Heydər Əliyev və bütöv Azərbaycan məsələləri

A- A A+

Bildiyimiz kimi, 2022-ci il "Şuşa İli" elan olundu. Bunun ardınca Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Bunlardan sonra ölkə Prezidenti yeni sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Bu, eyni milli-mənəvi hərəkat daxilində məntiqi ardıcıllıqla bir-birini tamamlayan hadisə oldu. Bu addımlar göstərir ki, Prezidentin imzaladığı son sərəncamlar öz ətrafında ümummilli məfkurə ruhunu, azərbaycançılıq ideologiyasının prinsiplərini birləşdirir.

Ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırıb, onun əsasında vətəndaş həmrəyliyi və ümumxalq birliyi yaratmağa nail olubdur. Ulu öndərin hələ Sovet hakimiyyətinin hakimi-mütləq olduğu bir dövrdə böyük amallarından biri bütöv Azərbaycanı qurmaq, yaratmaq olub. Onun üçün ən böyük vəhdət ərazi birliyindən də əvvəl, mədəni və mənəvi birliyə nail olmaq idi. Heydər Əliyevin Cənubi Azərbaycan mövzusuna həssaslığının mayası bu amaldan qaynaqlanırdı.

Bütöv Azərbaycan ideyası, Türkmənçay müqaviləsi əsasında ikiyə bölünmüş vətən torpağı – böyük Azərbaycan problemi bütün ömrü boyu böyük dövlət xadimini düşündürüb. Təsadüfi deyildir ki, Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsindən az sonra verdiyi müsahibədə bu vətənə rəhbərlik etdiyi, inkişafına çalışdığı keçən əsrin 70-ci illəri haqqında bəhs edərkən demişdir ki, “son illərdə bir arzum var: Cənubi və Şimali Azərbaycan əlaqələri güclənsin, onlar yaxınlaşsınlar və gələcəkdə birləşsinlər”.

Onu da qeyd etmək lazımdır ki, ulu öndərin Azərbaycanda Mərkəzi Komitənin I katibi seçildiyi vaxtdan az sonra, yəni  1970-ci ildə hesablamalara görə Azərbaycanda 5000-ə qədər siyasi mühacir qeydə alındı. Respublika rəhbərinin göstərişi ilə hər il 21 Azər Günü dövlət səviyyəsində qeyd edilməyə başlandı. Onların firavan həyat sürməsinə, cəmiyyətə inteqrasiya olmasına diqqət və qayğı artırıldı. Yeri gəlmişkən, ulu öndərin bu sahədəki cəsarətli addımlarından biri də  Cənubi Azərbaycanda yaşayan gənclərin Azərbaycan SSR-in ali və orta ixtisas məktəblərində təhsil almalarına çalışmasından, böyük iradə və inadla bu məsələni gündəliyə gətirib onun müzakirəsini keçirməsindən ibarət olub. Azərbaycan KP MK bürosunun 1981-ci il 2 iyun tarixli iclasında “Azərbaycan millətindən olan iranlıların Bakı şəhərində ali məktəblərə təhsil almaq üçün qəbul edilmələri barədə” məsələ müzakirə olundu. Müzakirə zamanı çıxış edən Heydər Əliyev məsələnin çox ciddi əhəmiyyət daşıdığını bildirdi. Həmin iclasda cənublu gənclərin təhsilini təşkil etmək üçün üç maddədən ibarət qərar qəbul edildi. Prof. Musa Qasımlının qeyd etdiyi kimi, Sovet sistemi şəraitində yaranmış imkandan istifadə edərək qəbul olunmuş qərar Cənubi azərbaycanlıların maraqlarına tamamilə uyğun idi. Bundan sonra onların nümayəndələri tədricən Azərbaycana təhsil almağa gəlməyə başladılar. Lazımi şərait yaradıldı, yataqxana və təqaüdlə təmin edildilər. Həmin gənclərin Azərbaycanda təhsil almaları, xalqın sosial-iqtisadi və mədəni sahədə qazandıqları uğurları əyani görmələri milli şüurun, müstəqillik, Vahid Azərbaycan ideyalarının güclənməsinə kömək edirdi.

Milli dünyagörüşlü dövlət rəhbəri kimi Heydər Əliyev, bütöv Azərbaycanın ümummilli lideri səviyyəsinə yüksəlmişdi. Ona görə böyük dövlət xadimi Cənubun problemlərinə biganə qalmadığı kimi, Cənubi Azərbaycanın mədəniyyət və ədəbiyyat adamları da böyük şəxsiyyəti sevir, onu tərənnüm edirdilər. Heydər Əliyev haqqında ilk şeiri də cənublu şair Bulud Qaraçorlu Səhəndin yazması təsadüfi deyildi. 1974-cü ildə qələmə alınmış şeirdə o, dağlar boyda ağır dərdi olan Təbrizdən, ana vətənin dərdlərindən bəhs edir, bu vətənin, millətin böyük rəhbərə “göz dikməsindən”, sonsuz ümidlər bəsləməsindən böyük məhəbbətlə söz açır. Məktub formasında yazılmış şeir “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” adlanır:

Hər ağır dəhşətə mən dözə-dözə,       
Məsləkdaş, vətəndaş deyibən gəldim.
Ürək sandığını açmaqçın Sizə 
Səfər yarağımı geyibən gəldim.
İstərdim Bakıda SƏN də olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,      
Heyf ki, görüşmək qismət olmadı.      
Bisütunlar çapdım mən Fərhad təkin,         
Ancaq ki, su gəlib arxa dolmadı.

Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışam Sənlə
Bir məsləkdaş kimi, bir yoldaş kimi   
Söz-söhbət açaydım ana Vətəndən.

Cənublu Xalq şairimiz Söhrab Tahirin yaradıcılığında da Heydər Əliyevin obrazı mühüm yer tutur. Bu baxımdan şairin 1972-ci ildə Heydər Əliyevə ünvanlayıb oxuduğu “Birinci”  şeiri diqqəti cəlb edir:

Düşünən bəşəri qoca dünyanın,

Hərlənən təkəri birincilərdir.

Güllə sıхımının asan hədəfi

Filin yük çəkəri birincilərdir...

Birinci intihar, birinci ölüm,

Birinci ölümün ağzından dönüm.

Ömrün gödəkliyi, yolun təkliyi,

Böhtan kələfçəsi, yalan yumağı,

Başının üstündə dövrün çomağı

Birinci olmağın yol yoldaşıdır.

Birinci dünyanın vətəndaşıdır.

Söhrab Tahirin böyük şəxsiyyət haqqında qələmə aldığı  digər bir şeiri də "Yaxşılıq" adlanır. Bu şeirdə ulu öndərin şəxsiyyəti, fəaliyyəti, xeyirxahlığı, nəcib əməlləri vəsf edilir. Şair qeyd edir ki, bu millətin gələcəyi üçün görülmüş işlər, “yaxşılıqlar”, o tay bu tay fərqi yox, bütöv Azərbaycan miqyasında özünü göstərir:

Mən rəhbərdən çox yaxşılıq görmüşəm,

Verdiyindən hamıya pay vermişəm.

Yaxşılıqdan qızıl saray hörmüşəm,

Qal baxtımın sarayında, yaxşılıq,

O tayımda, bu tayımda yaxşılıq.

