin olduğu barədə bu ölkənin Ermənistandakı keçmiş səfiri Riçard Mills açıq fikir bildirmişdi. ABŞ-ın yardım etdiyi yüzlərlə qeyri-hökumət təşkilatı Ermənistan ictimai rəyinə ciddi təsir edir. Təsadüfi deyil ki, Amerikanın bu ölkədəki diplomatik korpusunda 2500 (!) adam çalışır. Xatırladaq ki, Ermənistan Cənubi Qafqazın ərazisinə, əhalisinin sayına görə ən kiçiyidir və həm də qondarma bir dövlətdir.
Gürcüstan isə Mixeil Saakaşvilinin prezidentliyi dövründən tamamilə Vaşinqtonun himayəsi altındadır. İndi Tbilisinin hakimiyyət dəhlizlərinin hər küncündə bir amerikalı məsləhətçiyə rast gəlmək olar. Gürcüstan dövlətçiliyinin ayaqda dayanmasında amerikalıların və avropalıların ciddi rolu vardır. Rusiyanın təzyiqlərinin qarşısını almağa Gürcüstanın bir gün belə gücü çatmaz. Bu səbəbdən Gürcüstan siyasi dairələri ilə yanaşı, cəmiyyət də Avropadan və Amerikadan təşrif buyuran hər bir rəsmi şəxsə xilaskar kimi baxırlar. Onlar möcüzəyə inanmaq dərəcəsinə qədər Qərbə aludə olublar. C.Boltonla bağlı Gürcüstan siyasi rəhbərliyinin söylədikləri və KİV-in verdiyi qiymət bu kanondan kənara çıxılmadığını göstərir.
Təbii ki, bu cür asılılıqdan Amerika kimi qüdrətli və təcrübəli diplomatiyaya sahib bir dövlət bacarıqla istifadə etməyə çalışacaq. Konkret desək, Vaşinqton erməni və gürcülərə yağlı vədlər verib, əvəzində, onların müstəqilliklərini əllərindən almağa çalışmaqdadır (yeri gəlmişkən, digər böyük dövlətlər də – Rusiya, İran, Almaniya, Çin, Fransa da eynən bu cür hərəkət edirlər).
Bu kimi reallıqların fonunda C.Boltonun öncə İrəvanda, sonra isə Tbilisidə bu ölkələrin rəhbərlərindən açıqca İran və Rusiyaya qarşı Vaşinqtonun çəkdiyi sərhədlər daxilində hərəkət etmək zərurətini vurğulaması tamamilə proqnozlaşdırılan idi. Ancaq İrəvan və Tbilisinin bu tələbə münasibəti onların bir qədər ehtiyatlı davrandığına dəlalət edir. Hər ikisi üçün də xarakterik olan cəhət qorxudur. İrəvan həm Tehrandan, həm də Moskvadan qorxur, Tbilisi isə əsas olaraq Moskvadan qorxur.
Seçim məqamı: ölkə müstəqil olmayanda...
Buna baxmayaraq, Con Bolton istəyib ki, Ermənistan İranla iqtisadi, enerji, nəqliyyat, hərbi əlaqələrə yenidən baxsın. Bu, Nikol Paşinyana deyilib. Ancaq ekspertlər hesab edirlər ki, İrəvan Avrasiya İqtisadi İttifaqının İranla azad ticarət zonası yaratmaq ərəfəsində olduğunun fərqindədir. Və Vaşinqtonun bu tələbinə əməl etmək istəməyəcək. Onun hansı nəticələr verəcəyini zaman göstərəcək. Bununla yanaşı, İrəvan onsuz da Moskvanın qəzəbinə tuş gəlməmək üçün Tehranla energetika və nəqliyyat sahələrində elə də dərinə gedə bilmir. Eyni vədi İrəvan Vaşinqtona da verə bilər.
Ancaq burada bir məsələ var. Ermənistan “Bir Qurşaq, Bir Yol” (“Yeni İpək Yolu”) layihəsinə qoşulmağa can atır. Bunun üçün o, yalnız İran ərazisindən istifadə edə bilər. Çünki Azərbaycan yolu Ermənistana bağlıdır. İrəvan bir neçə dəfə bu barədə fikir bildirib. Ancaq hələlik real nəticə yoxdur. İndi də C.Bolton gəldi, bir qadağa da o qoyub getdi.
ABŞ rəsmisinin N.Paşinyana silahlarla bağlı söylədikləri də ekspertlərin diqqətindən yayınmayıb. C.Bolton amerikan silahlarının daha yaxşı olduğunu arqument kimi gətirərək, İrəvandan onları almasını istəyib. O açıq bəyan edib ki, əgər Rusiya ilə ABŞ silahları arasında seçim edilməli olsa, ikinciyə üstünlük verilməlidir. Ermənistan rəhbərliyi üçün bu, absurd təklifdir. Çünki, əvvəla, ABŞ Konqresi Azərbaycanla yanaşı Ermənistana da silah satışını qadağan edib. İkincisi, Ermənistan ordusu tamamilə Rusiya hərbi sisteminə daxildir, bütün silahlar Moskvadan verilir. Üstəlik, Ermənistan KTMT-nin üzvüdür. Bu isə o deməkdir ki, hərbi-texniki baxımdan Ermənistan ordusu NATO-ya qətiyyən inteqrasiya ola bilməz, həm də Kreml İrəvana bu istiqamətdə addım atmağa imkan verməz.
Gürcüstanla bağlı isə vəziyyət bir qədər fərqlidir. Öncə deyək ki, gürcülər C.Boltonun səfərindən çox sevincək olublar. Tbilisi hesab edir ki, D.Tramp administrasiyası dövründə iki ölkə arasındakı əlaqələr “yeni mərhələyə qədəm qoyub”! Gürcüstanda C.Bolton başlıca olaraq üç məsələdən bəhs edib. Birincisi – Gürcüstanın təhlükəsizliyi. İkincisi – Gürcüstanın İranla münasibətlərə Vaşinqtonun "gözü ilə baxması zərurəti". Üçüncüsü – Gürcüstandakı prezident seçkisində demokratiya və şəffaflığın təmin edilməsi.
Gürcüstanın təhlükəsizliyi haqqında danışmaq hər bir Qərb siyasətçisinin adət etdiyi mövzudur. Onlar maksimum dərəcədə belə təəssürat yaradırlar ki, Qərb olmasa, Rusiya Gürcüstanı “yeyər”. Arqument olaraq Abxaziya və Cənubi Osetiyanı göstərirlər. Digərləri kimi, C.Bolton da Tbilisini bu ərazilər məsələsində tam dəstəklədiklərini bir daha bəyan edib. A.Merkelin bir neçə ay öncə həmin problemlə bağlı ifadə etdiklərini C.Bolton faktiki olaraq təkrar edib. Ancaq A.Merkel kimi C.Bolton da konkret xilas yolundan danışmayıb.
ABŞ rəsmisi Tbilisiyə onu da deyib ki, son zamanlar İranın Gürcüstana daha çox nüfuz etməyə başladığı müşahidə edilir. Tehran sərmayələr yatırır və eyni zamanda, Gürcüstan ərazisindən Avropaya çıxış üçün istifadə etməyə cəhdlər göstərir. Vaşinqton bütün bunların minimallaşmasını tələb edir. Əks halda, yuxarıda vurğulanan bütün müsbət məqamların üstündən xətt çəkilə bilər. Yəni Gürcüstan Rusiya ilə təkbaşına qala bilər. Gürcülər bundan çox narahatdırlar.
Nəhayət, C.Bolton Gürcüstanda prezident seçkisinin necə keçiriləcəyindən çox şeyin asılı olduğunu da deyib. O, bu məsələyə ümumən ehtiyatla yanaşıb. Ancaq həm də ümid etdiyini bildirib ki, Gürcüstanda namizədlərin hər biri üçün bərabər imkanlar yaradılacaq və seçki beynəlxalq normalara uyğun keçiriləcək. Bununla o, faktiki olaraq seçkinin nəticələrinin ABŞ tərəfindən tanınacağına işarə verib. Eyni zamanda, onu da vurğulayıb ki, çoxlu sayda müşahidəçi prosesdə iştirak edəcək və Tbilisi bunu nəzərə almalıdır. Məqsəd aydındır.
Onu deyək ki, C.Boltonun səfərinin rəsmi qiymətləndirilməsi öz yerində, zarafatcıl gürcülərin buna öz orijinal yanaşması haqqında danışırlar. Tbilisililər məşhur gürcü lətifəsində olduğu kimi, C.Boltona baxıb deyiblər: “bığı onu bizə bənzədir”! Yəni başqa dedikləri elə-belə sözdür!
Hər bir halda, C.Boltonun Cənubi Qafqaza səfəri geosiyasi kontekstdə müəyyən dəyişmələrə səbəb ola bilər. Ekspertlər iki məqamı daha çox vurğulayırlar – İran və silah satışı. C.Bolton hər iki məsələ üzrə Cənubi Qafqaz dövlətləri ilə yaxın əlaqələrdə olmaq arzusundadır. Regionun geosiyasi və hərbi özəlliyini nəzərə alsaq, bu, mövcud vəziyyəti daha da gərginləşdirə bilər.