Qan yaddaşımızın soyqırımı tarixlərinə nəzər

A- A A+

Bəşəriyyət tarixin müxtəlif mərhələlərində etnik zəmində təmizləmə siyasəti və soyqırımı kimi cinayətlər yaşayıb. Bu mənada soyqırımı etnik, irqi, dini, milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi, kütləvi şiddət formasıdır. Soyqırımı insanlıq, bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətdir. Çox təəssüf hissi ilə bildirməliyik ki, bir əsrdə iki böyük miqyaslı soyqırıma məruz qalmış bir xalq kimi qəlbimizdə, ruhumuzda hər zaman həmin faciələrin izlərini yaşadacağıq. Buna baxmayaraq soydaşlarımızın mərdliyi, qəhrəmanlığı və dözümlülüyü düşmənə hiddət, xalqa güvən bəxş edib. Böyük maddi zənginliyə malik torpaqlarımızı işğal etmək arzusunda olanlar hər zaman xalqımızın mərd və cəsarətli dirənişi ilə qarşılaşıblar. 

Azərbaycanın əlverişli coğrafi mövqeyi, malik olduğu təbii resursları, beynəlxalq kommunikasiya-nəqliyyat xətti olan Böyük İpək Yolunun üzərində yerləşməsi böyük işğalçı güclərin daim diqqətində olmuş, quldurluq və işğalçılıq məqsədləri üçün əsas hədəflərdən birinə çevrilmişdir. Məkrli hədəfə hesablanmış addımlar sırasında ermənilərin bölgəyə köçürülməsi və yerləşdirilməsi ilə onlardan əsas alət kimi istifadə olunması da var idi. Təbii ki, ermənilər məsum deyildi və bu seçim təsadüf ola bilməzdi. Onları şirnikləndirən əsas faktor böyük Ermənistan dövləti yaratmağa nail olmaq idi və bu yolda hər cür murdarlığı gözə almışdılar. Məhz bu terrorçu toplumun vasitəsilə soydaşlarımıza qarşı amansız cinayətlər törədilmişdir.

Azərbaycan və Cənubi Qafqaz tarixinə nəzər saldıqda, XIX-XX əsrlərdə bir çox dövlətlərin, xüsusilə Fransa, İngiltərə və Rusiyanın geosiyasi maraqlarının toqquşması kontekstində ortaya atılan "erməni məsələsi" ilə bu bölgədə günahsız insanlara qarşı törədilmiş soyqırımların əsas səbəbkarlarının ermənilər olduğunu görürük. Ermənilərin Qafqaz regionuna köçürülməsi və  bu  siyasətin acı nəticələrindən  biri  kimi  türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətləri  Türkiyənin Şərqi Anadolu  hissəsində  olduğu  kimi  Cənubi  Qafqazda  da azərbaycanlılara qarşı törədilib. Nəticədə, XX əsrin əvvəllərində  Azərbaycanın  və  Cənubi Qafqazın  tarixi daha çox qanlı faciələr  dövrü  kimi  yadda qalıb.

Qeyd  edək  ki, XX  əsrin  birinci  yarısında  ermənilərin  Azərbaycan türklərinə  qarşı  törətdikləri soyqırımlara  dair  kifayət qədər  faktlar mövcuddur və bu da həmin  dövrün  mətbuat  orqanlarında  öz  əksini  tapıb,  arxiv  sənədləri arasında  yer  alıb.  Faktların təkcə mətbuatda deyil,  həm  də  bədii ədəbiyyatda  ifadəsi və  aşkar  edilməsi  soyqırımı  mövzusunun  bədii ədəbiyyatda  işlənməsi  ilə  bağlı elmi-tədqiqat  işinin  aparılmasının  aktuallıq və  vacibliyini  ortaya  qoyub.  Təəssüf ki,  tarixi  mənbələrdə həmin hadisələrə  dair  az  sənəd qalıb.  Mövzuya dair təhlil olunası vasitə kimi M.S.Ordubadinin  ziyan  çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış  "Qanlı illər" romanı, Cəfər Cabbarlının "1905-ci ildə" dramı, M. M. Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərlərində  öz  əksini tapıb.  Bundan  başqa, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə,  Seyid  Hüseyn,  Abdulla  Şaiq, Ömər  Faiq  Nemanzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Bağır Əliyev və  başqa  ziyalılar  da  soyqırımı  mövzusunu  bədii ədəbiyyatda  geniş  şəkildə ifadə ediblər.

Prezident İlham  Əliyevin fikirlərinə nəzər saldıqda görürük ki, müasir Azərbaycan dövləti  mövzunun araşdırılmasına ciddi önəm verir: "Erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır". Ölkə başçısının bu sözləri tariximizin qaranlıq səhifələrinə işıq salmaq, aydınlıq gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı faciəsi haqqında daha ətraflı, yeni məlumatların əldə olunması məqsədilə tədqiqatçıları bu istiqamətdə daha da fəallaşdırır.

Ermənilər XX əsrin əvvəllərində Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi. Yüz il əvvəl dini və milli mənsubiyyətinə görə nəinki insanlar qətlə yetirilib, hətta yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Məqsəd müsəlman-türk əhalinin izlərini silməkdən ibarət idi. Özü də yalnız azərbaycanlılara qarşı deyil, ermənilər minlərlə ləzgi, yəhudi, rus, avar və talış xalqlarına mənsub insanları süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.

