Rumıniyanın “Style Guide” portalı Qlobal Bakı Forumunda iştirak edən sabiq Prezident Emil Konstantineskunun Ümummilli Lider Heydər Əliyev barədə fikirlərini yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Emil Konstantinesku Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında müdrikliyindən istifadə etdiyini bildirib. Buna misal olaraq, o, bir çox xarici şirkətlərin Azərbaycanda fəaliyyətinə imkan verən "Əsrin müqaviləsi”nin imzalanmasını göstərib və deyib ki, bu, ölkənin inkişafına töhfə verib.
Bundan başqa, sabiq Prezident Ulu Öndər Heydər Əliyevlə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı xatirələrini bölüşərək deyib: “Birgə işləmək bizim üçün asan idi. Biz Azərbaycanı Rumıniya üçün Xəzər regionuna açılan qapı hesab edirdik, Azərbaycan isə Rumıniyanı Avropaya pəncərə kimi görürdü. İkitərəfli münasibətləri inkişaf etdirmək üçün birgə əməkdaşlığımız çox səmərəli olub.
Rumıniyalı siyasətçi əlavə edib ki, Heydər Əliyev lazımi anda düzgün qərar qəbul etməyi bacarırdı və bu, ona prezidentliyi dövründə üzləşdiyi problemləri həll etməyə kömək edib.