Ulu öndər Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən edib, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirib, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaradıbdır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən edibdir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol məhz onun hakimiyyətə gəlişindən sonra başlayıb. Böyük mütəfəkkir 1999-cu ildə dövlət başçılarının İstanbul sammitində türk dövlətlərinin əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə xüsusi önəm verərək deyib: ”Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”. Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alındı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəklədi.
Minillik dünya təcrübəsi göstərir ki, çoxəsrlik tariximizdə türk xalqlarını yaşadan, türk dünyası vəhdətini qoruyub saxlayan ən əsas bağlardan biri də ortaq mədəniyyət və ədəbiyyatdır. Çünki türk xalqları tarix boyu insan fəaliyyətinin bütün sahələrində öz istedadlarını, biliklərini, bacarıqlarını göstərib elmi ixtiraları, qəhrəmanlıq nümunələri, tarixi-memarlıq abidələri, bədii əsərləri, musiqiləri ilə bəşər tarixinə parlaq səhifələr yazıblar. Bu tarixi uğurlarda türk xalqlarının şairlərinin və yazıçılarının xidməti çox böyükdür.
Ulu öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşıb, milli tariximizin, dilimiz və ədəbiyyatımızın, milli mədəniyyətimizin köklərinə nüfuz edib, keçmiş və gələcəyimizin vəhdətinə, onun ümdə məsələlərinə diqqəti yönəldibdir. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir.
Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olub.
Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının I qurultayını təşkil etməklə təkcə Azərbaycan xalqının deyil, bütünlüklə türk dünyasının lideri kimi tarixi missiyanı həyata keçiribdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılıb, türkoloqlara dövlət qayğısı göstərilib. Təsadüfi deyildir ki, o, elə hakimiyyətə gəldiyi ilk illərdə -1970-ci ildə türk dünyası elm və mədəniyyətinin mərkəzini yenidən Bakıda formalaşdırmağa təşəbbüs göstərib, burada beynəlxalq “Sovet türkologiyası” elmi jurnalının nəşrə başlamasına nail olubdur.
Ulu öndərin türk dünyasına diqqət və qayğısı böyük türkçü, turançı mütəfəkkir Hüseyn Cavidə münasibətində də özünü göstəribdir. Onun nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi sovet sistemində xeyli çətin, mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev bu tarixi missiyasını böyük uğurla başa çatdırıbdır.
İstər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev türk xalqları arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlər göstəribdir. Ağır sovet sistemi şəraitində işləməsinə baxmayaraq, ümummilli liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yer tutub. Bu fəaliyyət mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə və uğurla həyata keçirilibdir. Məhz ümummilli liderimizin SSRİ rəhbərliyinə tövsiyəsi ilə Azərbaycan ilə qonşu türk respublikalar, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və başqaları arasında ədəbi-mədəni əlaqələr inkişaf edib, mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər keçirilibdir. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynayıbdır. Xalqlar öz tarixi keçmişləri və gələcək inkişafı haqqında düşünüblər ki, bu da türk dünyasının birləşməsi yolunda geniş strateji fəaliyyətin tərkib hissələrindən biri olubdur.
Azərbaycan, həmçinin SSRİ-yə daxil olan digər türk respublikalar dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr daha da genişlənib və möhkəmlənibdir. Ulu öndər Heydər Əliyev 1996-cı ildə türk dünyası yazıçılarının üçüncü qurultayının ölkəmizdə keçirilməsini əlamətdar hadisə hesab edib və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi çox yüksək qiymətləndiribdir. Bildirib ki, xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalıbdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurub, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi məhv edə bilməyibdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan çıxmış mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur.
Ümummilli lider Heydər Əliyev türk xalqlarının əlaqələrinin möhkəmlənməsi yolunda atılan bütün addımları yüksək qiymətləndirib, fəaliyyəti boyu müvafiq istiqamətdə keçirilən tədbirlərin təşəbbüskarı, təşkilatçısı, iştirakçısı olubdur. O, TÜRKSOY Beynəlxalq təşkilatının Bakıda keçirilən 8-ci toplantısında təşkilatın yarandığı vaxtdan başlayaraq həyata keçirdiyi məhsuldar fəaliyyətini xüsusilə qeyd edib. Bildirib ki, TÜRKSOY xalqlarımız üçün daha çox iş görə bilər. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir.