Şair Söhrab Tahirin xatirələrində ümummilli lider Heydər Əliyevin 1981-ci ildə, Şüvəlanda yazıçıların yaradıcılıq evinin açılışında söylədiyi cəsarətli fikirlər müdrik rəhbərə sevgi hissilə təsvir edilir: “O vaxt Heydər Əliyevlə aramızda çox maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə, mərhum prezidentimiz dedi ki, niyə özünü qərib hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı düşmüşük, ürəyimiz nisgillə doludur. Cavab verdi ki, onun günahı burada oturan şair və yazıçılardadır. Siz niyə o taydakı şair və yazıçıların əsərlərinin burada, bu taydakı şair və yazıçıların əsərlərinin o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz? Nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər həm o tayda, həm də bu tayda dediyim kimi çap olunarsa, hər iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr daha da genişlənər və heç kəs özünü burada qərib hiss etməz. Şair, sən öz evindəsən. Biz bir ata-ananın övladlarıyıq. Ona görə də sən burada özünü qərib hiss etmə. Bu sözlər zalda gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev üzünü mənə tutub “Şair, davam elə” – dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs, bildiyiniz kimi Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü kəsib dedi: “Şair, dayan! Niyə deyirsən ki, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb?”. Zala da dərin bir sükut çökmüşdü. Belə bir vəziyyətdə qorxa-qorxa soruşdum: – bəs nə deyim, yoldaş Əliyev? Qayıtdı ki, de, Azərbaycan imperialist qüvvələrin günahı üzündən iki yerə parçalanıb. Bu sözdən sonra zalda bir anlıq çaşqınlıq yarandı. Çünki heç kəs gözləmirdi ki, Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri, yəni İran və Rusiyanı adı ilə deyəcək və birdən sanki nə baş verdiyini zaldakılar anladı. Zalda bir alqış qopdu ki, gəl görəsən. Heydər Əliyev düz 15 dəqiqə zaldakıları sakitləşdirə bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Sovet dövründə ilk dəfə idi ki, yüksək tribunadan Cənubi Azərbaycan məsələsi qaldırılırdı”.

Qeyd etmək lazımdır ki, 1979-cu ildə İranda baş verən inqilab və yeni təşkil olunan İran İslam Respublikası illər boyu milli haqq və hüquqları tapdanan cənublu qardaş və bacılarımızda bir ümid işığı yaratdı. İlk vaxtlar millətlərin ana dilinə diqqət artırıldı, qəzet və məcmuələrin nəşrinə icazə verildi. Ona görə SSRİ rəhbərliyi də İrana münasibətdə xarici siyasətdə bəzi dəyişmələrə getdi. Bu məqamda Cənubi Azərbaycan amili xüsusilə mühüm rol oynadı. Yeni yaranmış şərait ulu öndərə sanki qanad verdi, yeni dövlət siyasətinə əsaslanaraq bütöv Azərbaycanın mənəvi birliyini yaratmaq, təmin etmək məram və məqsədini öz üzərinə götürdü. O, İran, Cənubi Azərbaycan üzərində SSRİ-nin təsirinin güclənməsi amilindən istifadə edərək bu möhtəşəm tədbirləri mərhələ-mərhələ həyata keçirməyə başladı. Ona görə də Heydər Əliyevin rəhbərliyi ilə (təbii ki, Moskvanın razılığı ilə) Azərb.KP MK-nın 15 iyul 1980-ci il tarixdəki büro iclasında İran İslam Respublikasına informasiya-təbliğat işinin gücləndirilməsi haqqında qərar qəbul edildi.

Ulu öndər Azərbaycan Yazıçılar İttifaqının 1981-ci ildə keçirilmiş VII qurultayındakı çıxışında Cənub məsələsi kimi həssas məsələyə münasibət bildirib və yazıçılar ittifaqı qarşısında duran mühüm vəzifələri bəyan edib: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubdan olan ədəbiyyatçılar da məhsuldar işləyir. Yazıçılar İttifaqı rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”. Bu tezislərin işığında səksəninci illərdən etibarən elmi-ədəbi mühitdə Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atıldı.

