Nüfuzlu “Əl Əhram” nəşri Qlobal Bakı Forumunun Çinlə bağlı panel iclasından yazıb

A- A A+

Misirin nüfuzlu “Əl Əhram” qəzetində Azərbaycanın paytaxtında keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" mövzusuna həsr olunmuş panel iclası barədə geniş məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Çin hesab edir ki, inkişaf təhlükəsizlik və sülhün əsas amilidir” sərlövhəli məqalədə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi elçisi və Almaniyada sabiq səfiri Vu Honqbonun panel iclasında çıxışından əsas məqamlar yer alıb. Müəllif qeyd edib ki, Çinin nümayəndəsi son üç ildə dünyanın COVID-19 pandemiyası, iqtisadi və maliyyə böhranları, iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Pekin inkişafı birinci yerə qoymaq, insanlara xidmət edən tendensiyalar, hamı üçün faydalar, innovasiya üçün hərəkətverici qüvvələr, insan və təbiət arasında harmoniya və fəaliyyətə əsaslanan nəticələr daxil olmaqla, öz siyasətini 6 vektor üzrə həyata keçirir.

Məqalədə diqqətə çatdırılıb ki, Vu Honqbo Pekinin 60-dan çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən qlobal inkişaf təşəbbüsünü irəli sürdüyünü, Çinin 100 milyon vətəndaşını ifrat yoxsulluq vəziyyətindən çıxarmaqda uğur qazandığını və bununla da BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Hədəfinə çatdığını vurğulayıb. Çin, eyni zamanda, 2030-cu ilədək karbon emissiyasını azaltmağı və 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürür.

Çinin xüsusi elçisi deyib: “Pekin qlobal miqyasda ən böyük enerji istehlakçısıdır, lakin buna baxmayaraq, dünyanın heç bir ölkəsində olmadığı kimi, elektromobillərin istifadəsində böyük uğurlar qazanıb. Bununla yanaşı, Çin elektrik enerjisinin modernləşməsi sahəsində misilsiz nailiyyətlər əldə edib. Beş vektorlu siyasətin həyata keçirilməsi əsasında, 1,4 milyardlıq əhalisi olan ölkəmiz insan kapitalından bəhrələnmək, hamı üçün rifah ideyasını dəstəkləmək, mədəni tərəqqiyə nail olmaq, insan və təbiət arasında harmoniya yaratmaq, ətraf mühitə və nəhayət, firavanlığa çatmaq üçün dinc inkişafa xüsusi əhəmiyyət verir”. O, qeyd edib ki, Çinin əsas məqsədi rəqabət aparmaq və ya başqa bir ölkəni əvəz etmək deyil. Pekin üçün önəmli olan tərəqqi, daha çox nailiyyətlər əldə etmək, bütün ölkələr üçün inkişaf və təhlükəsizliyə nail olmaqdır. Təhlükəsizliyin bütün dünya ölkələrinin maraqlarına cavab verəcəyini və bu səbəbdən Çinin bu yaxınlarda hərtərəfli əməkdaşlığa, sülhə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə riayət etməyə və dünyadakı bütün münaqişələrin dialoq və sülh yolu ilə həllinə əsaslanan qlobal təhlükəsizlik təşəbbüslərini xatırladan V.Honqbo bildirib ki, onun ölkəsi Rusiya və Ukrayna arasında münaqişəyə dair danışıqları dəstəkləmək siyasətinə sadiqdir. “Pekin Moskva və Kiyev arasında sülhə nail olmaq üçün gərginliyin və eskalasiyanın azaldılmasına çalışır. Tayvan məsələsinə gəldikdə, bu, Çinin daxili problemidir və sülhə, inkişaf maraqlarına təhlükə yaratmır. Rusiya ilə Ukrayna arasında mübahisə isə ərazi suverenliyi ilə bağlıdır”, -deyə xüsusi nümayəndə sonda vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: