Elçin Mirzəbəyli: Ermənistanın xarici siyasətinin manipulyasiyaya söykənən mahiyyəti tamamilə ifşa olundu
Ermənistanın “yenidən qurulması” adı altında bu işğalçı ölkədə başlayan proseslər son nəticədə çürüməkdə olan siyasi sistemin tam deformasiyası ilə nəticələndi. Bununla yanaşı, Yerevanın xarici siyasətinin manevrlərə deyil, manipulyasiyaya söykənən mahiyyəti də tamamilə ifşa olundu. Paşinyanın cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət “komandası”nın üzvləri də son nəticədə özündən əvvəlkilərdən, sadəcə, maskalanmış açıqlamaları və davranışları ilə fərqləndiklərini ortaya qoydular. Ermənistan parlamenti ilə hökumət arasında baş verən ziddiyyətlər həm parlamentin, həm də hökumətin oyuncaq, ekstremal vəziyyətlərə hazırlıqsız, yalnız korporativ maraqların istifadə aləti olmağa yarayan “institutlar”dan ibarət olduğunu nümayiş etdirdi.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlişi ərəfəsində başlayan siyasi böhran və bu günə qədər davam edən proseslər Ermənistanın daxili və xarici siyasətindəki bütün boşluqları aşkara çıxardı. Bütün bunlardan sonra xarici siyasətinin prioritetləri qeyri-müəyyən olan, yaxud, ümumiyyətlə, olmayan Paşinyan özündən əvvəlki hakimiyyətin manevrlərini dəyişik obrazda həyata keçirməyə çalışdı. Paşinyan Avropa İttifaqına hələ küçə və meydanlarda keçirdiyi mitinqlər zamanı səsləndirdiyi mesajlara söykənərək Brüsselə səfər etdi və bu səfər iflasa uğradı. Daha sonra Rusiyaya yönəlik bəyanatlar verdi və bu ölkəyə etdiyi səfərlərdən də əliboş qayıtdı. Paşinyanın İranla, Gürcüstanla bağlı manevrləri də ciddi qəbul olunmadı və nəticə vermədi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfəri və səfər çərçivəsində Azərbaycanda, Ermənistanda və Gürcüstanda səsləndirdiyi bəyanatlar rəsmi Yerevanın bütün ümidlərinin üzərindən xətt çəkdi və Azərbaycan torpağının işğalına son qoyulmayınca bu təcavüzkar ölkənin siyasi, iqtisadi və sosial böhrandan çıxış yolunun olmayacağını təsdiqlədi. Daha dəqiq desək, Ermənistanın bütün gözləntilərinə son nöqtəni qoydu.
E.Mirzəbəyli diqqətə çatdırıb ki, Azərbaycan bu müddət ərzində həm Rusiya, həm ABŞ, həm Avropa İttifaqı, eləcə də Gürcüstan və İranla münasibətlərini qarşılıqlı faydalılıq əsasında ən yüksək səviyyəyə çatdırdı. Azərbaycanın həyata keçirdiyi layihələrə ciddi və birmənalı dəstək verildi. Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayacaq Cənub Qaz Dəhlizinin, daha sonra TANAP-ın rəsmi açılış mərasimləri keçirildi, TAP-la bağlı bütün nəzəri ehtimallara son qoyuldu, Xəzərin hüquqi statusu haqqında Konvensiya və Rusiya ilə çoxsaylı yol xəritəsi statusunda olan müqavilələr imzalandı, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə rəsmi Tehran ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək verdi və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini açıq şəkildə bəyan etdi. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın uzun illər həyata keçirdiyi sabit, qarşılıqlı faydalılığa söykənən çoxvektorlu, xalqımızın maraqlarına xidmət edən siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Nikol Paşinyanın Azərbaycanın bu siyasi kursunu təkrarlamağa cəhd göstərməsinin və bütün cəhdlərin fiaskoya uğramasının isə səbəbləri çoxdur. Ən başlıca səbəbi isə qarşılıqlı faydalılıqla bağlıdır. Ermənistan qapısına üz tutduğu bütün qütblərdən faydalanmağa çalışır, özünün isə kimsəyə faydası yoxdur. Digər tərəfdən, Paşinyan Azərbaycanın sabit, etibarlı xarici siyasətinin mahiyyətini dərk etmədən onu mənimsəməyə çalışdı. Amma anlamadı ki, çoxvektorlu, bərabərhüquqlu münasibətlərə söykənən xarici siyasətlə gah onun, gah bunun himayəsinə sığınmaq, “eyni vaxtda iki stulda oturmaq” cəhdi arasında çox böyük fərq var.