Ulu öndərin bütöv Azərbaycana, türk dünyasına diqqət və qayğısı böyük mütəfəkkir Hüseyn Cavidə münasibətində də özünü göstərir. Onun nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi sovet sistemində xeyli çətin, mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev bu tarixi missiyasını böyük uğurla başa çatdırdı. Xalq şairi N. Həsənzadə xatirələrində yazır ki, ulu Cavidin məqbərəsinin yeri məsələsində ulu öndər Naxçıvan şəhərini daha uyğun hesab etdi. O dedi ki, Naxçıvan yaxşıdı ki, qoy Təbrizdən gələnlər onu ziyarət edib getsinlər. Deməli, bütövlük anlayışı Heydər Əliyev üçün ən müqəddəs dəyərlərdən biri idi, vahid Azərbaycan idealı da onun bütöv, bölünməz gördüyü amalların sırasında idi. 

Həmin dövrdə Heydər Əliyev Cənubi Azərbaycan şairi, Milli hökumət zamanında böyük işlər görmüş Balaş Azəroğlunun anadan olmasının 60 illiyinin qeyd olunması haqqında sərəncam imzaladı. Onu Azərbaycan Yazıçılar İttifaqında cənub ədəbiyyatı üzrə katib təyin etdi(1981). Elə həmin ildə onu “Xalqlar dostluğu” ordeni ilə təltif etdi. Onun bu mövqeyi digər cənublu yaradıcı adamlara da stimul verdi.

Heydər Əliyev Sərabda doğulmuş Xalq yazıçısı M.İbrahimovun (1911-1993) ədəbi-bədii və ictimai-siyasi fəaliyyətini də yüksək qiymətləndirib. O, yazıçının “Gələcək gün” romanı haqqında deyirdi: “Gələcək gün” Cənubi Azərbaycanda inqilabi hərəkat haqqında,  xalqın öz milli və sosial quruluş  uğrunda  mübarizəsi haqqında inandırıcı, yüksək səviyyədə yazılmış qədim hekayətdir”. Ulu öndərin  təqdimatı ilə Xalq yazıçısı M.İbrahimova “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı (1981) verilib. 1965-1974-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində işləyən Mirzə İbrahimov az sonra daha mühüm bir posta -Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri (1977) vəzifəsinə təyinat aldı. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda M.İbrahimovun təşəbbüsünü nəzərə alaraq Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaradıldı. Bütün bunlarla ulu öndər şair və yazıçıları Cənubi Azərbaycan mövzusuna yönəltdi, onlara maddi və mənəvi dəstək verdi.

Heydər Əliyev bu dövrdə Şəhriyar və Səhənd ilə əlaqə yaradılmasına göstəriş vermişdi. Onun tapşırığı ilə Süleyman Rüstəm, Məmməd Rahim Şəhriyarla məktub vasitəsilə əlaqə saxlayırdı. Eyni zamanda B.Vahabzadə, N.Xəzrinin Səhənd və Şəhriyar ilə telefon söhbətləri təşkil olunmuşdu.

1981-ci ildə o taylı, bu taylı bütöv Azərbaycanın ulu şairi M.Şəhriyarın “Aman ayrılıq” kitabı nəfis şəkildə nəşr olundu. Heydər Əliyevin Şəhriyar sevgisinin digər bir faktı da ondan ibarətdir ki, dahi şəxsiyyət vaxtilə ona ünvanlanan 21 sualın içində yer alan "ən sevdiyiniz şair kimdir" sorğusuna Şəhriyarın adını çəkərək cavab verib. O, Şəhriyarın ədəbi irsini daim yüksək qiymətləndirib, onu böyük vətənpərvərlik duyğularının tərənnümçüsü olan filosof şair, "Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zənginləşməsində böyük rol oynayan" dəyərli söz ustası adlandırıb.

Sonralar ulu öndər Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si ilə bağlı 1997-ci ildə imzaladığı ta­rix­i sə­rən­ca­mla bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rdi.

