Azərbaycanın klassik bədii-fəlsəfi irsinə dərindən bələd olan xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin və ölkəyə rəhbərliyinin bütün dövrlərində bu zəngin məfkurə qaynağını yüksək dəyərləndirib, Azərbaycanın ictimai-fəlsəfi fikrini zənginləşdirən mütəfəkkir, yazıçı və şairlərin ədəbi-bədii yaradıcılığına həmişə yüksək qiymət verib, onların milli məfkurə irsinin və bəşəri ideyalarının Azərbaycanın mənəvi sərvətinə çevrilməsinə hərtərəfli diqqət və qayğı göstəribdir.
Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev “Xalqların dostluğu ədəbiyyatların dostluğudur” adlı məruzəsində bildirib: “Azərbaycan poeziyası, bədii ədəbiyyatı uzaq keçmişə dərin köklərlə bağlıdır. Onun tarixi xalqın bədii şüurunun yaranması və inkişafı tarixidir. İstibdadın və əsarətin, qatı islamın və dini fanatizmin tam hökmran olduğu bir şəraitdə öz dahi yaradıcılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən mühüm ifadə forması, azadlıq və istiqlaliyyət uğrunda, sosial ədalət və hüquq bərabərliyi uğrunda açıq və “üstüörtülü” mübarizənin başlıca vasitələrindən biri idi. Xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideallarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi ideallar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur”.
Sovet dövründə Azərbaycan rəhbəri “ideya-fəlsəfi axtarışlar ədəbiyyatı” kimi səciyyələndirdiyi bədii irsin intibah dövrünün humanist ideyalarından, maarifçilik fəlsəfəsindən bəhrələndiyini və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində misilsiz rol oynadığını xüsusi vurğulamışdı. Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı nitqində qeyd etmişdi ki, bizim ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın əsasını təşkil edir. Bunu yaradanlar var. Bunu yaradanlar bizim xalqın dahi insanlarıdır. Onlar bəşər mədəniyyətini əsrlərdən-əsrlərə zənginləşdirən əsərləri ilə ölkəmizin böyük intellektual potensialını, mülkiyyətini yaradıblar. Xaqani, Nizami, Tusi, Nəsimi, Füzuli, Vaqif, A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H. Zərdabi, Natəvan, S.Ə.Şirvani, N.Vəzirov, C. Məmmədquluzadə, Sabir, Ü. Hacıbəyli kimi sənət və məfkurə dahiləri xalqın davamlı bədii-fəlsəfi düşüncəsini yaşatmış və inkişaf etdirmişlər. XIX əsrin sonu– XXI əsrin əvvəli isə ideya-məfkurə irsinin istiqlal düşüncəsinə yönləndirilməsi baxımından xüsusi bir dövr olub. Ulu öndər bədii-məfkurəvi irsimizin milli oyanış və tarixi tərəqqiyə verdiyi töhfələr baxımından bu dövrü çox yüksək qiymətləndirib. Bütün bunları nəzərdə tutan böyük rəhbər deyirdi ki, biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik.
Azərbaycan xalqının milli özünüdərk yönündə tərbiyələndirilməsində, azərbaycançılıq məfkurəsinin ilkin-zəruri konturlarının cızılmasında oynadığı müstəsna rola diqqət yetirən Heydər Əliyev XX əsrin əvvəllərindən fəaliyyətə başlayan “Molla Nəsrəddin” satirik jurnalı və onun ətrafında toplaşan “mollanəsrəddinçilər”in bədii-fəlsəfi irsinə də müasirlik baxımından yanaşır, bu zəngin irsin milli mədəniyyətimizdəki yerini və rolunu yüksək qiymətləndirirdi.
Ulu öndər Azərbaycan xalqının milli oyanışında, mədəni-siyasi dirçəlişində, özünüdərkinin formalaşmasında misilsiz rol oynayan “Molla Nəsrəddin” jurnalı haqqında demişdir: “Mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” xalq və demokratiya cəbhəsində duraraq azadlıq düşmənlərini - çar mütləqiyyətini, müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı, millətçiliyi amansız satira atəşinə tuturdu. “Molla Nəsrəddin”in haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, bütün Yaxın və Orta Şərqdə eşidilmişdi. “Molla Nəsrəddin”in yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir tarixində müstəsna rolu əbədidir”. Mollanəsrəddinçilərin fəaliyyəti haqqında danışan respublika rəhbəri jurnalın ümumşərq hadisəsi olduğunu göstərməklə, onun təkcə milli şüura deyil, həmçinin bütün Şərq fəlsəfi fikrinə təsir göstərdiyini də vurğulamışdır.
Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə (1969-1982 və 1993-2003) Heydər Əliyevin Azərbaycan mədəniyyəti, ədəbiyyatı da daxil olmaqla, Vətəninin hərtərəfli tərəqqisinə göstərdiyi böyük qayğı, milli ideologiyanın əsaslarını müəyyən etməsi onu ümummilli lider səviyyəsinə yüksəltmişdir. Heydər Əliyevin çoxcəhətli liderlik fəaliyyəti ilə sıx bağlı olan həmin dövrün ictimai həyatda, dahi şəxsiyyətin mədəni irsə və milli ənənəyə münasibəti, bədii-fəlsəfi irsin müasirliklə əlaqələndirilməsi onun çıxışlarında, nitqlərində dolğun əksini tapıbdır.
Azərbaycan ədəbi-fəlsəfi irsinin, mənəvi sərvətinin zənginliyindən bəhs edən ulu öndər demişdir: “Azərbaycan ədəbiyyatının çox zəngin tarixi vardır. Nadir xalq tapıla bilər ki, onun bizim qədər nəhəng ədəbi irsi, bizim qədər görkəmli yazıçısı və şairi olsun. XX əsrdə yazıb-yaradan Mirzə Ələkbər Sabir, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli., H.Cavid, C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rüstəm, M.Rahim, S.Vurğun, S.Rəhimov, R.Rza və digərləri kimi söz sənəti korifeylərimiz Azərbaycan xalqının iftixarıdır. Onlar xalqa öz sənətləri ilə borclarını veriblər”. Ulu öndər Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətindən danışarkən bir sıra dahi şəxsiyyətlərlə yanaşı, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adlarını da çəkmiş və bildirilmişdir ki, “onlar bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidirlər”.
“Molla Nəsrəddin” jurnalı ilə yanaşı, əksər mollanəsrəddinçilərin – C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, Əli Nəzmi və Əliqulu Qəmküsarın yubileylərinin keçirilməsi də Azərbaycan rəhbəri kimi Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə baş tutmuşdur. Milli mədəniyyət klassiklərinin, milli inqilabi-demokratik cəbhə təşkil etmiş mollanəsrəddinçilərin də o vaxtlar SSRİ miqyasında, müstəqillik illərində isə beynəlxalq aləmdə tanınmalarında Heydər Əliyevə görə, belə “şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən, xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir”. Bu baxımdan Azərbaycan tarixinin yetirdiyi böyük ədəbi şəxsiyyətlərin abidəyə çevrilməsi xalqın milli varlığına, milli-mənəvi duyğularının güclənməsinə son dərəcə müsbət təsir göstəribdir.
Müstəqillik dövründə Azərbaycanın böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin zəngin irsinin azərbaycançılıq fəlsəfəsi baxımından yenidən öyrənilməsi və təbliği ön plana çəkilib. Heydər Əliyevin xalqımızın bir çox mütəfəkkirlərinin yubileylərinin qeyd olunması münasibətilə imzaladığı sərəncamlar, o cümlədən Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin qeyd olunması bu sahədə aparılan siyasətin parlaq nümunəsidir.
Ümummilli lider deyirdi ki, Azərbaycan klassiklərinin fəlsəfi irsi bizim tarixi ənənəmiz, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir mənəvi xəzinədir: “Bu da təsadüfi deyil... Biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları dünyaya geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik. Eyni zamanda dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, həm də bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar”.
Ulu öndərin şəxsiyyətinə və yaradıcılığına böyük diqqətlə yanaşdığı klassik Azərbaycan yazıçılarından biri də mollanəsrəddinçilərin ideya rəhbəri Cəlil Məmmədquluzadədir. Hələ 1981-ci ildə respublika rəhbərinin təşəbbüsü ilə Bakıda böyük sənətkarın ev-muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdi. Əlamətdar haldır ki, həmin ev-muzeyini açmaq şərəfi də aradan 13 il keçəndən sonra müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevə nəsib olub. Böyük rəhbər Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına, ümumiyyətlə, klassik Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələri olmuş mollanəsrəddinçilərin fəlsəfi irsinə dair dəyərli mülahizələr söyləyib.
