Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlar - VİDEO

A- A A+

Tarixin müxtəlif dövrlərində olduğu kimi 1918-1920-ci illərdə də Naxçıvana daşnak erməni quldur dəstələri hücumlar edib,  amma məğlub olaraq geri çəkiliblər. Bu cinayətləri öz gözləri ilə görənlərdən biri də 1903-cü ildə Naxçıvanda doğulub, boya-başa çatan görkəmli şəxsiyyət Lətif Hüseynzadə olub. Lətif Hüseynzadə müəllifi olduğu “Araz şahiddir. Türk ordu generalı Kazım Qarabəkir Paşa Naxçıvanda” adlı kitabında şahidi olduğu o dövrün acısını, qanlı hadisələrini qələmə alıb.

Lətif Hüseynzadə öz xatirələrində yazır: “1918-ci il mart ayının əvvəllərində Naxçıvan camaatı əziz Novruz bayramını şən keçirmək həvəsi ilə hazırlaşdıqları bir zamanda ermənilər şəhərin Şahab, Əlixanlı, Zaviyə məhəllələrini top atəşinə tutdular. Yaşadığımız Sarvanlar məhəlləsini və bu məhəlləyə yaxın Gomayi, Dizə, Xoşulu məhəllələrinə od vurub yandırdılar... Əgər türk ordusu, Kazım Qarabəkir Paşanın ordusu Naxçıvana köməyə gəlməsəydi, bu vilayətdə bir nəfər türk-müsəlman qalmayacaqdı. Bütün bunlar mənim gözlərimin qarşısında olmuşdur”.

Kitabdan oxuyuruq ki, 1918-ci ilin iyun ayının əvvəllərində Andranik 15 minlik quldur dəstəsi ilə qəflətən Naxçıvan ərazisinə soxulmuşdu. Onlar ilk addımlarında Culfanın Yaycı kəndinin əhalisini qılınc, xəncər və süngü ilə qətl edərək Araz çayına tökmüşdülər.

Andranikin qoşunu Nehrəm kəndini mühasirəyə alıb kəndi top atəşinə tutsa da, kəndə girə bilməyib, amma kənd ətrafında obalara hücum etmişdilər. 

Bundan sonra qaniçən Andranik Camaldın, Ərəzin, Bənəniyar və digər kəndlərdə dinc sakinlərə amansız divan tutur, eləcə də əsas qüvvələri Sirab kəndinə yeridir.

Ermənilər həmin vaxt yaxın yerlərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki 3 məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırıblar.

Erməni-daşnak və bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini yaxşı bilməli və daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi.

 

Elnarə Heydərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: