"Naxçıvanda olduğuma görə çox şadam, çünki bu diyara mənim ilk səfərimdir. Heydər Əliyev Muzeyini ziyarət etdiyim üçün də çox şadam. Bu dahi şəxsiyyəti görmədiyim üçün çox təəssüflənirəm. Çex Respublikasının ilk prezidenti Vatslav Qavelin Heydər Əliyevlə birgə ötən əsrin 90-cı illərində çəkilmiş fotoşəklini xatırlayıram. Məhz həmin dövrdə Azərbaycan və Çex Respublikaları arasında mövcud olan əlaqələr yüksələn xətlə inkişaf etdi. Hər iki dövlət başçısı yaxşı siyasətçi, diplomat idi".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvanda olan Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek jurnalistlərə verdiyi müsahibədə səsləndirib.
"Bu il həmçinin Çex Respublikası ilə Azərbaycan arasında mövcud olan diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. Bununla bağlı böyük hazırlıq işləri görülür, bir sıra tədbirlər həyata keçirilir. Cənab Heydər Əliyevin doğma vətənində olduğum üçün çox şadam. Əvvəldə də qeyd etdiyim kimi, ilk dəfədir ki, Naxçıvana gəlirəm. Şəhərinizin səliqə-sahmanına, təmizliyinə, möhtəşəmliyinə heyran oldum. Ümid edirəm ki, günün davamında görəcəklərim məndə daha da gözəl təəssüratlar yaradacaq".