Ərdoğan: "Türkiyə Qarabağdan Liviyaya qədər haqsızlığın hökm sürdüyü hər yerdə ədaləti bərpa edə bilib"
“Fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini ən qısa müddətdə aradan qaldıracağıq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki bəyannaməsi və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.
O bildirib ki, beynəlxalq siyasi düzən indi yenidən formalaşır: “Dünyada müntəzəm olaraq kimsə meydan oxumaq cəhdi ilə çıxış edir. Belə bir vaxtda Türkiyədə siyasi iradəyə sahib iqtidarın olması şərtdir”.
R.T.Ərdoğanın sözlərinə görə, indi Türkiyənin güclü olmaqdan başqa yolu yoxdur: "Üstəlik, bu ancaq bizə yox, bütün dünyaya lazımdır".
Prezident xatırladıb ki, Türkiyə Qarabağdan Liviyaya qədər haqsızlıqların hökm sürdüyü hər yerdə ədaləti bərpa edə bilir: "Biz həm Rusiya, həm də Ukrayna ilə danışa bilən nadir dövlətik. Bəzilərindən fərqli olaraq Türkiyə hakimiyyəti “Qarabağda nə işimiz var?” demədi.
Biz bəzilərindən fərqli olaraq hər kəsə onların eşitmək istədiyini demədik. Ona görə indi xalqımızın qarşısına üzüağ, alnıaçıq çıxa bilirik”.
Onun fikrincə, hazırda Qərbin durumu yaxşı deyil.