Ulu öndər “Kitabi-Dədə Qorqud”un 1300, “Manas”ın 1000, böyük qazax şairi, filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, Azərbaycan şairi, eyni zamanda bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin 500 illik yubileyinin türk dövlətlərinin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirib, 1995-ci ildə “Manas” dastanının 1000 illik yubiley tədbirində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edib. Bütün türk xalqlarının dövlət başçılarının toplaşdığı, türk dünyasının mənəvi körpülərinin inkişafı baxımdan çox böyük əhəmiyyəti olan həmin tədbirdə ulu öndər dövlət müstəqilliyinin verdiyi imkanları yüksək qiymətləndirərək sonralar göstərirdi ki, biz artıq böyük türk dünyası, türk xalqları, türk xalqlarının ümumi kökləri, müştərək mədəniyyəti, tarixi haqqında danışırıq. Bunları böyük şəxsiyyətlərin yaradıcılığı əsasında edirik. Məsələn, biz qırğız eposu “Manas”ın 1000 illik yubileyini birlikdə qeyd etdik. Bu böyük bir hadisə oldu. Açıq deyək ki, Manasın kimliyi, onun tarixi, yaratdığı irs haqqında o vaxta qədər Azərbaycanda çox az adam bilirdi. Amma qırğızlar bunu etdilər. Biz hamımız – türkdilli ölkələrin dövlət başçıları oraya toplaşdıq. Hamımız birlikdə sübut etdik ki, bəli, bizim xalqlarımızın qədim kökü və bu xalqların müştərək tarixi, mədəniyyəti vardır.
Ümummilli lider göstərirdi ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi məhz bu baxımdan böyük siyasi əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev 1999-cu ildə bu möhtəşəm dastanın 1300 illik yubiley komissiyasının iclasında təkidlə qeyd edirdi: “Əgər nəzərə alsaq ki, bizə düşmən olan erməni millətçiləri daim təbliğ edirlər ki, bunlar köçəri xalqdır, onların keçmişi olmayıbdır, əgər xalqımızın keçmişinə dair mənfi təbliğatı nəzərə alsaq, bu tədbirlərimizin nə qədər əhəmiyyəti olduğunu görərik. Azərbaycanın tarixində indiyədək keçirilmiş bütün yubiley mərasimlərindən “Kitabi-Dədə Qorqud” dastanının yubileyi hamsından əhəmiyyətlidir. Bu, bizim tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın qədimliyini, eyni zamanda tarixi köklərimizin 1300 il bundan əvvəlki dövründə xalqımızın böyük bir eposu olduğunu göstərir... “Dədə Qorqud” dastanı bizi bu gün eyni zamanda birləşdirir, bir-birimizə yaxınlaşdırır. “Dədə Qorqud” həm Azərbaycanın, həm bütün türk dünyasının dastanıdır”.
Qeyd etdiyimiz kimi, Heydər Əliyevin dünyaya baxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutub. Ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, Azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Ona görə də H. Əliyevin klassik irs təlimində dahi romantik şair Məhəmməd Füzuli xüsusi yer tutur. Ulu öndər Füzulinin ədəbi-tarixi mövqeyinə və bənzərsiz poeziyasına tək Azərbaycan ədəbiyyatının faktı kimi deyil, eyni zamanda ümumtürk və bir çox hallarda ümumbəşəri kontekstdə yanaşırdı. “Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir”,- deyən ulu öndər Füzuli irsini “Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək” kimi dəyərləndirirdi.
Heydər Əliyev Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olub. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, qədim türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətini (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”.
Deməli, 1996-cı ildə Azərbaycanda dahi Füzulinin 500 illik yubileyini təntənəli surətdə keçirilməsi və Heydər Əliyevin ustad Füzuliyə belə böyük önəm verməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası XX əsrdə parçalanmış türk dünyasını birləşdirmək arzusundan irəli gəlirdi.
