Qərbi Azərbaycandan didərgin salınan Çalxanqala sakinləri - VİDEO

A- A A+

"Əminəm ki, gün gələcək, soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan, yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır".

Bu fikirləri Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bildirib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənib hazırlanmasını isə qarşıya əsas hədəf kimi qoyması özündə bütün məqamları ehtiva edir. 

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı cinayətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib, doğmalarını itirib. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Qərbi Azərbaycan torpaqlarında yaşayan dədə-baba ocaqlarından didərgin salınan Kəngərli rayon Çalxanqala kənd sakinlərinin də nisgili böyükdür. 1988-ci ildə ocaqlarından, barlı-bərəkətli torpaqlarından, dolu ev-eşiklərindən olan, düşmən zorakılığı ilə deportasiyaya məruz qalan Qərbi Azərbaycan sakinləri Şərura, Ordubada, Kəngərliyə, daha adını sadalamadığımız yurd yerlərinə pənah gətirdi. Bu gün Çalxanqalada məskunlaşan iki mindən artıq əhali doğma el-obalarından ayrı salınan Qərbi azərbaycanlılardır. Bu  kəndin hər bir ocağı vətən həsrəti ilə tüstülənir. Sakinlərin qəlbindəki sözləri bitmir, o günləri dərin kədərlə, göz yaşı ilə xatırlayırlar.

Bu gün qəlbi Vətən, torpaq, yurd həsrəti ilə döyünən hər bir azərbaycanlı əmindir ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra növbəti hədəf İrəvana, Vediyə, Göyçə mahalına, Zəngəzura, Zəngibasara, Dərələyəzə və işğal altında olan digər əzəli torpaqlarımıza qayıdış olacaqdır.

 

Songül Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: