Muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanıb və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.
Qeyd olunub ki, həmçinin ötən ay ərzində Xidmətə daxil olan 1204 müraciətin 811-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.
Bununla yanaşı, olduğu yer üzrə qeydiyyatla bağlı 393 müraciətin icrası təmin olunub. Müraciətlərdən 104-ü elektron poçt üzərindən qəbul edilib, o cümlədən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri keçirilib.