Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən müasir qlobal çağırışlar əsasında zənginləşdirilərək, uğurla davam etdirilən milli inkişaf strategiyası ölkəmizin və xalqımızın gələcəyinə böyük nikbinliklə baxmağa imkan verir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlət kimi tanınır. Bunun başlıca səbəbi elmi əsaslara söykənən iqtisadi islahatların siyasi islahatlarla tamamlanması və uzlaşdırılmasıdır. Ölkənin, dövlətin inkişafını ilk növbədə vətəndaşa xidmətdə görən Heydər Əliyev tarix yaratmış şəxsiyyətdir. Azərbaycanın tarixinin ən önəmli, ən əhəmiyyətli hissələri məhz onun adı və fəaliyyəti ilə bağlıdır.
Ulu öndərin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilibdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olubdur. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir. Ümummilli lider böyük dövlətçi, siyasi xadim və dahi şəxsiyyət olaraq dağılmış, talan edilmiş, viran qoyulmuş, yalnız adı müstəqil respublika olan Azərbaycanı ayağa qaldırdı. Heydər Əliyev nəinki ölkənin müstəqilliyini qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verərək Azərbaycanı dünyaya tanıtdı. Böyük öndərin hakimiyyətə qayıdışı ilə həyatın bütün sahələrində köklü dəyişikliklərə, islahatlara start verildi. Ümummilli lider müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirməklə həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi.
Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu. Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərlərinə qoyulan vəzifələri həyata keçirməyə başladı.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda ölkə həyatının bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi, demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı. 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni təsis olunan konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən olundu. Bu gün artıq Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biridir.
Ölkəmizdə olduğu kimi ötən əsrin 50-ci illərindən etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlarının həyatında da mühüm dəyişikliklər baş verib. Bu dövrdən başlayaraq ittifaq komitələrinin sahələr üzrə formalaşması bir tərəfdən hərəkatın ilk təşkilatlara daha da yaxınlaşmasına imkan yaradırdısa, ikinci tərəfdən genişlənməkdə olan böyük bir hərəkatın mərkəzləşmiş qaydada idarə olunmasını tələb edirdi. Bütün bunlar nəzərə alınaraq 1967-ci il noyabrın 17-də keçirilən təsis konfransında Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurası təşkil olundu və muxtar respublikada həmkarlar ittifaqlarının fəaliyyətindəki pərakəndəliyə son qoyuldu. Həmin dövrdə ittifaq üzvlərinin sayı 31 min nəfər təşkil edirdi. Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının fəaliyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərində daha da güclənib. Ulu öndərin təşəbbüsü ilə muxtar respublika Həmkarlar İttifaqları Şurasının yeni binası tikilərək 1974 -cü ildə istifadəyə verildi.
Naxçıvan Həmkarlar İttifaqı bu gün də cəmiyyətin inkişafı, sosial-iqtisadi mühitin formalaşması, vətəndaşların məişət problemlərinin həll olunması, əmək şəraitinin daha da yaxşılaşdırılmasında səylərini artırır. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 46224 üzvü, 767 ilk təşkilatı, 6 muxtar respublika və 10 birləşmiş rayon və şəhər komitələrini birləşdirir.
Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni müəssisələrin yaradılması həmkarlar ittifaqlarının fəaliyyətinə də geniş imkanlar açıb. Ötən illərin təcrübəsi göstərir ki, muxtar respublikanın həmkarlar ittifaqları yaradılan şəraitdən səmərəli istifadə edir, üzvlərin sosial hüquqlarının qorunması, onların sanatoriya-kurortlara göndərilməsi, istirahətlərinin təşkili istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Bununla yanaşı, Həmkarlar İttifaqları Şurasında gənclərin məsul işlərə cəlb olunmasına xüsusi diqqət yetirilir, onlar idarə, müəssisə və təşkilatlarda ilk həmkarlar ittifaqları təşkilatlarının sədri vəzifəsinə irəli çəkilirlər. Fəxrlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal işlər aparılır.
Lalə Möhbalıyeva
Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə təlimatçısı