Cənubi Azərbaycanın tanınmış şairlərindən biri də Məhəmməd Biriya idi. Milli hökumət dövründə maarif naziri olmuş Biriya da 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi. Lakin ülvi hisslərlə, milli duyğularla yaşayan şair sovet dövlətindəki haqsızlıqları görərkən etiraz edib, yenidən vətəninə qayıtmaq istəyib. Elə bu səbəbdən onu həbs ediblər. Keçən əsrin əllinci illərinin sonlarında Heydər Əliyev onun cəzasının yüngülləşdirilməsinə çalışdı. Böyük dövlət xadimi sonralar bu hadisəni xatırlayaraq yazırdı ki, “Cənubi Azərbaycanın böyük şairi var idi – Məhəmməd Biriya Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1950-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən respublika DTK-da işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim. Biriya ilə görüşdüm, onu Bakıya gətirdim... Çox böyük şair idi”...

Göründüyü kimi, Heydər Əliyev hələ sovet rejimi dövründə Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoyub, qarşılıqlı münasibətlərin möhkəm təməlini atıbdır.

Böyük dövlət xadiminin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra dünya azərbaycanlılarına münasibətdə baxışları dövlət siyasətinə çevrildi. Ulu öndər Dünya azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayındakı (9-10.11.2001) məruzəsində cənub probleminə də toxundu. E.Akimovanın da qeyd etdiyi kimi, “milli həmrəyliyimizin nümayişinin ən yaddaqalan  tədbirlərindən olan bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır”.

Cənubi Azərbaycanda, İranda yetişmiş milli düşüncəli görkəmli elm və mədəniyyət adamlarından biri də doktor Cavad Heyətdir (1925-2014). Ulu öndər Cavad Heyətin vətənpərvərliyinə böyük dəyər verirdi, ona böyük hörmətlə yanaşırdı, müstəqillik illərində onu tez-tez Azərbaycanda keçirilən tədbirlərə dəvət edirdi. C.Heyət 1993-cü ildə İran İslam Respublikasının Qarabağa yardım komitəsinin sədri təyin olunmuşdu. Ulu öndər ikinci dəfə hakimiyyətə gəldiyi ilk illərdə, dəqiq desək, 26 mart 1994-cü il tarixdə bu münasibətlə böyük vətənpərvər ziyalımızı qəbul edib. Səmimi keçən görüş zamanı Heydər Əliyev “Siz fəaliyyətinizlə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın genişlənməsinə çalışırsınız. Müəyyən tarixi dövr istisna edilməklə ölkələrimiz həmişə bir yerdə olmuşdur. Əminəm ki, iki qonşu dövlət arasında mehriban dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq davam edəcəkdir” deyib. Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda dövlət səviyyəsində 1995-ci ildə C.Heyətin anadan olmasının 70 illiyi qeyd olunmuş, yubiley tədbirində Heydər Əliyevin təbrik məktubu oxunmuşdur. 2005-ci ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində C.Heyətin 80 illiyi qeyd olunmuş, görüş zamanı böyük vətənpərvər Prezidentə qəbul üçün minnətdarlıq etdikdən sonra demişdir: “Mən hər dəfə Heydər Əliyevə deyəndə ki, ən böyük arzum budur ki, Qarabağ torpağını birlikdə öpək, qucaqlayaq, o cavabında: “biz o günü görəcəyik” deyirdi”.

Heydər Əliyev Şimali və Cənubi Azərbaycanın gələcəkdə birləşəcəyinə böyük inam bəsləyirdi. Prof. Musa Qasımlının qeyd etdiyi kimi, Heydər Əliyev Bakıya cənuba təsir edən milli mərkəz kimi baxması, Vahid Azərbaycan, Bütöv Azərbaycan şüarını təşviq etməsi, cənubla bağlı ziyalıları düşündürən problemləri özü qaldırması ilə Bütöv Azərbaycan xalqının liderinə çevrildi. 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin dünya azərbaycanlılarına münasibətdə baxışları dövlət siyasətinin əsasını təşkil etdi.

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun

baş direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: