NUHÇIXAN xəbər verir ki, Rusiyanın tanınmış 123ru.net , spark.ru, salik.biz. internet portallarında ermənilərin tarixi saxtakarlıqlarını ifşa edən tutarlı faktlar əsasında rusca və ingiliscə maraqlı məqalə yerləşdirilib. “Viqen Avetisyana cavab. Ermənilərin yalançı tarixini yazmağı dayandırın” adlı məqalədə adıgedən müəllifin guya 1905-ci ildə Bakı və Naxçıvanda kütləvi erməni qırğını törədilməsi ilə bağlı yazısına etiraz olunur. Siyasi elmlər doktoru, dosent Zaur Əliyevin və jurnalist Həsən Həsənovun birgə yazdığı məqalədə bildirilir ki, erməni müəllif çox güman ki, tarixi yaxşı bilmir və bu sahədə öz naşılığını tarixi faktları və hadisələri təhrif etməklə büruzə verir. Belə ki, sözügedən qırğın 1905-ci ildə Azərbaycan türklərinə və bu coğrafiyada yaşayan digər xalqlara qarşı ermənilər tərəfindən törədilib. Hətta ermənilərin “Qnçak” partiyasının şüarı “ Türkü və kürdü harda gördünsə-öldür!” olub. (“Xistorma” № 10, iyun, 1895, səh.79 ). Ermənilərin burada öldürülməsinə gəldikdə isə bu sadəcə antiterror əməliyyatı və azərbaycanlıların özünümüdafiəsidir. Çünki həmin vaxt erməni terrorçuları bütün türkləri və digər xalqları, o cümlədən talışlar, tatlar, qırğızlar, yəhudilər və kürdləri də qılıncdan keçirirdilər. Bu barədə M.S.Ordubadinin “Qanlı sənələr” adlı əsəri tarixi mənbə olaraq hadisələri çılpaqlığı ilə ortaya qoyur. “Ermənilərin Naxçıvanda iğtişaş yaratmaq istəkləri ona görə baş tutmadı ki, onların burada köklü dəstəyi yox idi. Çünki ermənilər bura sonradan, 1828-ci ildən başlayaraq Rusiyanın Qafqazdakı qoşun komandirləri Yermolov və Paskeviçin təşəbbüsü ilə İran ərazisindən kütləvi şəkildə köçürülüblər ”- deyə müəlliflər yazır. Digər maraqlı fakt isə ermənilərin bir xristian olaraq İrandan Rusiyanın təbəəliyində olan Qafqazdakı torpaqlara köçürülməsi ilə bağlı gizli müqavilədir. Səfir Qriboyedovun Təbrizdə öldürülməsindən sonra bu proses sürətlənib. Faktlar isə onu göstərir ki, Qriboyedovun öldürülməsində də ermənilərin birbaşa rolu olub. Çünki Qriboyedov ermənilərə münasibətdə heç də müsbət fikirdə olmayıb. Müəlliflər Sankt-Peterburq arxivlərində saxlanan Qriboyedovun ermənilərin Naxçıvana köçürülməsi ilə bağlı Paskeviçə olan məktubunu da burada təqdim edirlər. Məktubda deyilir: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi yaxşı düşünülməmiş siyasətdir. Çünki rus hökumətinin bu köçürməyə razılığı Naxçıvanda yerli və köklü xalqın haqlı olaraq etirazına səbəb olur. Bu köçürülməyə qədər Naxçıvanda demək olar ki, erməni yaşamayıb. Onları barmaqla saymaq olar. Türkmənçay müqaviləsindən sonra isə İrandan Naxçıvana buradakı əhalinin sayı qədər süni şəkildə erməni köçürülür. Düzdür burada köçürülən ermənilər digər yerlərlə müqayisədə ən yaxşı yerlərdə yaşayırlar. Amma Azərbaycan türklərinin narazılığı və etirazları artıq son həddə çatır”.
Qriboyedov erməniləri digər ərazilərə köçürməyi təklif etsə də, onları Rusiyanın mərkəzindən uzaq tutmağı məsləhət görür. Onun çara yazdığı məktubunda bildirilirdi ki, ermənilər harada yaşasalar bir neçə on illikdən sonra oranın onların qədim ata-baba yurdu olduğunu iddia edəcək və bu barədə dünyaya car çəkəcəklər.