Fransanın Strasburq şəhərindəki Avropa Şurasının mənzil-qərərgahında qurumun Yerli və Regional Hakimiyyətlər Konqresi öz işinə başlayıb.
NUHÇIXAN Avropa Şurasının rəsmi portalına istinadən xəbər verir ki, sessiyanın plenar iclasında “Avropa regionları və bələdiyyələrində miqrant və məcburi köçkünlərin uğurlu və uzunmüddətli inteqrasiyasında səsvermə hüququ” adlı məsələ müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, səsvermə hüququ insan hüquqları daxilində çox mühüm əhəmiyyətə malikdir. Məsələyə məcburi köçkünlər kontekstindən baxıldığında bu, miqrantlara olan yanaşmadan bir qədər fərqli vəziyyətdir. Anar İbrahimov diferensial yanaşmanın, lazım gəldikdə isə birmənalı qiymətləndirmənin vacibliyini vurğulayıb.
O deyib: “BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, dünyadakı 25 milyon məcburi köçkündən 5 milyonu Avropa Şurasına üzv dövlətlərin payına düşür. Bu bütövlükdə demokratiya, insan hüquq və azadlıqlarından danışan Avropa Şurası üçün də utancvericidir”.
Natiq Ermənistan tərəfindən Azərbaycanın 1990-cı illərin əvvəllərində işğal edilmiş ərazilərindən zorla qovulan 1 milyondan çox azərbaycanlı məcburi köçkünün də probleminə toxunub. Sonda inteqrasiya prosesərini önə çəkməklə təklif edib ki, problemin əsl həlli bütün məcburi köçkünlərin daimi yaşayış yerinə qayıtmaq haqqının tanınması və onların vətənlərində təhlükəsiz və layiqli yaşamının təmin edilməsidir.
Azərbaycan nümayəndə heyəti, bu məqsədlə müzakirə olunan sənədə düzəliş təklifi irəli sürüb. Təklif səs çoxluğu ilə (119 leyhinə, 4 əleyhinə,8 bitərəf) dəstəklənib. Qəbul olunan tövsiyyə Avropa Şurasının Nazirlər Komitəsinə təqdim olunacaq.
Sessiya öz işini noyabr ayının 8-də başa vuracaq.
Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi qitənin yerli və regional orqanlarının nümyəndələrinin daimi orqanıdır və iki palatadan: Yerli Hakimiyyətlər və Regionlar Palatasından ibarətdir. Qurumdakı Azərbaycan nümayəndə heyəti 6 üzvlə təmsil olunur. Konqresdə Naxçıvan Muxtar Respublikasını Ali Məclisinin iki deputatı, bələdiyyələrindən isə bir nümayəndə təmsil edir.