Naxçıvanın Bakıdakı nümayəndəliyində akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, əvvəlcə daimi nümayəndəliyin rəhbəri Fəxri xiyabana gələrək, daimi nümayəndəliyin kollektivi adından müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül-çiçək dəstəsi qoyub.

Azərbaycanın Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyub, böyük alimə hörmət və ehtiramı ifadə edib.

Sonra daimi nümayəndəliyin kollektivinin iştirakı ilə oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın və ümummilli liderimiz Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra akademik Zərifə Əliyevanın həyat yoluna və elmi yaradıcılığına həsr edilmiş “Əsl alim, qayğıkeş ana, sevimli həyat yoldaşı” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov vurğulayıb ki, 2023-cü il Azərbaycan xalqının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli liderimiz Heydər Əliyevin və onun ömür-gün yoldaşı, Azərbaycan elminin parlaq simalarından biri, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin geniş və təntənəli şəkildə qeyd olunması ilə əlamətdardır. O, Prezident İlham Əliyevin ötən il noyabrın 3-də “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı barədə məlumat verib.

Bəxtiyar Əsgərov unudulmaz elm xadimi, görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edib. Bildirilib ki, hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət və siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər ona görə ki, ölkəmiz bu sahələrdə bir çox istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin, cazibəli həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir.

Qeyd olunub ki, Zərifə xanım valideynlərinə layiqli övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. O, Ulu Öndər Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı deyil, həm də mənəvi dayağa və əsl dosta çevrilmişdi.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən söz açan daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı və böyük şəxsiyyət Heydər Əliyevin xanımı olmaq məsuliyyətini həmişə şərəflə daşıyan akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olub. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapıb. Böyük alimin bütün ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır. Prezident İlham Əliyev böyük alimin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Azərbaycanın birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva isə tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın elmi-tibbi sahədə müstəsna xidmətlərindən və xatirələrindən danışarkən qeyd edib: “İlk qadın oftalmoloq Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkəmizdə ilk dəfə peşəkar göz patologiyası laboratoriyası yaradılmışdır”.

“Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi”,- deyən Bəxtiyar Əsgərov həmçinin vurğulayıb ki, adı hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənən akademik Zərifə xanım Əliyeva bu gün də insanların qəlbində gözlərə işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır, yaşayacaq. Onun haqqında çoxlu məqalələr, kitablar, şeirlər yazılıb və bundan sonra da yazılacaq. Akademik elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaqdır.

Tədbir digər çıxışlarla davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: