Molla rejiminin həqiqi islama heç bir aidiyyəti yoxdur - NTV-nin TƏHLİLİ - VİDEO
Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyaları hələ də davam edir və daha da kəskinləşir. Fars molla rejimi ölkədə azad, demokratik mühit yaratmaq əvəzinə verdiyi radikal qərarlarla vəziyyəti daha gərginləşdirir, bununla belə Azərbaycaa qarşı təxribatlarından əl çəkmir. Ermənistanla qardaşlığını genişəndirən, müharibə dövründə işğalçı ölkəni silah-sursatla təchiz edən, torpaqlarımızın və məscidlərimizin dağıdılmasına sükutla cavab verən, parlamentində ölkəmizə sərt qərarlar qəbul edən İran Ermənistanı və Azərbaycan daxilində terroru dəstəkləyir. Bütün bunlar bir daha təsdiq edir ki, molla rejiminin həqiqi İslama heç bir aidiyyəti yoxdur.
Molla rejimi hər hansı islahat apararaq ölkədə azad, demokratik mühit yaratmaq fikrində deyil. Rəsmi Tehranın bu siyasəti xalqın müqaviməti ilə qarşılaşır və vəziyyət getdikcə daha da gərginləşir.
İran xalqına molla rejiminə qarşı mübarizədə xaricdə yaşayan həmvətənləri də dəstək göstərirlər. ABŞ-nin Virciniya ştatında bir parkda iranlılar aksiyalarda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək Novruzun 13-cü günü mərasimini qeyd ediblər. Almaniyanın Düsseldorf şəhərində iranlılar builki Novruz mərasimini İrandakı etirazlara dəstək olaraq keçiriblər.
İran hökumətinin xalqa qarşı kəskin mövqeyi, problemləri həll etmək əvəzinə, yaxın qonşularını təhdid edib ictimaiyyətin diqqətini yayındırmağa cəhd etməsi və sadəcə olaraq haqqını tələb edənləri edam hökmünə məruz qoyması ziyalı təbəqənin ölkəni tərk etməsinə səbəb olub. Artıq İranda hamı başa düşür ki, ölkənin heç bir perspektivi yoxdur. Hələ aksiyalardan əvvəl İranı ildə 60 mindən çox adam tərk edərək Kanada və ABŞ-yə köçürdü. Miqrasiya ilə məşğul olan bəzi şirkətlərin məlumatına görə, pandemiyanın səngiməsi ilə İranı tərk edənlərin sayı kəskin artıb. Belə ki, 2020-ci, 2021-ci və 2022-ci illərin hər birində İranı təqribən 120 min nəfər tərk edib. Həkimlər, mühəndislər, iş adamları, elmlə məşğul olanlar - bir sözlə, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan şəxslər ölkəni tərk edərək azad yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Hazırda ABŞ-də 6 milyondan çox iranlı emiqrant yaşayır ki, onların əksəriyyəti ixtisaslı kadrlardır. Almaniya və İsveç kimi ölkələr də İrandan gələn ixtisaslı həkimləri işlə təmin edir. Kanadada 4 milyona yaxın iranlı yaşayır. Onlar əsasən bank sahəsində çalışanlar və iş adamlarıdır.
Göründüyü kimi, hakimiyyətin həyata keçirdiyi saxta ideoloji kurs, insanların özünü reallaşdırmaq şanslarının olmaması, radikal qanunlar və digər məhdudiyyətlər İrandan kütləvi köçün əsas səbəblərindəndir. Bu problemin əsasını təşkil edən amil ondan ibarətdir ki, yaranmış vəziyyəti nəzərə alan imkanlı şəxslər ölkədən gedirlər. Qalanları isə imkansız və əhalinin aztəminatlı təbəqəsidir. Bu təbəqənin isə itirməyə heç nəyi qalmayıb və elə buna görə də məhkəmələrin edam və uzunmüddətli həbs qərarları insanları etiraz aksiyalarına çıxmaqdan çəkindirmir.
Belə vəziyyətin İranda nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik isə xalq İranın böyük şəhərlərində etirazları, hakimiyyət isə edamları və təzyiqləri davam etdirir. Bu da ölkədə vəziyyəti gündən-günə daha da gərginləşdirir.
Bütün bunların fonunda dünya bir daha şahidi olur ki, İrandakı rejimin hakimiyyətdə olduğu 43 il ərzində hansısa problemin həlli istiqamətində siyasət apardığını demək mümkün deyil. İran cəmiyyətində heç bir azadlıq yoxdur, insanlar ehtiyac içərisindədir, işsizlik baş alıb gedir. Hətta diktaturadan o qədər beziblər ki, heç bir halda bu mühitdə yaşamaq istəmir, baş verənlərə səssiz qala bilmirlər. Artıq İslam Respublikası rejimi qocalıb, dişləri əvvəlki tək kəsmir. Çünki Molla rejiminin həqiqi İslama heç bir aidiyyəti yoxdur. Bu terrorçu rejim dini pərdə altında çirkin, iyrənc fəaliyyətlə məşğuldur. Elə molla rejiminin son vaxtlar Azərbaycana qarşı təxribatları da din adı altında həyata keçirilsə də, bunun dinlə, müsəlmançılıqla heç bir əlaqəsi yoxdur. Əgər belə olsaydı, torpaqlarımızın və məscidlərimizin dağıdılmasına İran sükunətlə cavab verməzdi.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan xalqına, o cümlədən müsəlman soydaşlarımıza qarşı terror aktı və kütləvi qırğın törətdiyinə görə Ermənistanla diplomatik əlaqələri dayandırdı. Lakin “müsəlman” fars rejimi Ermənistan qardaşlığını daha da genişləndirdi. Parlamentində Azərbaycana qarşı sərt qərarlar qəbul edən İran işğalçı ölkə ilə hərbi əməkdaşlığı genişləndirdi, Vətən müharibəsi gedişində Ermənistanı Azərbaycana qarşı silah-sursatla təchiz etdi. Bir sözlə, rəsmi Tehran İslam Əməkdaşlıq Təşkilatının qərarlarına hörmətsizlik edir, İslam həmrəyliyinə mane olur. İran Ermənistanı və Azərbaycan daxilində terroru dəstəkləyir. Buna görə də İranla bağlı saxlanılanlar heç də “dindarlar”, “şiələr” deyil, molla rejiminin Azərbaycandakı casus, cinayətkar şəbəkəsinin üzvləri, terrorçular, narkotacirlərdir.
Fars rejimi bir məqamı unudur ki, Azərbaycan nə Bəhreyn, nə Yəmən, nə İraq, nə Liviya, nə də Suriyadır. İran Azərbaycanda digər ölkələrdəki kimi terror yuvaları və ya təhlükəli vəziyyət yarada bilməyəcək. İranın bu çirkin fəaliyyətlərinin qarşısında güclü Azərbaycan dövləti və onun peşəkar təşkilatları dayanıb.