Türk dünyasının filosof yazıçısı Çingiz Aytmatov dünya miqyasında tanınmış, Nobel mükafatına təqdim olunmuş sənət adamlarından biridir. Çingiz Aytmatov Azərbaycan ədəbiyyatı, Azərbaycan sənət adamları ilə sıx tellərlə bağlı idi. Hələ XX əsrin 60-cı illərindən ulu öndər türk dünyasının bu görkəmli söz ustasının yaradıcılığına maraq göstərib, onunla dəfələrlə görüşüb, səmimi söhbətlər edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük yazıçı və ictimai xadim Ç. Aytmatovun şəxsiyyətinə və xidmətinə yüksək qiymət verərək deyib: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir”.
Fəlsəfi romanlar ustası, dünya şöhrətli yazıçı, türk dünyasının fəxri Çingiz Aytmatovun ölkə prezidenti tərəfindən “Dostluq” ordeninə (2008) layiq görülməsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının türk dünyası sənətinə verdiyi yüksək qiymətdir.
Türk dünyasının sevilən söz ustalarından biri də qazax xalqının yetirməsi, görkəmli söz ustası, şair Oljas Süleymenovdur. O.Süleymenov 1970-ci ildə nəşr etdirdiyi “Az i ya” əsəri ilə türk dünyasının qədim köklərə malik olduğunu elmi dəlillərlə sübut edib. Lakin türk birliyi, onun qədim mədəniyyəti haqqındakı tezisləri türk düşmənlərini qəzəbləndirmişdi. O.Süleymenovun bədxahları bu türk ziyalısını nüfuzdan salmaq, onu cəmiyyətdən təcrid etmək istəyirdi. Belə bir məqamda O. Süleymenovu müdafiə edən, onun haqq səsinə səs verən Heydər Əliyevin də dəstəklədiyi Azərbaycan ziyalıları oldu. Azərbaycana, ulu öndərə böyük rəğbət bəsləyən O. Süleymenov tez-tez Bakıya səfər edib, bu torpağın əziz qonağı olub. Bir neçə dəfə H. Əliyev mütəfəkkir şairi qəbul edib, onunla səmimi söhbətlər edib, türk dünyası haqqında fikirlərini onunla bölüşübdür. 1999-cu ildə O. Süleymenov ulu öndəri ziyarət edib. Ulu öndər onun hər zaman, hətta 1990-cı il 20 Yanvar hadisələri zamanı Bakıya gəlməsini razılıq hissi ilə yada salıb və deyib: “Bizi sizinlə çoxdankı dostluq bağlayır. Hələ o vaxtlar, mən burada, Azərbaycanda, siz isə Qazaxıstanda işləyən dövrlərdə, sonra Moskvada işlədiyim zaman mən sizə böyük iftixar hissi ilə baxırdım ki, xalqlarımızın belə gənc istedadları var; elə istedadlar ki, nəinki romanlar, pyeslər və ya digər ədəbi əsərlər yazmağa, həm də öz xalqı haqqında, onun taleyi, keçmişi, indisi və gələcəyi barədə düşünməyə qadirdirlər. İndi öz tarixi köklərini, tarixi keçmişini, milli özgürlüyünü və milli ləyaqətini daha dərindən dərk etmiş bütün xalqlarımızın belə görkəmli nümayəndələrindən birisiniz. Siz hələ cavanlığınızda bu məsələlərdə çoxlarına nisbətən daha böyük yetkinlik nümayiş etdirirdiniz. Bu, yaxşı məlumdu. O vaxtlar mən bunu görür, müşahidə edir, duyurdum və buna görə də bu, əslinə qalsa, ədəbi istedadınızla yanaşı, məndə sizə hörmət, ən səmimi, dostluq hissləri doğururdu”.
Oljas Süleymenovun sənəti Azərbaycanda yüksək qiymətləndirilib, ölkə prezidenti onu “Şöhrət” (2006) və “Dostluq” ordeni ilə (2013) təltif edib.
Hansı sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət daşıyıb.
Bu gün eyni məqsəd və məram, əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanan ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Təsadüfi deyildir ki, günbəgün türk xalqlarının ədəbiyyat adamları, yazıçıları bir-birinə yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradırlar. 44 günlük II Qarabağ müharibəsinin nəticələri, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri, ümumiyyətlə, türk xalqlarının mədəni-iqtisadi və hərbi-siyasi əməkdaşlığının gün keçdikcə daha da genişlənməsi ulu öndərin türk dünyasının gələcəyi haqqındakı arzularının çiçəklənməsini göstərir.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun baş direktoru