Noyabrın 2-də Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak edib.
Ənənəvi olaraq iclas iki formatda keçirilib. Nümayəndə heyətləri rəhbərlərinin məhdud tərkibdə görüşündə üzv ölkələr arasında əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi, maliyyə və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.
Azərbaycanın Baş naziri Novruz Məmmədov məhdud tərkibdə iclasda çıxış edib.
İclas iştirakçılarını Azərbaycan Hökuməti adından salamlayan Novruz Məmmədov bildirib ki, MDB bu qurumun üzv dövlətlərinin hərtərəfli əməkdaşlığı, həm regional, həm də beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirəsi və bu məsələlər üzrə qarşılıqlı fəaliyyət üçün mühüm platformadır. MDB formatında daimi sıx əlaqələrin və ikitərəfli əməkdaşlığın səviyyəsi ölkələrimiz arasında qarşılıqlı anlaşmaya və etimadın möhkəmlənməsinə şərait yaradır, Birliyin inkişafında mühüm rol oynayır.
İclasın gündəliyinə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunan Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə başlanan qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması həm bizim ölkənin, həm də bütövlükdə regionun infrastrukturunun modernləşdirilməsinə mühüm töhfə verməkdə davam edir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan regionda mühüm tranzit rolu oynayır. Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılması Azərbaycanın yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir. İqtisadi artımın dinamikasının saxlanması, makroiqtisadi sabitliyin möhkəmlənməsi, investisiya şəraitinin yaxşılaşması, iqtisadiyyatın şaxələndirilməsinin sürətlənməsi əhalinin rifahını yüksəltməyə yönəlmiş uğurlu sosial siyasəti həyata keçirməyimizə imkan verir.
Azərbaycanın bütün sahələrdə, o cümlədən humanitar sferada əməkdaşlığın möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Baş nazir bildirib ki, ölkəmiz humanitar əməkdaşlığın inkişafına sanballı töhfə verir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə başlanmış “Bakı Prosesi” – bu il on illiyi qeyd edilən Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum tolerantlığın və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş birgə səyləri dəstəkləmək üçün səmərəli platformadır. Bu il oktyabrın 25-26-da Bakı şəhərində 86 ölkənin, 25 beynəlxalq və regional təşkilatın nümayəndələrinin iştirakı ilə, artıq ənənə halı almış, beynəlxalq mədəni və humanitar əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfə verən VI Beynəlxalq Humanitar Forum keçirildi. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarına müraciətində VI Bakı Forumunun “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunun müasir cəmiyyət üçün böyük əhəmiyyətini xüsusi qeyd edib.
Baş nazir Novruz Məmmədov vurğulayıb ki, ənənəvi olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlar Azərbaycanın multikulturalizm dəyərlərinin və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş səylərini əyani şəkildə nümayiş etdirir. Novruz Məmmədov deyib: “Əminəm ki, humanitar sahədə sıx əlaqələr əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli zəmindir. Hesab edirəm ki, MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2019-2020-ci illər üçün Prioritet Tədbirlər Planının həyata keçirilməsi humanitar sferada, xüsusən təhsil, elm, mədəniyyət, idman, turizm, habelə gənclərlə iş sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə şərait yaradacaq”.
MDB məkanında nizamlanmamış münaqişələr məsələsinə toxunan Azərbaycanın Baş naziri qeyd edib ki, bu problem regional əməkdaşlığın həyata keçirilməsi və Birliyin iştirakçısı olan bütün dövlətlər arasında daha sıx qarşılıqlı fəaliyyət üçün başlıca maneədir. Münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun şəkildə tezliklə nizamlanması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək, davamlı inkişaf üçün daha əlverişli şərait yaradacaq.
x x x
Sonra MDB Hökumət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib. İclasının gündəliyinə müxtəlif sahələrdə əməkdaşlığa dair 15 məsələ daxil edilib.
Əvvəlcə iclasda MDB iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti, nüvə və ya radiasiya qəza vəziyyəti yarandığı halda onların nəticələrinin aradan qaldırılmasına dair qarşılıqlı yardım üzrə saziş müzakirə edilib.
Sazişin əsas hədəfi fövqəladə hallar zamanı radioaktiv təsirə məruz qalan böyük ərazilər üçün bərpa texnologiyalarının işlənib hazırlanması, əhalinin təhlükəsizliyinin və sosial reabilitasiyasının təmin edilməsidır.
Eyni zamanda, iclasda sərbəst ticarət razılaşması layihəsinin hazırlanmasına xüsusi diqqət yetirilib. Qarşılıqlı ticarətdə sədlərin aradan qaldırılması üçün bu sahədəki prosedurların sadələşdirilməsi, həmçinin yeni texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, birgə fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində konkret təkliflər səsləndirilib.
İclasda MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2019-cu il mayın 31-də Aşqabadda keçirilməsi qərara alınıb.
Hökumət Başçıları Şurasının Astana iclasının yekununda bir neçə sənədin, o cümlədən MDB üzv dövlətləri arasında vergi idarəçiliyi üzrə elektron informasiya mübadiləsi haqqında Protokol imzalanıb.
Bununla da iclas işini başa çatdırıb.