Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türkiyədəki zəlzələ bölgəsində vacib layihələr həyata keçirmək istəyir
Azərbaycan Türkiyədə zəlzələ baş verən bölgədə önəmli layihələr həyata keçirmək istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Türk”ə müsahibəsində bildirib.
Zəlzələ baş verən andan dünya ölkələrinin Türkiyəni tək qoymadığını söyləyən Rəcəb Tayyib Ərdoğan deyib ki, onlar ilk andan bizimlə oldular: “Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.
Türkiyə Prezidentinin sözlərinə görə, bütün dünyadakı türk vətəndaşları əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsiblər: “Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”.