Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti hələ də davam edir. ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV televiziya kanalına müsahibəsində söyləyib.
Səfir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Ancaq Azərbaycan xalqının da səbrinin bir həddi var. Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə torpaqlarımızı işğalçılardan azad etməyə qadirdir.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə 15 ildə həyata keçirilən uğurlu qlobal sosial-iqtisadi islahatlar haqqında məlumat verən A.Xudiyev ölkəmizin dünyada iri enerji, iqtisadi layihələrin müəllifi olduğunu vurğulayıb.
Azərbaycan diasporunun fəaliyyətinə dair jurnalistin sualını cavablandıran səfir qeyd edib ki, diaspor təşkilatlarımız, soydaşlarımız Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirlər.