Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət ediblər - FOTOLAR
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev Muzeyini ziyarət ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə kollektiv Ümummilli Liderin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, abidə önünə gül qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Muzeylə tanışlıq zamanı, İdarənin kollektivinə Ulu Öndərin adını daşıyan muzeyin yaradılması və nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar sərgilənir. Azərbaycanın dahi şəxsiyyətinin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, muxtar respublikaya rəhbərlik etdiyi illər və müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü zəngin materiallarla nümayiş etdirilir.
İdarənin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub, dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.