Ulu öndər Heydər Əliyev “Molla Nəsrəddin” jurnalının yubiley gecəsindəki çıxışında jurnalın cəmiyyətin sosial-mədəni həyatına təsirindən bəhs edərək demişdir: “Molla Nəsrəddin” jurnalı dünyada məşhurdur. O vaxtlar rabitənin çox zəif olduğuna baxmayaraq, “Molla Nəsrəddin” jurnalı dünyanın bir çox ölkələrində yayılırdı, hörmətlə qarşılanırdı, oxunurdu və hər yerdə öz təsirini göstərirdi. Azərbaycanın həyatında “Molla Nəsrəddin” jurnalının xüsusi yeri var. O vaxtın şəraitinə uyğun olaraq Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını xalqın əksər təbəqələri üçün oxuna bilən, anlaşıqlı səviyyədə nəşr edirdi. Jurnal Azərbaycan dilində nəşr olunduğundan o vaxt onu oxuyanların vasitəsilə xalq arasında geniş yayılırdı və çox güclü təsir göstərirdi”.
Azərbaycan xalqının milli şüurunun formalaşdırılması və qorunmasında ədəbiyyat və mədəniyyət nümayəndələrinin bir çox mərhələlərdə həm də siyasi xadimlərin vəzifələrini öz üzərlərinə götürmələri baxımdan istisna təşkil etməyən Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilər Azərbaycan Xalq Cümhuriyyətinin rəhbər xadimləri sırasında yer almasalar da, müstəqillik ideyalarının formalaşmasında, bu ideyaların beyinlərdə və şüurlarda özünə yer tapmasında müstəsna xidmətlər göstərmişlər. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, biz Cəlil Məmmədquluzadəyə, sadəcə, bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynayıb. Bu, təkcə ədəbiyyat deyil, təkcə mədəniyyət deyil, bu, siyasətdə böyük xidmətdir, ictimai həyatımızda böyük xidmətdir.
Ulu öndər mollanəsrəddinçilərin fədakar fəaliyyətləri arasında onların ana dilinin saflığı, azərbaycançılıq uğrunda apardıqları mübarizəni xüsusi qeyd edirdi. Azərbaycan dili məsələsinə həmişə xüsusi həssaslıqla yanaşan, müstəqillik dövründə isə onun dövlət dili kimi inkişaf etdirilməsini və tətbiq dairəsinin genişləndirilməsini milli ideologiya səviyyəsinə qaldıran Heydər Əliyev ana dilinin inkişafında mollanəsrəddinçilərin fəaliyyətini, ən dəyərli cəhətlərdən biri kimi diqqətə çatdırırdı: “Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdikləri xidmətləri, onların ana dilinə-Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinə dair fikirləri, yazıları o vaxt üçün çox vacib idi, bu gün üçün də çox aktualdır”. Təsadüfi deyil ki, digər klassik yazıçı və şairlərimizlə bir sırada Cəlil Məmmədquluzadə irsi də Azərbaycan dili anlayışına yenidən vətəndaşlıq hüququ qazandırmaq prosesində Heydər Əliyevin arxalandığı mənbələrdən biri olub.
Ümummilli lider klassik yazıçılarımızın yaradıcılığını milli ideologiyanın bünövrəsi hesab etmiş və yeni dövlət quruculuğunda, xüsusən mədəni quruculuqda onların irsindən yaradıcı şəkildə istifadəni zəruri saymışdır. Bu baxımdan Heydər Əliyev xatırladırdı ki, azərbaycançılıq təbliğatında bu ideologiyanın yaradıcıları olaraq, ilk növbədə, dahi sənətkar Cəlil Məmmədquluzadənin və onun rəhbərlik etdiyi məfkurə cərəyanının ədəbi-ictimai irsinə müraciət edilməlidir.
Bununla bağlı Heydər Əliyev demişdir: “Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də, Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasında, yaranmasında və onun konsepsiyasının elmi şəkildə hazırlanmasında çox kömək edə bilər və çox kömək edəcəkdir”.
Ümummilli liderin başqa bir diqqətəlayiq fikri də mollanəsrəddinçilərin uzun illər ədəbiyyatşünaslıqda və ictimai fəlsəfədə yalnız din əleyhinə təbliğat apardıqları barədə yanlış fikrə qarşı çıxmasıdır. Bununla bağlı Heydər Əliyev qeyd edirdi ki, biz indi öz dinimizə qayıtmışıq. Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, Qurani- Kərimin Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Məhz mollanəsrəddinçilər də dini təhrif edənlərə, dindən öz məqsədləri üçün istifadə edənlərə qarşı amansız mübarizə edirdilər.
Mollanəsrəddinçilərə onların ideya rəhbəri Mirzə Cəlillə birlikdə müasirlərimiz kimi yanaşan, onları müstəqillik dövrünün mənəviyyat mənbəyi, mənəvi dayağı olaraq dəyərləndirən Heydər Əliyev bu insanları xalqı çətinliklərdən çıxarmağa kömək edən fəlsəfi irs sahibləri hesab edirdi. Milli mədəni irsin misilsiz hamisi mollanəsrəddinçilərin fəlsəfi irsinin yeni şəraitdə öyrənilməsi zərurətini irəli sürərək demişdir: “Doğrudan da, Azərbaycan ədəbiyyatının digər klassikləri ilə müqayisədə ölməz Molla Nəsrəddinin irsi daha çox müstəqillik əqidəsi və təfəkkürü ilə öyrənilməyə möhtacdır. Çünki sovet rejimi şəraitində onun bir çox əsərləri öz həqiqi qiymətini almamış, yaxud toxunduğu bir sıra vacib mətləblər məhz hakim ideologiyanın şərtlərinə uyğun gəlmədiyindən diqqət mərkəzindən kənarda qalmışdır”. Bu mənada soydaşlarımızın, böyüməkdə olan gənc nəslin indiki və gələcək dövrlər üçün mollanəsrəddinçilərin fəlsəfi irsindən bəhrələnməsi zərurəti daha da aktuallaşır.
Heydər Əliyev deyirdi ki, Cəlil Məmmədquluzadə tariximizə böyük bir demokrat kimi daxil olubdur: “Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik, demokratik hüquqi cəmiyyət yaratmaq istəyirik. Cəlil Məmmədquluzadə böyük demokrat olubdur, Azərbaycanın dövlətçiliyi üçün səylər göstəribdir. Bizə böyük miras, irs qoyub gedibdir. Bunların hamısını biz yüksək qiymətləndirməliyik. Bax bunlara görə də Cəlil Məmmədquluzadə daim bizimlədir. Cəlil Məmmədquluzadədən, onun yaradıcılığından biz daha faydalı istifadə etməliyik”.
Prezident İlham Əliyevin “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında sərəncamında isə göstərilir: “Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” xüsusi ədəbi məktəb yaratmış, milli mətbuatımızın inkişafının qızıl səhifələrini yazmışdır. Xalq yumorundan, klassik Azərbaycan ədəbi və dünya bədii-publisist irsinin ənənələrindən məharətlə bəhrələnərək publisistikamızı janr, üslub baxımından zənginləşdirən jurnal yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ədəbiyyatlarında demokratik meyillərin güclənməsinə misilsiz təsir göstərmişdir”.
Azərbaycanın intellektual potensialının bünövrəsində milli ədəbiyyatı və mədəniyyəti görən Heydər Əliyevin cəmiyyətə ideya-nəzəri baxışında bu milli-mənəvi sərvət, eyni zamanda müstəqil dövlətimizin ideoloji əsasını təşkil edən azərbaycançılığın möhtəşəm özüllərindən biri olaraq dəyərləndirilmişdir. Çıxışlarının birində ulu öndər qeyd etmişdir ki, insanlara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Bizim ədəbiyyatımız, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhvali-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır.
Ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası xalqı bir olmaq, bir amal uğrunda mübariz olmaq, qurmaq, yaratmaq və davamlı inkişaf kimi dəyərlərə qovuşdurdu. Məhz bu ideologiyanın sayəsində 44 günlük Vətən müharibəsində xalqımız və ordumuz sıx birləşərək “dəmir yumruğa” çevrilib, Müzəffər Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənin başını əzdi və torpaqlarımızı azad etdi. Xalqın birliyinin yaratdığı güc nəinki torpaqlarımızı düşmən tapdağından azad etdi, həmçinin 30 il ərzində tar-mar edilib dağıdılmış Vətən torpağına yenidən həyat verdi.
Bu gün ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyaları işığında xalqımız dünya ölkələri arasında layiqli yerini tutmaqla yanaşı, dünya liderləri arasında nüfuz sahibi olan müzəffər rəhbərimiz və Prezidentimiz, möhtərəm İlham Əliyevin siyasi liderliyi ilə Azərbaycanın dünyaya günəş kimi doğması istiqamətində inamla irəliləyir.
Yusif Hüseynov
Fəlsəfə üzrə elmlər doktoru, dosent