Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.
NUHÇIXAN xəbər verir ki, məktubda Dan-Viqqo Berqtun Dünya Veteranlar Federasiyasının oktyabrın 16-19-da Bakıda keçirilmiş tədbirlərdə iştirak edən nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq edir. Dan-Viqqo Berqtun Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyinə həsr olunan tədbirlərin, xüsusilə də Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının onda dərin təəssüratlar yaratdığını bildirir, bunun Dünya Veteranlar Federasiyasının üzvləri üçün yaxşı nümunə olduğunu vurğulayır.
“Bu, Azərbaycana ilk səfərim idi və mən bu səfərdən olduqca məmnun qaldım. Bakıda hökm sürən sabit, xoş mühit məndə çox yaxşı təəssürat yaratdı”, - deyə Dan-Viqqo Berqtun məktubunda qeyd edir.
Xatırladaq ki, Dünya Veteranlar Federasiyasının nümayəndə heyəti ötən ay Bakıda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə, “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.