Aprelin 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasının gündəliyində Rusiyaya köçürülən Ukrayna vətəndaşlarının, xüsusən də uşaqların vəziyyəti, təbii fəlakətlərin qarşısını almaq üçün siyasi strategiyalar da daxildir.
Avropalı parlamentarilər “Rusiya Federasiyasına və ya Rusiya Federasiyasının faktiki nəzarəti altında olan Ukrayna ərazilərinə məcburi və ya sadəcə köçürülmüş ukraynalı mülki şəxslərin, xüsusən də uşaqların vəziyyəti”nə dair müzakirələr aparacaqlar. Ukraynanın birinci xanımı Olena Zelenskaya müzakirələrə onlayn qatılacaq.
Assambleya Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən sonra baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üçün siyasi strategiyalar haqqında hesabatı müzakirə edəcək.
Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair cari məsələlərlə bağlı müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq.
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2022-ci il üçün fəaliyyət hesabatını təqdim edəcək, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç parlamentarilərin suallarını cavablandıracaq.
Yaz sessiyasında planlaşdırılmış müzakirələrin siyahısına ictimai səhiyyə ilə bağlı fövqəladə hallar zamanı çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşmanın zəruriliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və milli konstitusiyaların icrasına dair mövzular da daxildir. Müzakirələr arasında gənclər və media, eləcə də beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunmasına dair mövzular da yer alır.
Assambleya demokratiya statusu üçün tərəfdaşlığının fəaliyyətini qiymətləndirəcək və San-Marinonun Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsini nəzərdən keçirəcək.
Avropa Sarayının müzakirələr palatasında aparılan təmir işləri ilə əlaqədar AŞPA-nın bu plenar iclası Avropa Parlamentinin müzakirələr palatasında keçiriləcək.