Əlbəttə, talanlar və qətllərdən sonra ədalətli araşdırmalar aparılmayıb və hüquqi, siyasi qiymət verilməyib. Lakin əldə olan faktlar onu deməyə əsas verir ki, milli-dini zəmində azərbaycanlılara qarşı törədilmiş bu qırğın soyqırımı aktı idi. Soyqırımda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bu, bir irqin, bir xalqın yox edilməsi üçün atılmış addımlar idi. 1918-ci ilin mart ayından iyul ayına qədər bu faciəvi işğal davam etdi. Yalnız Qafqaz İslam Ordusunun azadetmə və qan qardaşlarını xilasetmə əməliyyatları nəticəsində Bakı azad olundu. Milli mənsubiyyətimizin itirilmə təhdidi yaşanıldığı o illərdə, çox qısa zaman kəsiyində biz müdrik xalq kimi toparlana bildik və müsəlman şərqində ilk demokratik cümhuriyyəti yaratdıq. Hansı ki, müasir Azərbaycan Respublikası bu dövlətin tarixi, hüquqi və siyasi varisidir. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tarixi sənəd “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Həmin tarixə qədər heç kim Azərbaycan xalqının başına gətirilən müsibətlərə bu qədər aydın və səlis siyasi-hüquqi qiymət vermədi. Ulu Öndər Heydər Əliyev bu siyasi yanaşması ilə eyni zamanda da yeni formalaşan nəsillərə öz tarixinə diqqət və qayğını təlqin etdi. Məhz ümummilli liderin bu uzaqgörən qərarından sonra 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi sürətləndi, məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına xüsusi diqqət ayrıldı, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Bütün ölkə ərazisində erməni vandallığının izlərinə rastlansa da, 31 mart hadisələrinin, sözsüz ki, kulminasiya nöqtəsi məhz Quba qətliamlarıdır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Bu görüntülər, əlbəttə, ürəkağrıdıcı məqamları özündə ehtiva etsə də, soyqırımı aktının dünya birliyinə çatdırılması istiqamətində çox mühüm əyani sübutdur. Məhz bu məqsədlə Prezident cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Quba şəhərində inşa edilən memorial kompleks 2013-cü il sentyabrın 18-də açıldı. Bu tarixi qərar və inşa edilmiş kompleks bəşər tarixinin ən qanlı hadisələrindən birinin dünyaya çatdırılması istiqamətində ciddi addımdır. Əlbəttə, bu kompleksdə sərgilənən faktları görmək ağır olsa da, həqiqətləri olduğu kimi demək lazımdır. Qubada aşkarlanan kütləvi məzarlıqda 500 insan kəlləsinin 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus olduğu və onların soyqırımı ərəfəsində öldürüldükləri sübut olunub. Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda, həmçinin Naxçıvanda da eyni qayda və ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilib. Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər erməni cəlladlarının başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazıb. O, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə-yeksan edib, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirərək Araz çayına töküb. Naxçıvanın bir çox rayon və kəndlərində də dəhşətli qırğınlar törədilib.

Bir faktda qeyd olunur ki, Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt  kəndin ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirilib.

Arxiv materiallarında yuxarıda adları çəkilən erməni komitəçilərinin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1920-ci illər arasında Naxçıvanda 73 min 727 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.

Xalqımıza qarşı törədilmiş soyqırımlar bizim qan yaddaşımızdır. Təxminən 74 il sonra, 1992-ci ildə Xocalıda, tariximizə növbəti soyqırımı müsibətini yazan mənfurlar bütün dünyaya sanki meydan oxuyurdular. Təəssüflər olsun ki, müasir dünyada ədalət güclünün yanındadır. “Əgər güclüsənsə, ədalətlisən” prinsipi vicdanlı insanlar tərəfindən qəbul olunmasa da tarixi hadisələr sübut edir ki, bu həqiqətdir. Biz yalnız torpaqlarımızı işğaldan azad etməmişik, eyni zamanda əsrlər boyu davam edən erməni şovinizminin başını əzib, “böyük Ermənistan” mifini darmadağın etmişik.

Tarixin ən böyük ədalətsizliyi ermənilərlə qonşuluğumuzdur. Daim bizə qarşı ərazi iddiası irəli sürən mənfurlar fürsət düşdükcə bunu reallaşdırmağa, ərazilərimizi qoparmağa, soyqırımlar törətməyə çalışırlar. Bunun üçün tarixin bu acı səhifələrindən dərs çıxarıb, gənc nəslin vətənpərvər, torpağına, elinə bağlı şəkildə yetişməsinə çalışmalıyıq. Dövlət başçısının da qeyd etdiyi kimi, bugünkü gənc nəsil I Qarabağ müharibəsindən sonra, torpaqlarımızın işğalı dövründə yetişib və heç vaxt görmədikləri torpağa məhəbbət ruhunda formalaşıblar. Bundan sonra da gələcək strategiya bu istiqamətdə qurulmalı, yeniyetmə və gənclərlə aparılan ideoloji-maarifləndirici siyasətin ana xəttini təşkil etməlidir. Bölgədə formalaşan, təsir qüvvəti daha da artan Azərbaycan-Türkiyə qardaşlığı ermənilərin və onların havadarlarının siyasəti önündə ən dayanıqlı və etibarlı siyasətdir. Azərbaycan dünyada sülhün, əməkdaşlığın, tolerantlığın və qardaşlığın carçısıdır.

Artıq 25 ildir ki, 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə açıq hava muzeylərinin və işğal memorial komplekslərinin yaradılması təşəbbüsü də məhz bu amillə bağlıdır. Əlbəttə, sülh müqaviləsi olacaq və buna biz dəmir yumruq ilə nail olacağıq. Lakin heç vaxt nə 31 Mart soyqırımını, nə Xocalı soyqırımını, nə də başımıza gətirilən digər müsibətləri unutmayacağıq!                    

                                                                               Mirməcid Seyidov 

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: