İranda davam edən etiraz aksiyaları gündən-günə əhatə dairəsini genişləndirir və əhalinin müxtəlif təbəqələri aksiyalara qoşulur. Artıq İranın tanınmış sənət adamları da yaratdıqları əsərlərlə kütləvi aksiya iştirakçılarını dəstəkləyir və xalqın tələbini haqlı sayırlar.
Bu gün İranda ən populyar mahnılardan biri “Bərayi azadi”dir ki, bu da etirazçıların dilindən düşmür. Fars dilindən tərcümədə “azadlıq naminə” mənasını verən və böyük emosional təsirə malik bu mahnının ifaçısı - İranda tanınmış sənət adamı Şervin Hacıpur həbs olunub.
Bundan başqa ,Tumas Salehi adlı reperin də həbsi əhalinin böyük etirazı ilə qarşılandı. İranın Xəzər dənizi sahilindəki Ramsar, Sari, Rəşt və digər şəhərlərində qızlar dəniz kənarına toplaşaraq Tumas Salehinin replərini oxuyurlar. Məsələ burasındadır ki, müğənnilər həbs olunduqdan sonra onların mahnıları daha da populyarlıq qazanır və hamı tərəfindən oxunmağa başlanır.
Bu yaxınlarda kütləvi aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilən 22 yaşlı Əli Bəğcərinin dəfn mərasimində izdiham yaşanıb. Hamı “Bərayi azadi” mahnısını oxuyaraq gənci dəfn ediblər. Dəfn mərasimində iştirak edənləri təhlükəsizlik qüvvələri dörd tərəfdən mühasirəyə alıblar. SEPAH və “Bəsic” silahlıları insanlara xəbərdarlıq etsələr də, onların xəbərdarlığına məhəl qoyan olmayıb. Mərasim iştirakçıları mahnını oxumağa davam edərək, “Diktatora ölüm”, “Uşaq qatilinə ölüm” şüarları səsləndiriblər.
Belə repressiyalarla insanları susdurmağa çalışan İranın molla rejimi fərqində də deyil ki, ölkə tədricən dağılmaq ərəfəsində, hakimiyyət isə parçalanmaq astanasındadır. Bunu sübuta yetirən amillərdən biri Ərdəbilin imam cüməsi Ayətullah Həsən Amilinin açıqlamasıdır. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi olan Həsən Amili hökuməti repressiyalara son qoymağa çağırıb və insanların problemlərinə ciddi yanaşaraq onların həllinin vacibliyini vurğulayıb. Əli Xameneinin özü aksiya iştirakçılarını “xarici dövlətlərin casusu” adlandırmasına və onların cəzalanmasını hüquq mühafizə orqanlarından tələb etməsinə baxmayaraq, Həsən Amili tamamilə əks fikir söyləyir ki, bu da artıq hakimiyyətdə qruplaşmalararası ziddiyyətin meydana çıxdığını göstərir.
İranın Qum şəhəri müqəddəs sayılsa da, artıq orada da vəziyyət hakimiyyət üçün ürəkaçan deyil. İranda fətva vermək ixtiyarı olan din xadimlərlərinin ofisləri ilə yanaşı, dini təhsilin mərkəzi hesab olunan Cəmiyyəti Mustafa Universiteti də Qumda yerləşir. Eyni zamanda, imam Rzanın bacısı Məsmə xanımın məqbərəsi və şiəliyin simvolu olan “Cəmkəran” məscidi də məhz bu şəhərdədir. Qum şəhərinin İranın dini mərkəzi olmasına baxmayaraq, buradakı binaların divarlarına “Xameneiyə ölüm!”, “Qadınlara azadlıq!” şüarları yazılır. İran hakimiyyətinin ideoloji dayağı və müqəddəs sayılan şəhərin gənclərin belə aksiyalara əl atmaları din pərdəsi altında gizlədilən ideoloji xəttin saxta olduğunu ortaya çıxarır. Məlum olur ki, İran region dövlətlərinə, o cümlədən Azərbaycana ixrac etməyə çalışdığı dini ideologiyanı heç öz ölkəsində də möhkəmlədə bilməyir. Bunun səbəbi isə hakimiyyətin əməli ilə işinin daban-dabana zidd olmasıdır. Dini müdafiə adı altında Yaxın Şərqdəki dövlətlərin daxili işlərinə müdaxilə və terrorçuluq ilə məşğul olan silahlı qruplaşmaları maliyyələşdirən İran öz xalqını çoxdandır ki, unudub. Mollalar üçün əsas məsələ saxta dini yayıb pul toplamaq, xalqı isə silah gücünə və zorakılıqla yerində oturtmaqdır.
İran hökumətinin daxilində də proseslərin belə davam edəcəyi təqdirdə, sonun faciəli olacağını başa düşürlər. Təhsil naziri ilə Büdcə Təşkilatı sədrinin istefa verməsi təsadüfi xarakter daşımır. Hökumətin üzvləri İranın idarəçiliyində söz sahibi olan mollaların islahatlar həyata keçirilməsində maraqlı olmadıqlarını başa düşdükləri üçün xalqın qanının axıdılmasında iştirakdan imtina edir, tədricən meydandan çəkilirlər. Onlar çox yaxşı anlayırlar ki, zaman gələcək indiki hakimiyyətin törətdiyi cinayətlərin açılması üçün məhkəmələr qurulacaq və təqsirkarlar cavab vermək məcburiyyətində qalacaqlar. Gələcəkdə kimin məhkəmə qarşısında, kimin isə hakimiyyət kürsüsündə oturacağını zaman göstərəcək. Hələlik isə görünən odur ki, İran rejimi sürətlə uçuruma doğru yuvarlanır.